"Təbabətdə 3-4 dəfə müxtəlif infeksiyalara qarşı (hepatit B, difteriya, göy öskürək, tetanus və s.) peyvəndlərin təhlükəsiz istifadə olunması təcrübəsi var".
Bu fikirləri Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, baş infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, hazırda ölkəmizdə COVID-19-a qarşı 3-cü buster, yəni gücləndirici dozanın vurulması tövsiyə edilir:
“Bəzi ölkələrdə isə artıq 4-cü dozanın da risk qrupuna daxil olan insanlara vurulması yönündə tövsiyələr mövcuddur. Aparılmış vaksinasiya hallarından sonra immunitetin daha da güclənməsi müşahidə edilir”.
T.Eyvazov hələlik 4-cü dozanın yan təsirlərilə bağlı məlumatların tam təsdiqlənmədiyini açıqlayıb:
“Yalnız bəzi alimlər qısamüddətli fasilələrlə tez-tez peyvəndləmənin immun sistemində müəyyən çatışmazlığı olan şəxslərdə mənfi nəticələrə səbəb olacağı haqqında fikir yürüdürlər. Lakin bu günə qədər bunun elmi təsdiqi yoxdur”.
Qeyd edək ki, İsrailin Şeba xəstəxanasında aparılan araşdırma zamanı peyvəndin 4-cü dozasının koronavirusun “Omicron” variantına qarşı kifayət qədər qoruyucu olmadığı məlum olub. Bundan əlavə, tez-tez peyvənd edilmənin immunitet sisteminin mübarizə qabiliyyətini zəiflədə biləcəyi də vurğulanıb.