Modern.az

Keçmiş ərlər niyə qatilə çevrilir? -  Boşanandan sonra “qeyrət keşikçisi”olurlar!

Keçmiş ərlər niyə qatilə çevrilir? -  Boşanandan sonra “qeyrət keşikçisi”olurlar!

Ölkə

16 Aprel 2022, 15:00

Son zamanlar artan cinayətlər fonunda qadın qətlləri də çoxalmaqdadır. Diqqətçəkən məqam qətllərin keçmiş ərlər tərəfindən törədilməsidir. Nədənsə, bəri kişilər bir evdə yaşayarkən əksər halda saymadığı, işgəncə verdiyi qadının, boşanandan sonra “qeyrət keşikçisi”nə, “qoruyucu”suna çevirilir, onu qarabaqara izləməyə, güdməyə başlayır. Öz aləmində qadının hansısa “səhv” hərəkətini görən kimi işi “kökündən həll edir”. Bir anın içində qadının da, özünün də, övladının da həyatını cəhənnəmə çevirir.

 

Digər ölkələrdən fərqli olaraq, bizdə əksər hallarda cütlüklər mədəni şəkildə ayrıla bilmirlər. Bunun səbəbləri nədir? Boşanan insanlar niyə düşmənə çevrilirlər?

 

Bununla bağlı Modern.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bu, təkcə son vaxtlar müşahidə edilən hal deyil, əvvəllər də belə problemlər olub:

 

"Oxşar hadisələr 2012-ci ildə də, 2013-cü ildə də olub. Biz monitorinqlər zamanı bu məsələləri üzə çıxarmışıq. Keçmiş ərlərin cinayət törətməsi yeni hal deyil. Bu, əslində idarəetməni, məxsusluq hissini itirməklə əlaqəlidir. Burada digər səbəb aliment olur. Uşaqlarla bağlı məsələ gərginləşəndə belə hadisələr baş verir. Halbuki, uşaqları təkcə qadınlar gizlətmir. Kişilər də uşaqları gizlədib göstərmirlər. Sadəcə olaraq birində güc var, digərində yoxdur. Biri bıçağa və ya şiddətə əl atır, digəri isə hüquqları pozula-pozula qalır, məhkəmələrdə sürünür. Bunların hamısında təbii ki, ölüm hadisəsi baş vermir. Təsirlər, müdaxilələr xəsarətlərlə də nəticələnə bilir".

 

 

Mehriban Zeynalovanın sözlərinə görə, kişilər istənilən ölüm halında namus məsələsini ortaya atırlar: 

 

"Heç bir cinayət bununla əsaslandırıla bilməz. Mən həmişə deyirəm ki, namus məsələsində hər iki tərəfin iştirakı var. Bütün yükü qadının üzərinə qoyub, namussuzluğun səbəbi odur demək olmaz. Bəzi hallarda kişilərin biganəliyi namussuzluğa gətirib çıxarır. Düzdür, buna dəstək verilmir. Amma insan bir yerdə yaşadığı şəxsin davranışlarında dəyişikliyi mütləq hiss edir. Hansısa dəyişikliklər, hərəkətlər özünü biruzə verir. Bu hərəkətlərə biganə qalmaq, elə prosesdə iştirak kimi bir şeydir".


Hüquq müdafiəçisi bu cür halların qarşısını almağın çıxış yolunu da göstərib:

 

"Belə şeylərin qarşısını almaq üçün ailə psixoloqları olmalıdır. Əslində cütlüklər evlənməmişdən qabaq bir-birini dərindən bilməli, tanımalıdır.  Düzgün seçim çox önəmlidir. Bəzi hallarda qohumların təzyiqi ilə, bəzi hallarda tələsik ilkin emosianal vəziyyətdən asılı olaraq maraqlar çərçivəsində evlənmək belə problemlər yaradır. Ola bilsin, 30 il əvvəl bu yaxşı idi, aktual idi. Amma bu cür evliliklər öz təsirini itirib. Münasibətlər elə olmalıdır ki, bir ömürboyu yaşaya biləsən. Evlənirlər, bir müddət sonra fərqli insanlarla qarşılaşırlar. Yəni yaratdıqları obraz məhv olub dağılır. Bu da konflikt yaradır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama