Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.
Əməkdaşımız bu dəfə Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun harada olduğunu öyrənməyə çalışıb.
Rubrikamızın Tağı müəllimi gündəmə gətirməsi təsadüf deyil, çünki 1 fevral tarixi onun doğum günüdür. Bu gün Tağı Əhmədovun 74 yaşı tamam olub.
Yəqin ki, builki 1 fevral tarixi Tağı Əhmədov üçün xoş ab-hava ilə assosiasiya olunmur. Çünki ad günündə təbrik qəbul etməli olan Tağı müəllimin səsi-sədası evindən, hansısa restorandan deyil, tibbi klinikadan gəldi.
Bu gün səhər Tağı müəllimi “Ömür” klinikasında görən jurnalist həmkarımız onun yeriyə bilmədiyinin şahidi olub. Klinikaya əlil arabasında tibbi müayinədən keçməyə gələn keçmiş rəisin özü də səhhətinin pisləşdiyini təsdiqləyib. Məlum olub ki, bir müddət Türkiyədə müalicə olunan T.Əhmədov Bakıya yenicə qayıdıb. Sabiq rəisin ayaqları 1 ildən çoxdur ki tutulub, yaxşı yeriyə bilmir. Həkimlər ona onurğa-beyin iltihabı diaqnozu qoyublar.
Tağı Əhmədov pessimistliyini jurnalistlərdən gizlətməyərək, səhhətinin getdikcə pisləşməyə doğru getdiyini etiraf edib.
T.Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
1965-ci ildən “Badamlı” zavodunda fəhlə, 1970-1994 illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi vəzifələrində işləyib.
1998-ci ildə Bakı Metropoliteninin rəisi təyin edilib. 16 il bu vəzifədə çalışan T.Əhmədov 27 fevral 2014 tarixində işdən çıxarılıb.
Bakı Metropolitenindəki rəhbər vəzifəni itirəndən sonra Tağı Əhmədov uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri vəzifəsini icra edib.
YAP İdarə Heyətinin 10 oktyabr 2021-ci il tarixində keçirilən iclasında bu vəzifədən də azad edilib. Əvəzində YAP onu partiyanın Veteranlar Şurasına üzv seçib.
Amma Tağı müəllim hazırda işsiz də deyil. O, 2016-cı ildən ta bu günə kimi Azərbaycan Memarlıq və İnşaat Universitetindəki Nəqliyyat fakültəsində Nəqliyyat və logistika kafedrasının müdiri vəzifəsini tutur. Universitetin dosenti olan Tağı Əhmədov həm də Tunellər və metropolitenlər, Avtomobil yolları, Nəqliyyat yollarında körpü və qurğular adlı 3 fəndən dərs deyir.
Texnika elmləri namizədi alimlik dərəcəsi olan Tağı Əhmədov 2 dərslik və 5 dərs vəsaiti, 6 metodik vəsaitin müəllifidir.
Tağı Əhmədov “Əməkdar mühəndis” fəxri adı, “Şöhrət” ordeni ilə təltif olunub. Bundan başqa ona “Fəxri dəmiryolçu”, “Bakı meropoliteni veteranı” döş nişanları da verilib.
2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub
Yəqin ki, Tağı Əhmədovun nə qədər pensiya alıdğı da oxucular üçün maraqlıdır. Hələ 2020-ci ildə Tağı müəllim “Space” TV-nin “Sadə həqiqətlər” verilişində qazancını açıqlamışdı: dövlətdən 3640 manat pensiya, YAP-dan 1000 manat vəzifə pulu, universietdən 1500 manat kafedra müdiri kimi maaş alır.
Tağı Əhmədovun adı dəfələrlə məhkəmə qalmaqallarında, pul söhbətlərində hallanıb.
Məsələn, 2014-cü ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisi Akif Çovdarovun Tağı Əhmədovdan 3 milyon manat pulu hədə-qorxu yolu ilə aldığı sonradan “MTN işi” məhkəməsində ictimaiyyətə məlum olmuşdu. 2017-ci ildə bu iş üzrə məhkəmə qərarı elan olunanda Tağı Əhmədov zərərçəkmiş qismində tanınmadığından ona vurulan maddi ziyan da ödənilmədi.
2016-cı ildə manatın ucuzlaşmasından sonra Tağı Əhmədovun bağlanan banklarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbər yayılmışdı.
2020-ci ilin sonlarında mətbuat Tağı Əhmədovdan 2 milyon manat sələm götürüb mənimsəməkdə ittiham olunan 3 nəfərin cinayət işi üzrə məhkəmə işindən yazırdı.
Yəqin Tağı müəllimin ədəbiyyat həvəskarı, şeir yazması barədə də məlumatı olanlar var.
O, Tağı Sadiq imzası ilə şeirlər yazır. Tağı Sadiqin yazdığı şeirlərə bir sıra mahnılar bəstələnib və həmin mahnılar tanınmış müğənnilər tərəfindən bu gün ifa olunmaqdadır. Belə mahnılara kliplər də çəkilib. Bir sözlə, incəsənət, ədəbiyyat sahəsində "Tağı Sadiq" imzası yetərincə tanınıb, məşhurlaşıb...
Tağı Sadiqin yazdığı "Qısqanıram", "Dilin dediyini ürəyim demir", "Olaydı", "Ceyranım", "Odlanıram mən", "Gözləməsin" kimi şeirlərə də mahnılar yazılıb, kliplər çəkilib.
Tağı Sadiqin yaradıcılığında məhəbbət mövzusu da geniş yer tutur. Onun yazdığı "Boş şeydi məhəbbət", “Göz yaşına dözmək olmur” adlı şeirlərə meyxanalar da bəstələnib.
Tağı Əhmədov evlidir, 2 övlad atasıdır: böyük oğlu məhkəmə, kiçik oğlu Xarici İşlər Nazirliyi sisetemində çalışır.
Tağı müəllimin bir sıra hallarda jurnalistlərə kobud davranışı ilə yadda qalıb. Özü isə bir dəfə jurnalistlərin telefon zəngindən bezdiyini, onlara cavab vermək istəmədiyin etiraf etmişdi:
“Hamı nömrəmi biri-birinə ötürür. Zəng eləyir. Telefonu qaldırmıram. Sonra deyirlər “telefonu niyə götürmürsən?”. Telefon şəxsidir və mənimdir. Mən bunu götürə də bilərəm, götürməyə də"...
A.Qorxmaz