Modern.az

Əli Abbasov HARALARDADI…

Əli Abbasov HARALARDADI…

Ölkə

9 May 2022, 11:37

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.

Əməkdaşımız keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun harada olduğunu öyrənməyə çalışıb.

11 il rabitə və yüksək texnologiyaları naziri vəzifəsində çalışmış Əli Abbasov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İns­titutunun baş direktorudur. Bundan başqa, sabiq nazir həm də AMEA prezidentinin müşaviri postunu tutur.

Eks-nazir daha bir vəzifədə çalışır - belə ki, o, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiridir.

Əli Abbasov sonuncu dəfə medianın obyektivinə bir neçə gün əvvəl - mayın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən elmi-praktiki konfransda iştirak edərkən tuş gəlib.


Əli Məmməd oğlu Abbasov 1953-cü il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub.


1976-cı ildə Moskva Energetika İnstitutunu Avtomatika və telemexanika ixtisası üzrə bitirib. Təxminən bir il Azərbaycan Elmlər Akademiyasında işlədikdən sonra Ukrayna Elmlər Akademiyasında aspirantura təhsili alıb. 1981-ci ildə mikroelektronika sahəsində dissertasiya müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsinə yiyələnib. 1994-cü ildə “İnformasiya emalı və idarəetmə sistemləri” ixtisası üzrə dissertasiya müdafiə edib, texnika elmləri doktoru adı alıb.

1996-cı ildən professor, 2001-ci ildən AMEA-nın həqiqi üzvüdür.


1982-1992-ci illərdə AMEA-da müxtəlif vəzifələrdə çalışıb. 1992-2000-ci illərdə AMEA-nın İnformasiya və Telekommunikasiya Elmi Mərkəzinin (indiki İnformasiya Texnologiyaları İnstitutu) direktoru vəzifəsində işləyib.


2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olub. 

2001-2004-cü illərdə Milli Məclisinin deputatı və eyni zamanda, Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü olub. 

27 dekabr 2012-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

2004-2015-ci illərdə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsində işləyib.

O, 12 noyabr 2015-ci il tarixində keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyində üzə çıxan irimiqyaslı korrupsiya və mənimsəmə faktlarından sonra vəzifədən kənarlaşdırılıb.

Əli Abbasov nazir postundan uzaqlaşdırılandan sonra - 2015-ci ildə “MTN işi” və “Rabitə işi” kimi qalmaqallı hadisələrə görə həbs olunmuş vəzifəli şəxslərlə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılmış və sorğu-sual olunmuşdu.


O zaman çoxları Ə.Abbasovun sözügedən qalmaqallı hadisələrdən sonra bir daha dövlət qurumlarına yaxın buraxılmayacağı qənaətinə gəlmişdi.  

Amma 2017-ci ilin mayında onu AMEA prezidentinin müşaviri təyin etdilər. AMEA Rəyasət Heyətinin 2021-ci il yanvarın 22-də keçirilən iclasında isə Ə.Abbasovun İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsinə təsdiq edilməsi haqqında qərar qəbul olundu.   

Sabiq nazir hazırda həm də UNEC-in Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiridir.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu