Modern.az

Türkmənistan prezidentini oğlu əvəzləyə bilər - FOTO

Türkmənistan prezidentini oğlu əvəzləyə bilər - FOTO

12 Fevral 2022, 14:30

Türkmənistanda növbədənkənar prezident seçkilərinin vaxtı elan olunub. Türkmənistan Mərkəzi Seçki Komissiyası sədrinin köməkçisi Bezirgen Karaev bildirib ki, ölkədə növbədənkənar prezident seçkiləri bu il martın 12-də keçiriləcək.


Modern.az xəbər verir ki, ölkə qanunvericiliyinə görə, Türkmənistanda doğulmuş, yaşı 40-dan aşağı olmayan, dövlət dilini bilən, son 15 il ərzində Türkmənistanda daimi yaşayan və işləyən Türkmənistan vətəndaşı prezident seçilə bilər.

Türkmənistan prezidenti birbaşa Türkmənistan xalqı tərəfindən 7 il müddətinə seçilir və and içdiyi andan səlahiyyətlərinin icrasına başlayır. Türkmənistanda sonuncu prezident seçkiləri 2017-ci ildə keçirilib.

Qanuna görə, növbəti seçkilər 2024-cü ildə keçirilməli idi.


2006-cı ildən bəri Türkmənistanı idarə edən 64 yaşlı Qurbanqulu Berdiməhəmmədovun prezidentlik müddətinə hələ 2 il qalmış növbədənkənar seçkilərə getməsi müxtəlif aspektlərdən şərh olunur.

Qurbanqulu Berdiməhəmmədov fevralın 11-də parlamentin yuxarı palatasında – Xalq Məsləhətində çıxışı zamanı dövlətin idarə edilməsində gənc liderlərə yer verməyin vaxtının çatdığını bildirib. Q. Berdiməhəmmədov böyük həyat və siyasi təcrübəsini nəzərə alaraq, parlamentin yuxarı palatasında - Xalq Məsləhətində sədr kimi fəaliyyətini davam etdirmək istədiyini bəyan edib edib.

Berdiməhəmmədov hazırada həm Nazirlər Kabinetinə həm də Dövlət Təhlükəsizlik Şurasına rəhbərlik edir, eyni zamanda Ali Baş Komandandır.
 

Türkmənistan lideri vurğulayıb ki, 15 ildir dövlətə rəhbərlik edir və artıq yerini gənclərə vermək istəyir.

“Düz 15 ildir ki, mən çox yüksək və çox məsuliyyətli -Türkmənistan prezidenti vəzifəsində çalışıram. Eyni zamanda, mən Türkmənistan Nazirlər Kabinetinin sədri, Dövlət Təhlükəsizlik Şurasının sədri, Türkmənistan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Türkmənistanın Xalq Məsləhəti Milli Şurasının sədri kimi fəaliyyət göstərirəm”, - deyə Berdiməhəmmədov bildirib.
 

Onun bu açıqlaması hakimiyyəti oğluna ötürməklə bağlı söz-söhbətlərin yayıldığı bir vaxta təsadüf edir.

Xarici KİV-lərin məlumatına görə, Qurbanqulu Berdiməhəmmədovun 40 yaşlı oğlu Sərdar Berdiməhəmmədovun atasının varisi kimi hazırlandığı barədə iddialar var. Prezidentin oğlu Sərdar Berdiməhəmmədov keçən il baş nazirin müavini vəzifəsinə seçilib. O, həm də Ali Nəzarət Palatasının başçısı, Dövlət Təhlükəsizlik Şurasının üzvüdür. Sərdar Berdiməhəmmədov hazırda Türkmənistanda faktiki olaraq 2-ci şəxs sayılır.


O, indiyə qədər diplomat, millət vəkili, nazir və vilayət qubernatoru kimi postlarda çalışıb.

Qurbanqulu Berdiməhəmmədovun 2 qızı və bir oğlu var – Gülcahan, Gülşən və Sərdar.

Prezidentin böyük qızı Gülcahan Berdiməhəmmədova karbohidrogen ehtiyatlarının istifadəsi üzrə türkmən dövlət agentliyinin Avropa təmsilçisi Yaşgəldi Amanovla evlidir. Berdiməhəmmədovun böyük qızı və kürəkəni hazırda Londonda yaşayırlar. Kürəkən Yaşgəldi Amanov türkmən agentliyinin Londonda yerləşən ofisində çalışır.

Prezident Q.Berdıməhəmmədovun digər qızı Gülşən Berdiməhəmmədova isə Parisdə yaşayır. O, Türkəmənistanın Fransadakı səfirliyində çalışan diplomatla evlidir.

Prezidentin xanımı Oğulgerek Berdiməhəmmədova barədə o qədər də geniş məlumat yoxdur. 

Türkmənistan barədə qapalı ölkə imici formalaşdıran prezident Qurbanqulu Berdiməhəmmədov sayəsində ölkənin birinci ledisi barədə çox az yazılıb. 

Bəzi məlumatlara görə, Oğulgerek xanım Londonda böyük qızının yanında yaşayır və Türkmənistana az-az hallarda gəlir.

Qurbanqulu Berdiməhəmmədov o dövlət başçılarındandır ki, xarici səfərlərdə onu xanımı müşayiət eləmir... 

Türkmənistan prezidentinin həyat yoldaşı Oğulgerek Berdiməhəmmədovanın fotosu ilk dəfə ötən il 28-29 noyabr tarixlərində Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı zamanı mətbuatda yayımlanıb. 

11 fevral 2007-ci il tarixindən prezident postunu tutan Qurbanqulu Berdiməhəmmədov son 15 il ərzində həyat yoldaşını nə rəsmi tədbirlərə və xarici səfərlərə aparmışdı, nə də 1-ci ledinin şəklinin mətbuatda yayımlanmasına icazə vermişdi.

Oğulgerek Berdiməhəmmədovanın fotosu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın sayəsində dünya mətbuatında yayımlandı.


Məhz Əminə Ərdoğan ötən il 28-29 noyabr tarixlərində Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı zamanı özünün Tvitter hesabında Türkmənistanın 1-ci ledisi Oğulgerek Berdiməhəmmədova ilə birgə fotosunu paylaşmışdı.

Türkmənistanda mətbuata prezidentin ailəsi barədə hər hansı məlumat vermək qadağan olunub. Türkmənlər özləri də bu barədə danışmağa ehtiyat edirlər. Ümumiyyətlə, Türkmənistanda 64 yaşlı prezident Berdiməhəmmədovun ailəsi haqqında çox adam çox şey bilmir. Bilənlər isə bu barədə danışmaq istəmirlər.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama