İkinci Qarabağ müharibəsinin başa çatmasından iki ilə yaxın zaman ötsə də, vaxtaşırı qazilərin intihar xəbərləri yayılır. Bu məsələ dəfələrlə müzakirə olunsa da, yayılan bəd xəbərlər problemin həll yolunun tapılmadığını göstərir.
Bir müddət öncə Sabirabadda özünü yandıraraq intihar edən qazi Elvin Cəfərovun vəfatı ilə məsələ yenidən aktuallaşdı. Qazinin intihara cəhd etməzdən öncə yaydığı videoda Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarov haqqında ittihamları diqqət çəkdi. Elvin Cəfərov icra başçısının onu qəbul etmədiyini, işlə təmin etməkdən boyun qaçırdığını, hətta aşağıladığını bildirirdi. Yayılan videoda qazi israrla sındırıldığını, buna dözmədiyini vurğulayırdı.
Hadisənin səs-küyü ilə icra başçılarının səriştəsizliyi, qazilər və veteranlarla bağlı fəaliyyətsizliyi ilə yanaşı, qazilərin psixoloji reabilitasiyalara cəlb edilməsi də gündəmə gəldi. Çoxları düşünürlər ki, qazilərə təkcə maddi yardım edilməsi, sosial təminatlarının yaxşılaşdırılması kifayət etmir, bütün bunlarla paralel psixoloji dəstəyin göstərilməsi də önəmlidir.
Bu məsələdə qardaş Türkiyənin təcrübəsini nümunə gətirənlər, Azərbaycanın məhz bundan faydalanmalı olduğunu qeyd edənlər də var.
Bəs Türkiyə təcrübəsi bu məsələdə hansı üstünlüklərə sahibdir? Qazilərin psixoloji reabilitasiyası qardaş ölkədə necə həyata keçirilir?
Bununla bağlı Modern.az-a danışan Türkiyənin tanınmış psixoloqu Emel Kalınkılıçın sözlərinə görə, qardaş ölkədə qazilər üçün həyata keçirilən bir çox layihələr mövcuddur. Psixoloq vurğulayıb ki, dövlət bu məsələdə çox həssasdır:
“Formalaşmış bir təcrübə də var. Qazilərimiz ilk yaralanma anından etibarən hansı xəstəxanaya yerləşdiriləcək, göndərişlə başqa xəstəxanaya gedəcəkmi, reabilitasiyası necə aparılacaq, sonrakı həyatına necə davam edəcək, hansı üstün haqlara sahib olacaqsa, bütün bunlar bilinən və sistemli haldadır. Xəstəxanada qazilər ilk müdaxilələri həyata keçirildikdən, əməliyyatları edildikdən sonra aidiyyatı xəstəxanaya gəlirlər. Orada da müalicələri davam etdirilir. Sonradan isə qazilərimiz üçün tikilmiş xüsusi reabilitasiya mərkəzinə keçirlər. Bu mərkəzdə bir çox müalicə həyata keçirilir. Qazilərimizin təkcə fiziki deyil, psixoloji sağlamlığı ilə də məşğul olurlar. Bura əslində fiziki müalicədən çox əvvəlki həyatına qaytarılma üçün çalışan bir mərkəzdir. Fizioterapiya, ünsiyyət terapiyası, psixoterapiya məşğulliyyət terapiyası kimi bir çox xidmətlərlə təmin edilirlər. Onlar cəmiyyətdəki mövqeyini, günlük həyatını bərpa etmək üçün hazırlanırlar. Hər sahənin öz mütəxəssisi qazilərlə tək-tək məşğul olur”.
Qazilərlə reabilitasiya həyata keçirəcək müxtəxəssislərə tövsiyələrə gəlincə, Emel Kalınkılıç vurğulayıb ki, reabilitasiya zamanı həmin insanın həyatının geridönülməz şəkildə dəyişdiyini unutmaq olmaz:
"Yəni qazinin həyatı bir daha əvvəlki kimi olmayacaq. Şəxs həyatının əvvəlki kimi olmamasını bir son, bitiş, ölümə bərabər durum kimi qəbul edir. Reabilitasiyada həyata keçirilməsi vacib olan ilk mərhələ də məhz budur. Qazilərə bədən üzvlərini itirməyin, yaralanmağın bir son olmadığını izah etmək, sadəcə bir dəyişim olduğunu, həyatın bundan sonra da davam edəcəyini, amma fərqli formada yaşamalı olduğunu izah etmək vacibdir. Əgər bunu göstərməyi bacarsanız, sonrakı mərhələdə də irəliləyiş əldə etmək mümkün olacaq.
Bundan sonra qazilərin həyatında bir məna və hədəf olmağı vacibdir. Bu insanları təqaüdə göndərmək, işsiz-gücsüz şəkildə evinə yola salmaq olmaz. Belə davam etsə, onlar həyatı sorğulamağa, əvvəlki günləri üçün darıxmağa başlayırlar. Çünki bu insanlar çox gəncdir. Təqaüdə göndərilməsi əslində şəxsin fiziki, mənəvi və ruhi olaraq enerjisini aşağı salan prosesdir. Ona görə də, onları istiqamətləndirmək vacibdir. Yeni bir hobbi, ixtisas, əvvəl məşğul olmadığı bir işlə məşğul olmaq faydalı ola bilər".
"Bir məqamı da qeyd etməliyəm. “Fantom ağrı” deyə rasional gerçək var. Ciddi itkisi olan qazilərdə, məsələn qolu, ayağı kəsilən, hansısa orqanını itirən hərbçilərimizdə “fantom ağrı” gündəlik həyata çox təsir edən məqama çevrilir. Biz qərb tibb texnikaları ilə belə problemləri müalicə edə bilmirik. Qazinin məsələn, qolu kəsilib, amma qaşınır, ayağı kəsilib, amma ağrıyır. Bu, olmayan orqanın ağrısıdır. Bu problemlərin həlli üçün enerji psixologiyasının texnikalarından istifadəni məsləhət görürəm. Bununla həyat qabiliyyətini aşağı salan ağrıların azaldığının şahidi olmuşam. Biz hər şeyi bədən parçaları, fiziki terapiya ilə açıqlaya bilmərik. Mənəvi, psixoloji, enerji terapiyalarına müraciət edərək, onların problemlərinə çarə olmağa çalışmalıyıq”.