Akif Nağı
Ötən ilin son ayları erməni-rus birliyinə şillə effekti kimi dəyərləndirilməli olan hadisələrlə yekunlaşdı. Ramil Səfərovun ekstradisiyası və azad olunması, MDB-nin Aşqabad sammitindən imtina edilməsi, Qəbələ RLS-indəki sonuncu rus hərbi bazasının ləğv edilməsi, “milyarderlər ittifaqı” deyilən avantüranın qarşısının alınması kimi olayları bu sıraya daxil etmək olar. Mənim anlamıma görə, şillə kəşfiyyat xarakterli taktiki gedişdir. Bununla əks tərəfin, rəqibin, düşmənin reaksiyası, müqavimət imkanı, möhkəmliyi yoxlanır. Zərbə isə artıq konkret nəticəyə, düşmənin darmadağın edilməsinə yönəlik strateji aktdır. Məntiq tələb edir ki, şillənin ardınca hökmən zərbə gəlsin. Gəlməsə, şillənin heç cür mənası olmayacaqdır, heç onu etməyinə dəyməzdi.
Endirilən şillələrə erməni-rus birliyi tərəfindən reaksiyanı bizim üçün, sonrakı addımlarımız, daha dəqiq desək, zərbənin vurulması üçün tam qənaətbəxş hesab etmək olar. Ermənilər bəzi beynəlxalq təşkilatlarda boş hay-küy salmaqdan o tərəfə keçə bilmədilər, və hətta orda da layiqli cavablarını aldılar. Rusiyanın reaksiyası isə gözləniləndən də yumşaq oldu, Qəbələ RLS-indən isə quyruqlarını qısıb qaçmaq zorunda qaldılar. Bütün bunlar göstərdi ki, “salavat gücə bağlıdı”. Vurulan şillələr elə belə deyildi, bu şillələrin əks-sədası hesabla hətta “rus gəldi” deyib öz qorxusunu cəmiyyətə də sırıyan dostlarımızı da bir qədər cürətləndirməlidir və mənim müşahidələrimə görə bu proses artıq başlayıb.
Məlum tezisi bir daha təkrar edirəm: hər şeyin kökündə güc dayanır. Ağıl dərsi keçmək üçün yox, xatırlatmaq üçün deyirəm. Birinci Qarabağ müharibəsinin gedişində ermənilər 3 dəfə - 1991-ci ilin yaz-yay, 1992-ci ilin yay-payız, 1993-1994-cü illərin qış əməliyyatları zamanı, yəni yalnız güc gördükdən sonra diz çökdülər, aman dilədilər. 1918-ci ilin sentyabrında Azərbaycan Ordusu Qarabağda Andranikin 12 minlik qüvvələrini darmadağın etdikdən sonra Dağlıq Qarabağ erməniləri əsgərlərimizi duz-çörəklə qarşıladılar, onları aldadıb yoldan çıxaran erməni quldurlarını lənətlədilər və hətta hökümət başçısı Fətəli xan Xoyluya məktub da göndərib əfv dilədilər. 1920-ci ilin mart-aprelində də elə oldu, Azərbaycan Ordusu qiyamı yatırandan, Ermənistanın işğalçı qüvvələrini dəf edəndən sonra diz çöküb yalvarmağa başladılar, rus gəlməsəydi bəlkə o balaca dövlətlərini, Azərbaycanın onlara bəxş etdiyi dövlətlərini də itirərdilər. Yenə də rus, deyəcəklər ki, görürsənmi rus amilini yaddan çıxarmaq olmaz. Mən rus amilini unutmağın tərəfdarı deyiləm. Sadəcə bilməliyik ki, rus amili Türkiyə susanda işə düşür. Rus ayısını neytrallaşdırmağın açarı Türkiyədədir. Xatırlayırsınızsa, 1920-ci ilin aprelində Rusiya Azərbaycana Türkiyənin razılığından, hətta Xəlil paşanın yürüşdə iştirakı təmin olunduqdan sonra girə bildi, 1993-cü ildə də təəssüf ki, eyni proseslər baş verdi. Amma 1918-ci ilin sentyabrında Rusiya Bakıdan, 1923-cü ildə Naxçıvandan Türkiyə amilinin birbaşa təsiri altında geri çəkilməli oldu. Bugünkü Türkiyənin son dediyimiz olayları yaşatmaq əzmində olduğu qənaətindəyəm. Bunun aydın əlamətləri görünür. Türkiyə hakimiyyəti “Qarabağ bizim də dərdimizdir” deyir, müxalifətdə olan millətçi kəsim isə daha da irəli gedərək, “Qarabağ müharibəsi bizim də müharibəmizdir” deyir və Rusiyanı hədələməkdən də çəkinmir. Müttəfiqlərimizdən İranı və Gürcüstanı da önə keçirmək lazımdır. Gürcüstanın dini liderinin son açıqlaması çox şeydən xəbər verir: “Abxaziya, Cənubi Osetiya Gürcüstan torpağı olduğu kimi, Dağlıq Qarabağ da Azərbaycan torpağıdır və olacaq”. Və yaxud Gürcüstanda dövlət başçısından da böyük təsirə malik olan Vaxtanq Kikabidzenin sözlərini xatırlatmaq istəyirəm: “Ermənilər nə haqla Azərbaycanın ortasında yerləşən Dağlıq Qarabağa iddia irəli sürürlər, onda Moskvanın ortasında yaşayan müsəlmanlar da desinlər ki, bura bizimdi”. İranın dini və dünyəvi liderləri də dəfələrlə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etmiş, erməni işğalı və vəhşiliklərini lənətləmişlər. Biz erməni-rus birliyinə, onların arxasındakı xristian dünyasına qarşı müsəlman-türk birliyi ilə dayana bilərik, xüsusilə regionumuzda belə bir birlik üçün ciddi imkanlar var. Nə üçün bu imkanlardan istifadə etməyək ?! Təsəvvür edin, belə bir birliyi yarada bilsək, nə cür qarşısı alınmaz qüvvə alınar! Əmir Teymurun, İldırım Bəyazidin, Sultan Səlimin, Şah İsmayılın, Fətəli şahın, Abbas Mirzənin, Sultan Əhmədin səhvlərindən danışır, qınayır, və sonra da həmin hərəkətləri təkrar edirik. Yenə də bizi bir-birimizə qarşı yönəldirlər və bundan yararlanırlar. Mən əminəm ki, Qarabağ müharibəsinin yeni mərhələsi başlayan andan bu birlik ortada olacaqdır.
Beləliklə, şillədən zərbəyə keçmək üçün bütün ilkin şərtlər mövcuddur. Artıq zərbə endirilməli, nəticə əldə olunmalı, qələbə çalınmalıdır. Bunun üçün siyasi iradə nümayiş etdirilməlidir. Prezident qərarını verməli, müharibəni başlamalıdır. Bu, mənim həm də yeni il arzularımdır. Bu il həm də prezident seçkiləri ilidir. Hazırki prezident seçkilərə qədər Qarabağı işğaldan azad etməli, yalnız sonra namizədliyini verməlidir. Prezident olmaq istəyən hər hansı digər namizəd isə işğalçı Ermənistana qarşı açıq və birmənalı şəkildə müharibə mövqeyindən çıxış etməlidir. Artıq bütün oyunlara son deməyin vaxtı çatıb. Hər kəs seçimini etməlidir. Kimsə prezident, kimsə deputat seçiləcək, iqtidarlı-müxalifətli var-dövlət içərisində yaşayacaq, Qarabağ da işğal altında qalacaq. Yetər artıq, ya hamımız məhv olmalıyıq, ya da torpaqlarımızı azad etməliyik. Qarabağı azad edə bilməyən millətin yaşamağa haqqı yoxdur.