Koronavirusun ilkin əlamətlərini özündə hiss edən şəxsin birinci atacağı addım test verməkdir. Amma son günlər insanlar nədənsə test verməkdən imtina edir, təxminlərlə onlardakı virusun koronavirus, yoxsa mövsümi qrip olduğunu “müəyyən” etməyə çalışırlar. “Onsuz da həkim eyni şeyi yazacaq” deyib, qohum-qonşunun istifadə etdiyi müalicə metodlarından, sistemlərdən, antobiotiklərdən tətbiq etməyə başlayırlar.
Bununla da həm müalicə edəcək həkimin işində, həm də diaqnozun dəqiq qoyulmasında bəzi çətinliklər yaranır. Hətta bəzi hallarda gecikdirilmə səbəbindən xəstənin həyatını xilas etmək də mümkünsüz olur.
Həkim-infeksionist Nəzrin Mustafayeva Modern.az-a bildirib ki, özündə hər hansı respirator əlamət hiss edən şəxslər mütləq şəkildə COVID-19 testi verib, diaqnozlarını aydınlaşdırmalıdı.
Onun sözlərinə görə, müalicəyə başlanması üçün şəxsin ilk növbədə, koronavirusa yoluxub-yoluxmadığını bilmək önəmlidir:
“Ola bilər ki, şəxs koronavirusa deyil, mövsumi qripə yoluxub. Bunun aydınlaşması üçün ilkin test yoxlanması önəmlidir. Bir neçə gündən sonra vətəndaşın vəziyyətində ağırlaşma ola bilər, xəstəlik daha da irəliləyə bilər. Bu zaman hətta test versə belə, artıq bir müddət keçdiyi üçün cavabın neqativ göstərmə ehtimalı var. Belə olan halda, həkimin hansı xəstəliyə görə müalicə tətbiq etməsi də çətinləşir. Bu həm həkimi, həm də xəstəni yanıldır. Bununla da koronavirusa qarşı müalicə gecikə bilər. Test vermək ilk olaraq buna görə vacibdir”.
Həkim-infeksionist ikinci tərəfdən ona görə test verilməsinin tərəfdarıdır ki, vətəndaşlar keçirdikləri xəstəliyin nə olduğunu dəqiqləşdirsinlər:
“Əgər vətəndaş mövsumi qripə yoluxarsa, bunun sağalma müddəti 5-7 gündür. Bu müddət bitdikdən sonra onlar normal həyatlarına qayıda bilərlər. Amma koronavirusa yoluxan şəxs ətrafı üçün daha uzun müddət, yəni iki həftə təhlükəlidir, yoluxdura bilər. Buna görə özlərini ətrafdakılardan, ailə üzvlərindən qorumaq məqsədi ilə test verib, xəstəliyi dəqiqləşdirməlidilər”.