Modern.az

Heydər Əliyevin həbs etdirdiyi, Jak Şirakın həbsdən buraxdırdığı eks-nazir öldü

Heydər Əliyevin həbs etdirdiyi, Jak Şirakın həbsdən buraxdırdığı eks-nazir öldü

18 İyun 2022, 11:00

Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev 81 yaşında vəfat edib.

Modern.az-ın məlumatına görə, vaxtilə mərhum dövlət başçısı Heydər Əliyevin komandasında təmsil olunmuş keçmiş kənd təsərrüfatı naziri M.Abdullayevi işdə yol verdiyi bağışlanmaz səhvlər birbaşa həbsə aparmışdı.

“Müzamil İmran oğlu Abdullayev işdə ciddi nöqsanlara yol verdiyinə görə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilsin” – Prezident Heydər Əliyevin 15 oktyabr 1994-cü ildə imzaladığı fərmanda belə deyilirdi...

Müzamil Abdullayev  1941-ci ildə Gəncə şəhərində anadan olub. 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına kimi Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

1996-ci ildə “Surət Hüseynov olayı”na görə vətənə xəyanət ittihamı ilə təqsirləndirilən eks-nazirə əvvəlcə ölüm hökmü kəsilib, sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Daha sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə isə ölkə başçısının əfv fərmanı ilə azadlığa buraxılıb.

Onu ictimaiyyət həbsxanadan xərəkdə çıxması ilə xatırlayır. 

Deyilənlərə görə, Müzamil Abdullayevin həbsdən azad olunmasını o zaman Fransa prezidenti olan Jak Şirak birbaşa Heydər Əliyevdən xahiş edib. Müzamil Abdullayev ixtisasca şərabçı olduğundan Fransada hakimiyyətin üst düzəni ilə geniş əlaqələri varmış. Jak Şirak da Fransanın şərabçılıq biznesi lobbiçilərinin təsiri ilə Heydər Əliyevdən belə bir xahiş edib.
 


Həbsdən çıxandan sonra Müzamil Abdullayev gah Azərbaycanda, gah da Rusiyada yaşayırdı. Bu, onun işi ilə əlaqədar idi. Yəni həm orada, həm də burada yaşayıb, hər iki ölkədə də biznes fəzliyyətilə məşğul idi. O illərdir ki, Moskvada böyük biznes şəbəkəsinə rəhbərlik edirdi. Həbsdən çıxandan sonra M.Abdullayev Moskvaya mühacirət edib, əvvəlcə araq-şərab məhsullarının istehsalı və idxal-ixracı ilə məşğul olub. Sonra onun Azərbaycanda da biznes qurmağına icazə verilib. Məlumatlara görə, sabiq nazir son illər Azərbaycanda kənd təsərrüfatı məhsulları da yetişdirirdi.

Rusiya mediasının da yazdığına görə, Moskva vilayətinin Dolqoprudnıy rayonundakı ən böyük meyvə-tərəvəz bazası Azərbaycanın sabiq kənd təsərrüfatı nazirinə məxsus imiş. Bu bazada çalışanların böyük əksəriyyətinin Azərbaycanın Şəmkir rayonundan olduğu söylənilir.

Onun Rusiyada digər böyük obyektləri də fəaliyyət göstərirdi. Rusiya rəsmi qurumlarında Müzamil Abdullayev fərdi sahibkar kimi qeydə alınmışdı. Rusiya rəsmi qurumlarının məlumatlarında onun əsas fəaliyyət istiqamətlətinin qida məhsulları, içkilər və tütün məmulatlarının topdan ticarəti göstərilirdi. Amma ümumilikdə eks-nazirin 10 istiqamət üzrə işlədiyi bildirilirdi.

 

Qafqazinfo mərhumun sabah Gəncədə torpağa tapşırılacağını yazıb.

Allah rəhmət eləsin...

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI