Sabirabadda özünü yandıraraq intihar edən qazi Elvin Cəfərovun vəfat etməsinin ardınca, daha bir qazi canına qəsd etməyə çalışdı. Əksəriyyət tendensiyanın artacağı ehtimalını əsas götürərək, şəhid ailələri və qazilərin problemləri ilə əlaqədar xüsusi komitənin yaradılmasını təklif edir. Bunu təklif edənlərdən biri də qazi, jurnalist Rey Kərimoğludur. O, sosial şəbəkədə paylaşdığı postunda qeyd edib ki, şəhid ailələri, qazilər, veteranlar və hərbçilərlə iş üzrə ayrıca dövlət komitəsi yaradılmalıdır.
Məsələ ilə əlaqədar fikirlərini Modern.az-la bölüşən deputat Fazil Mustafa isə problemin daha köklü olduğunu hesab edir. Deputat qeyd edib ki, yeni idarəetmə məsələsi müzakirəyə çıxarılmalıdır:
“Necə edək ki, ən ucqar kənddə yaşayan təkcə şəhid ailəsi, qazi deyil, adi adamların problemlərinə belə əlçatanlıq olsun? Buna bütövlükdə baxılmalıdır.
Yeni komitəyə də 50 maşın, 100 işçi, yeni kabinetlər, mövcud şərait yaradılacaq. Həmin vəziyyət olacaq. Türkiyə nümunəsi var, ona baxmalıyıq. Türkiyədə Müdafiə Nazirliyi qeyri-hökumət təşkilatları, vəqflərlə birlikdə işləyir. Bununla bərabər, bələdiyyələr yaxşı fəaliyyət göstərir. Yerlərdə hamını bələdiyyələr yaxşı tanıyır. Seçki keçirib, normal bələdiyyə formalaşdırmaq lazımdır ki, dövlətin üzərindəki yerli problemlər azalsın. Hər şeyi mərkəzləşdirilmiş qaydada dövlət edə bilməz. Asfaltı dövlət çəkir, suyu, qazı dövlət çəkir, hər şeyi dövlət edirsə, aşağıdan vətəndaş təşəbbüsklarlığı yoxdursa, bunun sonu olmayacaq".
Hərbi ekspert Ədalət Verdiyev isə ayrıca qurumun yaradılmasını dəstəkləyir. Onun fikrincə, mərkəzi qurum olmalı və icra hakimiyyətinin daxilindəki şöbələrin işini koordinasiya etməlidir:
“Şöbələr icra hakimiyyətlərinə tabedir. Əvvəl icra hakimiyyətlərinin digər adlarda yaradılmış müvafiq şöbələri bu məsələlərə baxırdı. Rayonlarda funksiyalar yerinə yetirilməyincə, xüsusi şöbələr yaradıldı. Amma biz konkret son nəticəni görə bilmirik. Müharibədən 18-20 ay sonra qazilər ünsiyyət problemi ilə qarşılaşırlar. Başçı ilə ünsiyyət qura bilmədiklərini deyirlər. Ünsiyyət quranlar isə özlərinin sındırıldığını bildiriblər. Hesab edirəm ki, Bakıda mərkəzi qurum olmalıdır və şöbələri idarə etməlidir. Yeni qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, TƏBİB, Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu, Yaşat Fondu və s. ilə əlaqəli işləməlidir. Baş zabitlərdən, bəlkə də generallardan formalaşdırılacaq bir rəhbərliklə təsisat qurmalıyıq”.
Ə. Verdiyev qazinin intiharında adı çəkilən Sabirabadın icra başçısı Siraqəddin Cabbarovun hərbi xidmətdə belə olmadığını söyləyib:
“Belə bir şəxsə “Vətənə xidmətə görə” ordeni də verilib, Sabirabada başçı qoyulub. Adam 14 ildir icra başçısıdır, haqqında bir kəlmə yaxşı rəy yazan olmayıb. Belə adamın rayona rəhbərliyinə nə ehtiyac var?
Qazi özünü yandırdı, öldü. Bizim Ombudsmanın niyə səsi gəlmir? Halbuki, onun vəzifəsidir. Yaradılmasını təklif etdiyimiz agentlik daimi olmaya bilər. Amma qazilərin, şəhid ailələrinin problemlərini həll edənə qədər strukturunu kiçildə bilərik. İcra başçılarının bəziləri o qədər çirkaba bulaşıb ki, insanların içinə çıxmağa belə qorxurlar”.