Modern.az

Çörək bahalaşandan sonra menyuda onu azaldanlar varmı? - Baş redaktor çörək yemir, deputat isə əksinə

Çörək bahalaşandan sonra menyuda onu azaldanlar varmı? - Baş redaktor çörək yemir, deputat isə əksinə

Ölkə

11 Yanvar 2022, 08:59

Məlum olduğu kimi, ötən həftə Azərbaycanda çörəyin qiyməti bahalaşıb və bu, rəsmi olaraq təsdiqlənib: 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik. Bahalaşmadan sonra sosial şəbəkələrdə bəziləri gündəlik qida rasionunda çörəyi və un məmulatlarını azaltdığını bildirir, digərləri çörəksiz heç bir yeməyi yeyə bilmədiyini qeyd edir.


Modern.az-ın əməkdaşı ictimaiyyət nümayəndələri ilə belə sorğu keçirib: indi də əvvəlki qədər çörək istehlak edirsizmi?


Deputat Kamilə Əliyeva əvvəlcə çörəyin qiymətinin bahalaşmasından danışıb, deyib ki, bu qaçılmaz idi:

 


“Bilirsiniz ki, dünya bazarında buğdanın qiymətində artım müşahidə olundu və ancaq bunun təsiri ilə Azərbaycanda un məmulatlarının qiyməti qalxdı.
Çörəyin qiymətinin artması ilə əlaqədar gündəlik menyumuzda çörək və un məmulatlarını azaltmamışıq. Düşünürəm ki, hər bir ailənin çörəyə nə qədər tələbatı varsa, qiymətdən asılı olmayaraq, o qədər çörək istehlak edir. Çörək müqəddəsdir və qiymət artımı olsa da, olmasa da bu neməti israf etmək düzgün deyil. Biz bunu tələbatımıza uyğunlaşdırdığımıza görə, qiymət artımından əvvəl neçə çörək alırdıqsa, indi də eyni qədər çörək istehlakına davam edəcəyik”.


Deputat Razi Nurullayev də gündəlik qida rasionunda çörəyi azaltmayıb:
 

 

“Yox, biz çörəyi azaltmamışıq və inanmıram ki, kimsə də azaltsın. Belə baxanda, insanın doyması üçün nə qədər bahalaşsa da, yenə ən ucuz olan elə çörək məmulatıdır. Çörəyi düyü əvəz edə bilər, amma o daha baha başa gəlir.


Azərbaycan insanları qarınlarını əsasən çörəklə doyururlar. Çörək, şor, pendir və çay. Vətəndaş çörəyi necə azaltsın? Çörəyi əvəz edən daha ucuz nə isə varmı? Onun üçün də hamı çörəyi əvvəlki qədər alır, sadəcə ola bilsin, israfçılığa yol vermir. Son tikəsinə qədər yeyir.
Bizim ailə nə çörək yeməkdə, nə süfrədə başqa ailələrdən fərqlənmir. Bəlkə fərqimiz az yeməyimizdədir, onu da artıq çəki almamaq üçün edirik. Amma çörək almağa qənaət edirik, az qala acından ölürük də demirik”.


Kinorejissor, Xalq artisti Əbdül Mahmudov: 

 


“Biz menyudan çörəyi azaltmamışıq. Niyə azaltmalıyıq? Çörək Azərbaycan xalqı üçün müqəddəsdir, biz çörəyə and içirik. Çörəyin qiyməti bahalaşdırılmamalı idi. Əgər büdcədə pul yoxdursa, xalqı çapıb-talayan məmurların yığdığı sərvətdən təmin edilsin. Çörəyimizin qiyməti dərhal aşağı salınmalıdır”.


Yenisabah.az saytının baş redaktor, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə isə un və un məmulatlarından bahalaşmadan əvvəl imtina edib:

 


“Amma bu kiməsə çörəyin qiymətini qaldırmağa əsas vermir. Azərbaycan kimi kasıb ölkələrdə çörək vacib qida məhsuludur. Çörək kasıb insanların qidalanmasında başlıca rol oynayır. Buna görə də çörəyin qiymətinin qaldırılmasına etiraz edirəm. Şəxsən mənə gəlincə, gündəlik qida rasionuma ciddi təsir göstərməyib. Dedim axı, çörəkdən birmənalı olaraq, imtina etmişəm. Dostlarıma, qohumlarıma da bunu tövsiyə edirəm”.
 

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay ailəsinin çox çörək istehlak etmədiyini vurğulayıb:

 


“Biz ümumiyyətlə, çörəyi çox yemirik. Amma əlbəttə, böyük ailələr var və un həm də qiymət tarazlığı yaradan strateji məhsuldur. Dünyadakı qiymətləri isə biz həll etmirik. Yəni biz də hamı nədən asılıdırsa, ondan asılıyıq”.
 

Tanınmış jurnalist Aida Eyvazlı düşünür ki, çörəyin qiymətini bahalaşdırmaq əvəzinə onun formasını, çəkisini dəyişsələr, bu, insanların cibinə elə də ziyan etməz:


“Məsələn, 300 qramlıq çörəklər istehsal edilə bilər və hər kəs tələbatına, cibinə uyğun çörək alar. Bizdə belə bir misal var: adamı çörəklə imtahana çəkməzlər. Amma ərzağın, qidanın bahalaşması bütün dünya üçün aktualdır. Çörəyin qiymətinin Azərbaycandan da baha olduğu ölkələr var. Sadəcə,  bizdə maaş daha aşağı olduğu üçün bahalaşma tez təsir edir. Yaxşı olardı ki, çörəyin qiyməti olduğu kimi qalardı. Yəqin ki, bu məsələdə narazılığa son qoymaq üçün maaşlar da artırılacaq və balans təmin ediləcək”.  


Psixoloq Gülər Məmmədovanın fikrincə, çörək istehlakı müəyyən normada olmalıdır:

 


“Mənim çörəyə münasibətim hər zaman müəyyən norma çərçivəsində olub. Yəni qida rasionumuzda çörəklə bağlı bir norma müəyyənləşdirmişik. Bu həm də ailəmizin sağlamlığından irəli gəlir ki, belə daha yaxşıdır. İnsan öz sağlamlığının keşiyində durmalıdır və normanı saxlaya bilirsə, çörəyin bahalaşmasını da faciə kimi qarşılamaz. Çörəyin bahalaşması bizim üçün heç bir dəyişikliyə yol açmadı”.
 

Deputat Naqif Həmzəyev
 

 

"Bildiyimiz kimi qlobal bahalaşmalar fonunda Azərbaycanda ərzaq qiymətlərində artım müşahidə olunmaqdadır. Azərbaycan hökuməti bu bahalaşmanın qarşısını almaq üçün zəruri addımlar atır. Çörəyin qiymətinin maksimum həddinin müəyyənləşdirilməsi onu deməyə imkan verir ki, əlavə qiymət artımına şərait yaradılmayacaq. Əksinə, buğda istehsalı zamanı daxili tədarükçülər çox məhsul əldə edəcəkləri təqdirdə və xarici bazarda buğda qiyməti azaldıqda çörəyin də qiymətində ucuzlaşma olacaq.
Mən uzun illərdir ki, veqan olduğumdan (heyvan məhsullarının istehlakını istisna edən vegetarianlığın ən ciddi forması-red.) qida rasionunda heç bir dəyişiklik etməmişəm. Amma artım hər kəsin xərclərinə müəyyən dərəcədə təsir edib, o cümlədən bizim. Çalışmalıyıq ki, bu cür artımlar olmasın. Əhalinin güzəranını yaxşılaşdırmaq üçün hökumət əvvəlki illərdə olduğu kimi yeni sosial paketlər hayata keçirəcək".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi