Modern.az

Azərbaycan müxalifəti Türkiyədə kimi prezident GÖRÜR...

Azərbaycan müxalifəti Türkiyədə kimi prezident GÖRÜR...

Ölkə

6 İyun 2022, 14:40

Türkiyədə 2023-cü ildə prezident və parlament seçkiləri keçiriləcək. Seçimlərə bir il qalsa da, növbəti prezidentin kim olacağı Türkiyənin siyasi gündəminin əsas mövzusuna çevrilib. Artıq iqtidar düşərgəsinin namizədi bəllidir. 

 

Belə ki, Türkiyənin hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi AKP və MHP-nin təmsil olunduğu Xalq Alyansı tərəfindən irəli sürülüb. Müxalifət partiyaları isə hələlik öz namizədlərini açıqlamayıblar.

 

Türkiyədə gedən seçki müzakirələri ölkəmizdə də diqqətlə izlənilir. 

 

Bəs, Azərbaycanın müxalifət partiyaları qardaş ölkənin prezidenti postunda kimi görmək istəyirlər? Onlar Ərdoğanı, yoxsa müxalifətin təqdim edəcəyi vahid namizədi dəstəkləyirlər?

 

Modern.az bu suala cavab almaq üçün partiya rəhbərləri arasında sorğu keçirib.

 

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, o, qardaş ölkənin hazırki lideri Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyir:

 

“Seçimim Ərdoğandan yanadır. Ancaq bu, türk millətinin, Türkiyə vətəndaşlarının seçimidir. Son sözü azad seçkilərdə Türkiyə xalqı deyəcək”.

 

 

P.Hüseyn Ərdoğanı dəstəkləməsinin səbəbini belə izah edib:

 

“Türkiyə Ərdoğanın hakimiyyəti dövründə son 300 ilin ən qüdrətli geopolitik mərhələsini yaşayır. Osmanlı dövründən itirə-itirə gələn Türkiyə Atatürk dövründə stabillik əldə etdi və müasir mədəniyyətlər səviyyəsinə qatıldı. Ərdoğanın hakimiyyəti dövründə biz böyüyən Türkiyəni görürük. Bu, bütün dünyada gedən proseslərə, qonşu dövlətlərə, türk dünyasına, o cümlədən Azərbaycana təsir edir. Şübhəsiz ki, Qarabağ müharibələri dövründə, xüsusən son 44 günlük Vətən müharibəsi dönəmində Türkiyənin, onun lideri Ərdoğanın Azərbaycanın haqq davasına verdiyi dəstək çox böyük fövqəladə hadisə oldu. Dövlətlərimizin münasibətləri tarixində, bundan əlavə Azərbaycanın da daxil olduğu Türk Dövlətləri Birliyinin yaranması, regionda sülhün, sabitliyin bərqərar olması, təhlükəsizliyin təminatı, eyni zamanda Ərdoğan faktoru ilə şərtlənib. İndi gərgin, qarışıq geopolitik situasiyanın hökm sürdüyü məqamda yola Ərdoğanla davamı daha məqsədəuyğun sayıram. Ancaq yenə təkrar edirəm  ki, Türkiyədə keçirilən seçkilər türk vətəndaşının, Türkiyə cəmiyyətinin hüququdur. Azad, demokratik seçkilərdə xalq kimi seçəcəksə, o da prezident olacaq”.

 

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikrincə, seçkilər adətən, yeni bir liderin, yeni gücün hakimiyyətə gəlməsini tələb edir. Seçkilərin mahiyyəti bundan ibarətdir. Ancaq Türkiyədə Prezident Ərdoğanın alternativləri arasında birinci turda ona qalib gələcək kimsə görünmür. Hazırda Ərdoğanın qarşısında duracaq güclü rəqibi yoxdur.

 

Partiya sədri 2023-cü il seçimlərində Ərdoğanın qalib gələcəyini düşünür:

 

“Bu gün dünyada və regionda mürəkkəb proseslər gedir, belə bir vaxtda Türkiyədə hakimiyyət dəyişikliyi ölkənin maraqlarına uyğun olmaz. Ona görə də, mən Ərdoğanın hakimiyyətdə qalmasının, seçilməsinin tərəfdarıyam. Digər yandan Ərdoğan bizim indiyə kimi tanıdığımız Türkiyə liderlərindən fərqlidir. O, tamamilə müstəqil siyasət aparır. Türkiyə dünya tərəfindən regional güc kimi qəbul edilir. Ərdoğan həm türk, həm də digər xalqların hüquqlarının müdafiəsi üçün çox ciddi addımlar atır. Bu baxımdan düşünürəm ki, indiki şərtlər daxilində nə Ərdoğana qalib gələ biləcək namizəd var, nə də Ərdoğanın hakimiyyətdən getməsi Türkiyənin maraqlarına uyğundur. Gələn ilki seçkilərdə Ərdoğan qalib gələcək”.

 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə vuğulayıb ki, Türkiyədə aparılan demokratik islahatlar, qardaş ölkənin inkişafı bizim üçün çox böyük önəm daşıyır. Çünki biz bir millət iki dövlətik.

 

Partiya sədri vurğulayıb ki, Ərdoğanın namizədliyini irəli sürməsi təqdirəlayiq haldır: “Türkiyə demokratik ölkədir. İndi daxildə bəzi problemlər var, bunlar zamanla düzələcək. Hər halda mən Ərdoğanın seçilməsini istərdim. Ona görə ki, dünyada böyük nüfuza malikdir, bundan savayı Qarabağ müharibəsində Azərbaycanın yanında oldu. Azərbaycan Türkiyə münasibətləri bu gün çox yüksək səviyyədədir. Bu baxımdan bizim üçün ən önəmli namizəd Ərdoğandır”.

 

H.Hacıyev bildirib ki, hər dövlətin, hər hökumətin öz yolu var. Türkiyə bizim qardaş ölkəmizdir. Orada gedən proseslər bizi yaxından maraqlandırır:

 

“Əminəm ki, Ərdoğan yenidən seçiləcək. O, bundan sonra da Türkiyənin inkişafı üçün önəmli işlər görəcək. Mənim apardığım təhlillər, Türkiyə ilə olan əlaqələrim, Türkiyənin siyasi partiyaları ilə münasibətlərim bunu göstərir. Düzdür, orada bir sıra qüvvələr var, bunlar nisbətən müxalifət olaraq güclüdür. Ancaq Ərdoğan Türkiyədə söz sahibidir. Tam əminəm ki, Türkiyədə cənab Ərdoğan yenidən prezident seçiləcək”.

 

 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin sözlərinə görə, Türkiyədəki seçim Azərbaycan üçün də önəmlidir:

 

“Doğrudur, seçki daxili məsələdir. Türkiyə xalqının seçimi kim olacaqsa, Azərbaycanda həmin şəxsi qəbul edəcəyik. Əlbəttə, Ərdoğanın şansı çoxdur. Həm də Dövlət Bağçalı ilə ittifaqdadır, yəni Milliyyətçi Hərəkat Partiyası Ərdoğana dəstək verəcək. Bu baxımdan onun qələbə qazanmaq şansı böyükdür”.

 

Partiya sədri qeyd edib ki, Ərdoğanın xarizması, bölgədə yaratdığı yeni reallıqlar, fərqli xüsusiyyətləri, ölkəmizə olan münasibəti ölkəmizdə ona qarşı xüsusi münasibət formalaşdırıb:

 

“Ərdoğanın siyasi kursu təkcə Türkiyənin yox, eyni zamanda Türk Dövlətləri təşkilatına üzv ölkələrin hamısının mənafeyinə uyğundur. Onun yarımçıq qalmış bir sıra işləri var. Qara dənizdəki Vətən projesi, istər Suriya-İraq məsələsi, istərsə də Qafqazla bağlı siyasəti buna nümunə ola bilər. Hesab edirəm ki, Ərdoğanın yaxşı komandası var. Onun gələn ilki seçkilərdə qalib gəlməsini arzulayıram”.

 

 

Azərbaycan Sosial Demokratlar Partiyasının sədri Araz Əlizadə  Ərdoğanın növbəti dəfə prezident seçilməyə layiq olduğunu vurğulayıb:

 

“Ərdoğanın prezident postunda qalması Azərbaycan üçün faydalıdır. Onun qalib gəlmək şansı da böyükdür. Türkiyə Ərdoğanın idarəçiliyi dövründə müstəqil xarici siyasət yürüdür. Bütün dünya onunla hesablaşır. Belə anda hakimiyyətin dəyişdirilməsinin mənası yoxdur. Mən Ərdoğana alternativ görmürəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama