Modern.az

Tahir Kərimliyə göndərilən “əjdaha” nəyə işarədir... 

Tahir Kərimliyə göndərilən “əjdaha” nəyə işarədir... 

Ölkə

18 Fevral 2022, 09:02

Dünən Milli Məclisin deputatı Tahir Kərimli sosial şəbəkələrdə yayılan videosuna aydınlıq gətirib. Deputat adını açıqlamadığı şəxs tərəfindən ölümlə təhdid olunduğunu bildirib.

“Mən istəmədim ki, ailəm, uşağım bunu bilsin. Yaxşı ki, dünən oğlum məşqdən sonra dostugildə qalmaq üçün icazə almışdı. Düzü, bunu ilk dəfə deyirəm, ailəm də bilmir, gələndə gördüm ki, qapının açar yerinə bükülmüş “zapiska” qoyulub. Düşündüm ki, bu supulu, işıqpulu qəbzidir. Baxdım, burada kiril əlifbası ilə yazılıb ki, səni udacaq əjdaha.... Adamın adı və Moskva ünvanı da yazılıb”, - deyə parlamentari müzakirələrə səbəb olan görüntülərin səbəbini açıqlayıb.

Ölümlə təhdid olunduğunu deyən deputat bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini söyləyib.

 

 

Tahir Kərimliyə göndərilən “əjdaha” mesajının sirri nədir? Bizə məlum olmayan şəxs bununla nəyə işarə edir?

Bu barədə Modern.az-a danışan sabiq polis rəisi, kriminalist Mahmud Hacıyev bildirib ki, Tahir Kərimlinin səsləndirdiyi fikirlər ciddi araşdırma tələb edir. Burada söhbət bir insanın həyatı üçün təhlükədən gedir:

“Qanuna əsasən heç kimin digər şəxs və şəxsləri ölümlə hədələməyə haqqı yoxdur. Həmin təhdid mesajını kim yazıbsa, onu tapıb, məsələsini araşdırmaq lazımdır. Məhkəmə-istintaq təcrübəsində indiyə kimi kimisə təhdid edəndə və ya sui-qəsd edəndə “səni əjdaha udacaq” deyə mesajdan istifadə olunmayıb. Belə ifadə mənim rastıma çıxmayıb”.

 

Kriminalistin fikrincə, Tahir Kərimliyə verilən “əjdaha” mesajı bunu yazan insanın şəxsi təxəyyülüdür və həmin şəxsi müəyyən etdikdən sonra onun məqsədini bilmək olar:

“İndi bu insan cinayətkardır və ya deyil, təxəyyülünə nə gəlibsə, onu da yazıb. Məsələ burasındadır ki, hər nə formada olsa da,  ortada ciddi təhdid var. Bunu yazan kimdirsə, onu axtarıb tapmaq lazımdır. Bir daha demək istəyirəm ki, “səni əjdaha udacaq” ifadəsindən indiyə kimi təhdid vasitəsi kimi istifadə olunmayıb. Sadəcə buna aydınlıq gətirmək üçün hüquq-mühafizə orqanlarına müraciət etmək, ardınca araşdırmaq başlatmaq gərəkir. Araşdırmadan sonra reallıq üzə çıxacaq”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli ölümlə hədələnməsi barədə onlara müraciət etməyib. Eyni zamanda qeyd olunub ki, DİN-ə deputat tərəfindən hər hansı müraciət daxil olarsa, araşdırılacaq.

Turqay Musayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama