Son günlər ərzində bir neçə Ermənistan vətəndaşı Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildiriblər. Vaqe Qambaryan adlı erməni və sülh təşəbbüsləri ilə tanınan bloqer İşxan Verdyan Azərbaycan vətəndaşı olmaq istəyənlər sırasındadır.
Adları çəkilən ermənilər sosial şəbəkə vasitəsilə videomüraciət yayaraq, Ermənistan pasportundan imtina etdiklərini açıqlayıblar.
Qambaryan müraciətində Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunda olduğunu söyləyib: “Gələcəkdə Xankəndi şəhərində yaşamaq istəyirəm. Mən Azərbaycan xalqını sevirəm, hörmət edirəm və qiymətləndirirəm”.
Bloger İşxan Verdyan isə müraciətində bildirib: "Həmişə demişəm ki, Ermənistana getməyən və Qarabağda qalmayan ermənilər Azərbaycan vətəndaşlığını alıb Azərbaycan cəmiyyətinin bir hissəsinə çevrilməli olacaqlar. Və fikrimi dəyişmirəm...
Göstərmək istəyirəm ki, ermənilər Qarabağda təhlükəsiz və hətta gözəl şəkildə yaşaya bilərlər. Bunu nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edirəm: Hörmətli cənab Prezident, Sizdən xahiş edirəm ki, mənə Azərbaycan vətəndaşlığı və Xankəndidə yaşayıb işləməyə icazə verəsiniz”.
Bəs, ermənilərə Azərbaycan vətəndaşlığı veriləcəkmi?
Bu barədə Modern.az-a danışan Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib ki, belə müraciətlər özlüyündə müsbət haldır. Lakin indiki durumda vətəndaşlıq üçün müraciət edən ermənilərin kimliyi ciddi araşdırılmalıdır.
Deputatın sözlərinə görə, qalib ölkə olduğumuzdan etnik mənsubiyyətindən asılı olmayaraq, bir çox şəxslər Azərbaycan vətəndaşlığı almaq niyyətinə düşə bilər:
“Məsələ burasındadır ki, söhbət ermənilərdən gedirsə, burada xüsusi yanaşma tətbiq edilməlidir. Yəni münaqişəyə qədər Azərbaycanda daimi yaşamaqla bağlı qeydiyyatı olan ermənilər müraciət edirlərsə, bu ayrıca kateqoriya kimi qiymətləndirilməlidir. Buna münasibət təbii ki, fərqli ola bilər. Ancaq ümumiyyətlə, Azərbaycanla heç bir əlaqəsi olmayan, heç bir hüquqi bağlantısı olmayan erməni əsilli insanların Azərbaycan vətəndaşlığı almaqla bağlı müraciətlərinə isə tamamilə fərqli mövqedən yanaşmaq olar.
Bütün hallarda düşünürəm ki, Qarabağ münaqişəsinə qədər, yəni sovet dövründə Azərbaycan vətəndaşı hesab edilənlərin müraciətinə baxılması mümkündür. Çünki Azərbaycan bəyan edib ki, Qarabağdakı ermənilərdən bizim qanunlarımızı qəbul edən və cinayət törətməmiş şəxslərin Azərbaycan vətəndaşlığını qəbul etməsi məsələsinə baxıla bilər”.
Milli Məclis üzvü qeyd edib ki, qalib ölkənin vətəndaşı olmaq üçün edilən müraciətlər müsbət hal kimi qiymətləndirilməlidir:
“Bütövlükdə qalib ölkənin vətəndaşı olmaq istəyənlərin bu cür münasibətlərini müsbət qiymətləndirirəm. Ancaq bu çağırışların hüquqi nəticə ilə yekunlaşması yuxarıda sadaladığımız kriteriyalar əsasında mümkün ola bilər. Ümumilikdə, kiminsə Azərbaycan vətəndaşı olmasına gəldikdə isə bu, Azərbaycan qanunlarına görə dövlət başçısının səlahiyyətində olan məsələdir”.