Modern.az

Siyasətçilər Ayaz Mütəllibovu necə xatırlayacaq...

Siyasətçilər Ayaz Mütəllibovu necə xatırlayacaq...

29 Mart 2022, 12:30

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov ötən gün son mənzilə yola salındı. 84 yaşında dünyasını dəyişən eks-prezident vida mərasimindən sonra I Fəxri xiyabanda dəfn olundu.


A.Mütəllibov Azərbaycanın müstəqilliyinin ilk illərində - 1991-1992-ci illərdə ölkəyə rəhbərlik etmiş və Xocalı soyqırımından bir müddət sonra istefa vermişdi. 1992-ci ildən Moskvada məskunlaşan sabiq dövlət başçısı 2012-ci ildə Azərbaycana qayıdaraq, ömrünün son gününə kimi Bakıda yaşayıb.


Mərhum eks-prezident Azərbaycanın siyasət tarixində necə qalacaq, sabiq dövlət başçısı kimi nə cür xatırlanacaq?


Modern.az-ın əməkdaşı bu sualla siyasətçilərə müraciət edib.
 


Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa qeyd edib ki, Ayaz Mütəllibov ən azı Azərbaycanın keçmiş prezidenti kimi xatırlanacaq.

Onun sözlərinə görə, A.Mütəllibov Azərbaycanın BMT-yə daxil olması ilə bağlı sənədə imza atıb.

"Onun hakimiyyət illəri ağır dövrə təsadüf edib. Cəmiyyətdə ona qarşı münasibət müsbət olmayıb. Mütəllibovun  fəaliyyəti o qədər də parlaqlığı ilə seçilməyib. 


Amma istənilən halda adı siyasi tariximizə düşən dövlət xadimlərindən biridir. Keçmişə sayğı naminə onun şəxsiyyətinə və fəaliyyətinə müəyyən normal münasibətlər bəsləməliyik. Bəli, keçmişdə səhvləri, günahları olub. Amma daha keçmişdə yaşamırıq. Onun fəaliyyətində Azərbaycana qarşı pis niyyət, xəyanət olmayıb. Biz bu məsələləri dəyərləndirməliyik”, - Fazil Mustafa bildirib.



Milli Məclisin komitə sədri, hakim Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Tahir Rzayev bildirib ki, hər şeydən öncə Ayaz Mütəllibov Azərbaycanın keçmiş prezidenti olub.

“Cənab prezident İlham Əliyev sağ olsun, Mütəllibova da, Elçibəyə də eks-prezident statusu verdi. Bəzi söz-söhbətlər var idi ki, Ayaz Mütəllibov vətəni satıb və s. Amma ölkə başçısı böyük humanistlik göstərdi. Onun Moskvadan qayıtmasına maneə törədilmədi”. 

T.Rzayevin sözlərinə görə, A.Mütəllibovun ən yaxşı xidmətlərindən biri o oldu ki, Azərbaycana qayıdandan sonra müəyyən hadisələrə düzgün qiymət verdi, səhvlərini etiraf etdi.

"Eyni zamanda ölkə rəhbərinin siyasətini dəstəklədiyini bildirdi. Biz hamımız istər vəzifədə olaq, istər olmayaq, səhvlər edə bilərik. Ayaz Mütəllibovun da müəyyən səhvləri var idi. Ancaq bu səhvlər ölkə rəhbərliyi tərəfindən bağışlandı. İndi ona kimin münasibəti necədir, deyə bilmirəm. O, artıq dünyasını dəyişib, mən Mütəllibova Allahdan rəhmət diləyirəm”, - T.Rzayev qeyd edib.



Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, o, vaxtilə Ayaz Mütəllibov ilə bir yerdə işləyib:

"Onu çox ləyaqətli adam kimi tanıyıram. Çox demokratik idi. Kimin nə deməsindən asılı olmayaraq, müəyyən məsələlərdə xalqa güzəşt etməyi bacaran adam idi”.

Partiya sədri Ayaz Mütəllibovu bir şəxs olaraq yüksək dəyərləndirib:

“Azərbaycanda olmadığım üçün onun dəfn mərasimində iştirak edə bilmədim. Ancaq başsağlığı vermişəm. Biz bütün keçmiş prezidentlərə dəyər verməliyik. Onun I Fəxri xiyabanda dəfn olunması böyük hadisədir. Belə bir qayğı göstərdiyi üçün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təşəkkür edirəm”.


Azərbaycan Sosial-Demokrat Partiyasının həmtəsisçisi olmuş politoloq Zərdüşt Əlizadə  Ayaz Mütəllibov haqda müsbət fikirlər səsləndirib:

“O bir şəxsiyyət kimi çox humanist insan idi. Olduqca mülayim, demokratik xasiyyətə malik idi. Qətiyyən qaniçən deyildi. Xalqın onu düzgün qiymətləndirmədiyini düşünürəm. İnsanlar vaxtında onu düzgün başa düşmədilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama