1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirov dünən 91 yaşında uzun illərdi yaşadığı Moskva şəhərində vəfat edib.
Azərbaycana ən ziddiyyətli və mürəkkəb dövrdə rəhbərlik etmiş Ə.Vəzirovun ölümü onu sosial şəbəkələrdə müzakirə obyektinə çevirib.
Bu müzakirələrdə Əbdürrəhman Vəzirovun həm şəxsi keyfiyyətləri analiz edilir, həm də siyasi xadim kimi xarakterizə olunur. Vəzirova rəhmət oxuyanlar da var, onu lənətləyənlər də...
Modern.az-ın əməkdaşı Əbdürrəhman Vəzirovla bağlı yazılarda vaxtilə onunla bağlı səsləndirilən bir iddianın inkar olunduğunu müşahidə edib. Bu da sabiq 1-ci katibin anası barədə deyilənlərlə bağlıdır. 80-ci illərin sonlarında cərəyan edən hadisələrin iştirakçıları olmuş və prosesləri izləmiş yaşlı nəsil yaxşı xatırlayar: o vaxt belə bir söz-söhbət ortaya atılmışdı ki, Vəzirovun anası erməni milliyətindəndir. O zaman bu iddialar öz rolunu oynamış və Vəzirova "Vəziryan" damğası vurulmuşdu. Meydanlardakı mitinqlərdə onun yarıerməni-yarıazərbaycanlı olduğu söylənilirdi.
Halbuki, Əbdürrəhman Vəzirov əsil-nəcabət etibarı ilə Şuşa xan sarayı vəzirinin nəslindən idi, atasının adı Xəlil, anasının adı Tovuz olan sabiq 1-ci katibin valideynlərinin bütün mənbələrdə saf qanlı Azərbaycan türkləri olduğu yazılıb. Onun atası Şuşadan, anası Füzulidəndir.
Dünənki müzakirələrdə Vəzirovla yanaşı, anası da xatırlanıb.
Əbdürrəhman Vəzirovun qohumu, tanınmış yazıçı-publisist Mehriban Vəzir sabiq 1-ci katibin anası barədə səsləndirilən iddialara cavab verib:
“90-ların axırı idi. AzTV-də işləyirdim, müəllif proqramım vardı, öz işimlə məşğul idim. Yaxamdan tutub meydana çəkdilər, dedilər: çıx efirə, de ki, Vəzirovun anası ermənidi. Dedim: Tovuz xala erməni deyil axı, xalis türk qızıdı. Dedilər ki, bunu öz qohumu desin, olsun bizim adam, adını siyahıya salacağıq, bütün qapılar üzünə açıq olacaq.
O vaxt AzTV-nin sədri Nizami Xuduyev idi, bu təklifi isə mənə sədr müavini rəhmətlik Məmmədəli Zülfüqarov çatdırdı.
İmtina etdim və… o gündən müsibətlərim başladı… əvvəlcə efirdən uzaqlaşdırdılar… sonrasını yazmayım… yazmaq da, danışmaq da asan deyil…
...Çox məmnunam ki, mənim soyumdan olan biri dövlətin və xalqın bir qəpiyinə belə əl uzatmadı… gözütox gəldi, gözütox getdi...”.
Tanınmış telejurnalist İlqar Əlfioğlu da Ə.Vəzirovla bağlı xatirəsini bölüşərkən onun anası barədə iddiaları rədd edib.
“AzTV-də “Dalğa" verilişinin yayımlandığı zaman idi, 88-də Ermənistandan qaçqınlarımız gələndə, o söhbətlərdən qəfil ürəyim tutdu, işdən altı aylıq aralandım. O vaxt verilişlərimi rəhmətlik Nüsrət Kəsəmənli apardı, ruhu şad olsun.
Təcili yardım öz arzumla apardı məni respublika xəstəxanasına, xalam Zümrüd orda işləyirdi, onun şöbəsində yatdım. Ertəsi gün baş həkim gəldi ki, ay İlqar, mənə “leçkomissiya”dan (hökümət üzvlərinə baxan xüsusi xəstəxana-red.) zəng vurublar, Tovuz xanım orda yatır, sənin üçün də, ayrıca palata hazırlatdırıb, tapşırıb ki, İlqarı gətirin bura, müalicəsindən arxayın olaq, dur yığış.
Dedim, ay ağsaqqal, Tovuz xanım kimdi, məni neynəyir?
Dedi ki, tanımırsan, Vəzirovun anasıdır da, orda yatır, getməsən, yaxşı deyil. Amma xalamın yanından hara gedəcəkdim? Amma, baş həkimə dedim ki, palatasının telefonunu versinlər, özü ilə danışım, üzrxahlıq eləyim, saymazlıq olmasın...
Axşam telefon nömrəsini gətirdi, zəng vurdum rəhmətliyə. Xeyli dilə tutdum ki, ay Tovuz xala, vallah mənə bura yaxşıdı, xalamın yanındayam, üzrlu say, Allah qoysa, düzəlim, gəlib dəyəcəm sənə.
Nə isə, yola gətirdim, incimədi. Amma, o vaxtdan sonra bir ay intensiv müalicə aldım, Tovuz xala da, iki-üç dəfə mer-meyvə, xarici dərmanlar göndərdi mənə...
Özünün də, oğlunun da ruhu şad olsun, yaxşı, həssas ağbirçək idi Tovuz xala...
Sonra başım yenə qarışdı işə, bir də, onun yasına gedə bildim. Vəzirov onda Moskvada idi, yasda görüşdük.
Özü mağarda deyildi, məni çağırtdırdı yuxarı, evlərinə, xeyli söhbət elədik rəhmətliklə...”.
İ.Əlfioğlu Ə.Vəzirovun anasının lap əvvəllərdən başına kəlağayı örtürdüyünü, namaz qılıb, oruc tutan türk əsilli qadın olduğunu da xatırladıb.
A.Qorxmaz