“Düşmən 44 gün ərzində “dəmir yumruq”la başına aldığı zərbədən dərs almayıb. Ermənilər hələ də dərk edə bilmirlər ki, “dəmir yumruq” yerindədir və bu dəfə əvvəlkindən də daha güclüdür. Xalqımız, millətimiz, qeyrətli oğlanlarımız “dəmir yumruq” ətrafında birləşiblər. Bu birlik daimi olacaq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında biz həmişə bir olub, irəli addımlayacağıq”.
Bunu Modern.az-a Azərbaycan Ordusunun “Qisas” əməliyyatından danışan Milli Qəhrəman İbad Hüseynov deyib. Onun sözlərinə görə, düşmən bilməlidir ki, bizim “qırmızı xəttimizi” keçmək olmaz:
“Uğurlu əməliyyat nəticəsində bir sıra hərbi strateji yüksəkilikləri aldıq. Artıq düşmənin hərəkətlərini daha yaxşı məsafədən nəzarət altında saxlaya biləcəyik. Belə getsə, düşməni torpaqlarımızdan tamamilə çıxaracağıq. Əməliyyatın gedişini yaxından izləyirəm, eyni zamanda dostlardan da bu barədə məlumatlar alıram. Deyə bilərəm ki, əməliyyatların gedişi olduqca mükəmməldir”.
İ.Hüseynov şəhidimizin qisasının artıqlaması ilə alındığını söyləyib:
“Düzgün strategiya ilə aparılan antiterror əməliyyatı zamanı düşmən layiqincə cəzalandırıldı. Qeyrətli oğullarımız “dəmir yumruq”la düşməni əzir. Təəssüf ki, bir əsgərimiz şəhid oldu. Ancaq şəhidimizin qanını 5-10 qat artıqlaması ilə aldıq.
Unutmamalıyıq ki, torpağı torpaq edən üstündəki qandır. Yəni torpaqda şəhid qanı yoxdursa, ondan torpaq olmaz. Bu əməliyyat həm də düşmənə onların tezliklə buradan asanlıqla çıxarıla biləcəyini aydın göstərdi. Düşməni təşvişə saldı. Azərbaycanın dominantlığını bir daha sübuta yetirdi. “Qisas” əməliyyatı düşmənə göz dağı oldu. Hələ bundan sonra düşmənə daha çox göz dağı verəcəyik”.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarını kobud şəkildə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, erməni terrorçuları Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Azərbaycan Ordusu düşmən təxribatına cavab olaraq “Qisas” cavab əməliyyatına başlayıb. Əməliyyat nəticəsində terrorçu dəstələr ağır itkilər verib, eyni zamanda Qırxqız yüksəkliyi, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər hərbçilərimiz tərəfindən nəzarətə götürülüb.