Nazirlər Kabineti yanında Operativ Qərargahın 2021-ci il 1 oktyabr tarixindən etibarən qüvvəyə minən qərarına əsasən, ticarət mərkəzlərinə və digər qapalı məkanlara hər 2 dozanın qəbulunu əks etdirən vaksin sertifikatı, immunitet sertifikatı və ya əks-göstəriş sertifikatı ilə daxil olmaq mümkün olub.
Epidemioloji vəziyyət imkan verdiyindən, bir çox dünya ölkələrində olduğu kimi, mayın 1-dən Azərbaycanda da maska tələbi ləğv edilib. Artıq bəzi ölkələr maska tələbi ilə yanaşı, COVID pasportunu də aradan qaldırır.
Bəs, ölkəmizdə COVID pasportunun ləğvi gözlənilmi?
Bu barədə Modern.az-a danışan radioloq-həkim Aydın Əliyev hesab edir ki, Azərbaycanda vaksin serifikatı birmənalı şəkildə ləğv edilməlidir:
“Dəfələrlə bu haqda çıxışlarımda bildirmişəm. Üçüncü doza peyvənd tələbinin məcburiliyi aradan qaldırılmalıdır. Bu proses könüllü şəkildə həyata keçirilməlidir. Ancaq digər peyvəndlər qalmalıdır, çünki onlar zəruri peyvəndlərdir. Pandemiya bitdiyi üçün COVID-19-a qarşı peyvənd tələbi olmamalıdır. Dövlətin bununla bağlı planlarının nə olduğunu bilmirəm, ancaq pandemiya nöqteyi-nəzərindən epidemik vəziyyətə əsaslanaraq bu gün vaksin sertifikatı tələb edilməməlidir.”
Qeyd edək ki, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə tələbi ləğv olunub. Artıq bütün qapalı məkanlarda, o cümlədən, avtobuslarda, metrostansiyalarda, ticarət mərkəzlərində, ictimai iaşə obyektlərində, hava limanı ərazisində, təhsil müəssisələrində tibbi maskalardan istifadə məcburi deyil. Yalnız insanlar öz şəxsi istəklərilə maskadan istifadə edə bilərlər.