Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə Vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.
Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet istiqamətini nəzərə çatdırıb. Ulu öndər hələ o zaman deyirdi ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır.
Azərbaycançılıq özündə vətəndaşlıq, vətənpərvərlik, loyallıq, habelə cəmiyyət və dövlət qarşısında vətəndaşın məsuliyyətini birləşdirir. Vətəndaşlıq mövqeyindən çıxış edərək hər bir şəxs vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması milli təhlükəsizlik baxımından əhəmiyyətlidir. Vətənpərvərlik və dövlətçilik azərbaycançılıq ideologiyasının mühüm əsaslarını təşkil edir. Azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Bu baxımdan vaxtilə Azərbaycanın bir nömrəli problemi olan ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin məruz qaldığı işğala son qoyulması bütün vətəndaşlarımızın, eyni zamanda dünya azərbaycanlılarının ortaq məsələsi və ortaq hədəfi kimi milli ideologiyamızın da təməl müddəalarından birini təşkil edib. Təsadüfi deyil ki, bu gün siyasi baxışından, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Qarabağ məsələsində həmrəydir.
Eyni zamanda Azərbaycançılıq ideologiyası dövlət quruculuğu prosesində vətəndaşın siyasi loyallıq mövqeyini təbliğ edir. Azərbaycançılıq ideologiyası çərçivəsində siyasi loyallıq cəmiyyətin hakimiyyətlə münasibətlərinin keyfiyyətcə yüksək xüsusiyyətidir. Bu münasibətlər cəmiyyətin və dövlətin sabit inkişafına xidmət edirlər. Loyallıq prinsipi əsasında yaranan vətəndaş-dövlət münasibətləri hörmət və inam əsasında qurulur. Lakin heç bir xalq dövlətinin ərazi bütövlüyünə, müstəqilliyinə təhlükə yarandığı halda loyal qala bilməz. Azərbaycançılıq ideologiyasının yaşaması vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətindən asılıdır. Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Lakin vətəndaşlıq məsuliyyəti daha çox mənəvi məsuliyyətlə bağlıdır. Bu baxımdan azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir.
Hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir. Bu, tək qanunlara riayət etməkdə yox, habelə aktiv vətəndaşlıq mövqeyində əks olunmalıdır. Ona görə ki, cəmiyyətin və dövlətin inkişafı, güclənməsi hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır. Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə bu ideologiyanı zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir. Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edib:
“Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
Bu məqamda xatırlatmaq yerinə düşər. Ermənistanın silahlı birləşmələri 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdən həm dövlət sərhədlərimizdən, həm də işğal olunmuş ərazilərdən hücum etdi. Azərbaycan Ordusunun hissələri hücumun qarşısını qətiyyətlə aldı. İşğalçıya, işğalçılığa qarşı əks-hücum əməliyyatı başlatdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsinin mahiyyətini dünyanın diqqətini çəkən "Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək" kəlamları ilə ifadə etdi.
Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsi azərbaycançılığın erməniliklə müharibəsi idi...
Azərbaycan Ordusu düşmənin illərlə yaratdığı, möhkəmlətdiyi, yeniləşdirdiyi güclü müdafiə sistemini, sədləri qısa müddətdə darmadağın etdi. Əsgərlərimiz mövqe qələbələri qazanır, Böyük Qələbəyə yaxınlaşırdı. Qazanılan ilkin qələbələr təsdiqləyirdi ki, Azərbaycan Ordusu Ali Baş Komandanın sərkərdəliyi ilə işğalı sona çatdıracaq, torpaqlarımızı işğaldan azad edəcək.
Vətən müharibəsində xalq Prezidentin ətrafında sıx birləşdi. Bu, xalqın Prezidentinə, Vətənə, dövlətə, dövlətçiliyə sevgisinin nəticəsi idi. Gözlənilən Zəfər qazanıldı. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində bildirdi:
"...Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir..."
Beləliklə, Ali Baş Komandanın ətrafında "Dəmir yumruq" kimi birləşən Azərbaycan xalqı öz tarixi missiyasını yerinə yetirərək, Ordumuzun qazandığı möhtəşəm Zəfərin sevincini yaşadı.
Hazırda Azərbaycanın qarşısında duran başlıca məqsəd Qarabağa Böyük Qayıdışı tezliklə reallaşdırmaqdır. Bu istiqamətdə sürətli bərpa-quruculuq işləri davam etdirilir. Heç kimə sirr deyil ki, Böyük Qayıdış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə azərbaycançılığın erməni millətçiliyi üzərində qəti qələbəsi olacaq!
Əminliklə deyə bilərik ki, vahid ideologiya ətrafında sıx birləşən azərbaycançılıq məfkurəsinə xidmət edən Azərbaycan xalqı hələ çox uğurlara imza atacaq, təkcə regionun deyil, dünyanın güclü, ən inkişaf etmiş dövlətlərindən birinə çevrilməkdə davam edəcək.
Aysel Aslan
Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "azərbaycançılıq ideyasının təbliği" mövzusunda hazırlanıb.