Modern.az

Azərbaycan və Ermənistanın QHT nümayəndələri görüşsün, yoxsa...

Azərbaycan və Ermənistanın QHT nümayəndələri görüşsün, yoxsa...

Ölkə

16 İyun 2022, 09:34

44 günlük Vətən müharibəsindən sonra Bakı ilə İrəvan arasında bir neçə formatda danışıqlar aparılıb. Müharibə Rusiyanın səyləri əsasında dayandırılsa da, indi tərəflər arasındakı danışıqlara vasitəçilikdə Avropa İttifaqı önə çıxır.

Avropa İttifaqı sülh prosesində siyasi liderlərin görüşlərini təşkil etməklə yanaşı, xalqları sülhə hazırlamaq, sülh mühitinin yaradılması üçün Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri, aparıcı gənc fəallar arasında görüşlər təşkil etməyi planlaşdırır. Bu görüşlərdən ilki Fransada erməni və azərbaycanlı gənclər baş tutdu. 
Ardınca Qeyri-hökumət Təşkilatlarının nümayəndələrinin də görüşlərinin keçirilməsi, fikir mübadiləsinin aparılması haqqında fikirlər, təkliflər ortaya atıldı.


Bununla bağlı Modern.az-a danışan QHT rəhbərləri də təklifləri müsbət dəyərləndirdiklərini bildiriblər. 


Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova xatırladıb ki, müharibədən əvvəl də ermənilərlə bu cür görüşlər keçirilib:

“Belə görüşlər əsasən, üçüncü ölkədə, qonşu dövlətlərdə, xüsusilə Gürcüstanda təşkil olunurdu. 30 illik konflikt dövründə “xalq diplomatiyası” adlandırdığımız görüşlər nəticə vermədi. Bunu sülhyaratma prosesi, birgəyaşayışın təbliği, sərhədlərarası münasibətlərin tənzimlənməsi kimi indikatorlarla ölçürdük. Müzakirələr müxtəlif səpkidə təşkil olunurdu. 44 günlük müharibə dövründə isə aydın oldu ki, sülh tərəfdarlarının hamısı qatı və qəti şəkildə müharibə leyhdarlarına çevrilib. Azərbaycan tərəfindən bu anlaşılandır. Çünki biz torpaqlarımızı işğaldan azad edəcəyimiz təqdirdə birgəyaşayışı planlaşdıra biləcəyimizi vurğulamışdıq. Ermənistanın verdiyi mesaj daha iyrənc idi. Dinc sakinlərin, Gəncənin, Bərdənin, digər bölgələrin bombalanması onların təxribat niyyətlərinin aydın təzahürü idi.

Sözsüz ki, bundan sonrakı prosesdə birgəyaşayış planı olmalıdır. Gənclər, Qeyri-hökumət Təşkilatları arasında dialoqlar başlamalıdır. Bunun üçün isə bir qədər tez olduğunu hesab edirəm. Axırıncı dəfə müstəqil bir qurumun, xarici təşkilatın milli səviyyədə keçirdiyi sorğunun nəticələrinə əsasən, 67 faiz əhali qətiyyətlə ermənilərlə birgəyaşayışın əleyhinə idi. 20 faizə yaxın əhali isə bununla bağlı düşünməyin hələ tez olduğunu hesab edirdi.


Hazırda postmüharibə dövrüdür, konflikt hələ də davam edir. Bu, ölkələrin, dövlətlərin, beynəlxalq münasibətlərin gələcəkdə hansı formatda özünü göstərməsindən asılıdır. Ən əsas məsələ Azərbaycanın şərtləri əsasında sülh müqaviləsinin bağlanması vacibdir. Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu dəfə “Əl-cəzirə”yə müsahibəsində birgəyaşayışa müsbət baxdığını qeyd edib. O, iqtisadi məsələlərə diqqət çəkib. Xüsusilə dəhliz məsələsinin ermənilər üçün "qırmızı xətt" olduğunu bildirib. Bütün bunlar göstərir ki, siyasi, ictimai səviyyədə ermənilərlə görüləcək işlər hələ çoxdur”.  


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli isə hesab edir ki, vətəndaş cəmiyyətinin, KİV-in sülh quruculuğunda iştirakının mümkün forması və formatı hazırda aktual məsələdir:

 

“Beynəlxalq təcrübə göstərir ki, bu istiqamətdə siyasətin düzgün həyata keçirilməsi müsbət nəticələr verir. Hazırda əsas məsələlərdən biri Ermənistan cəmiyyətində  sülh təşəbbüslərinə etimadın yaradılmasıdır. Düşünürəm ki, vətəndaş cəmiyyətinin, KİV-in sülh quruculuğunda iştirakının əsas vəzifəsi diplomatik danışıqların dəstəklənməsi olmalıdır. Xüsusən Azərbaycanın sülh gündəliyinin Ermənistan cəmiyyətinə izah edilməsi aktual məsələdir.
 

Hesab edirəm ki, cəmiyyətlər arasında mümkün sülhün dəstəklənməsi təşəbbüsləri üçün Azərbaycanın irəli sürdüyü 5 əsas şərt  bünövrə rolunu oynamalıdır. Vətəndaş cəmiyyətinin, KİV-in təşəbbüsləri Ermənistan cəmiyyətinə bu şərtlərin regionda davamlı sülhün əldə olunması üçün ən optimal çərçivə və sülh perspektivini aydınladacaq yeganə yol olduğunu inandırmağa xidmət etməlidir. Şübhəsiz ki, bu məsələlərdə Azərbaycanın rəhbərliyinin mövqeyi həlledici amildir. Əgər Azərbaycan rəhbərliyi indiki mərhələdə bunu zəruri hesab edərsə,  diplomatik səylərlə əlaqələnirilməklə bu istiqamətdə fəaliyyətlər həyata keçirilə bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi