Modern.az

Bu şəxslər partiya üzvü ola bilməzlər - QADAĞA

Bu şəxslər partiya üzvü ola bilməzlər - QADAĞA

Ölkə

7 Sentyabr 2022, 15:35

Siyasi partiyalara üzvlüklə bağlı yeni qaydalar təklif edilir. 

 

Modern.az xəbər verir ki, bu barədə "Siyasi partiyalar haqqında" yeni hazırlanan qanun layihəsinin ilkin versiyasında qeyd edilib. 

 

Layihəyə əsasən, bir şəxs yalnız bir siyasi partiyanın üzvü ola bilər. Siyasi partiyanın üzvü partiyanın yalnız bir yerli təşkilatında qeydiyyatda ola bilər.

 

Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.

 

Siyasi partiyaya üzvlük irqi, etnik, dini, dil, cinsi, mənşə, əqidə və sosial mənsubiyyətinə görə məhdudlaşdırıla bilməz.

 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməzlər.

 

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsində bu da qeyd edilib ki, Azərbaycan Respublikası məhkəmələrinin hakimləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), hərbi qulluqçular, həmçinin prokurorluq,  ədliyyə, daxili işlər, gömrük, fövqəladə hallar, miqrasiya, xarici işlər, vergi orqanlarının xüsusi rütbəli əməkdaşları, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin və Hesablama Palatasının üzvləri, din xadimləri, notariuslar siyasi partiyanın üzvü ola bilməzlər və siyasi partiyanın fəaliyyətində iştirak edə bilməzlər. Həmin şəxslər işə (xidmətə) başlamazdan qabaq siyasi partiyanın üzvlüyündən çıxmalıdırlar.

 

Bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslər istisna olmaqla, digər dövlət qulluqçuları, həmçinin dövlət adından yaradılaraq müvafiq sahədə dövlət siyasətini həyata keçirən və hakimiyyət səlahiyyətinə (nəzarət, yoxlama, hüquqmüəyyənedici sənədlərin verilməsi və ya məsuliyyət tədbirlərinin tətbiqi) malik olan publik hüquqi şəxslərdə inzibati vəzifə tutan əməkdaşlar siyasi partiyanın üzvü ola bilələr, lakin qulluq vəzifələrini icra etdiyi vaxtda siyasi partiyanın fəaliyyətində iştirak edə bilməzlər.

 

Həmkarlar ittifaqları birliklərinin sədrləri və ya onların müavinləri eyni zamanda siyasi partiyanın orqanında təmsil oluna bilməzlər.

 

Siyasi partiyanın bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş təsisçiləri partiyanın üzvləri hesab olunurlar.

 

Şəxsin siyasi partiyadakı üzvlüyünə aşağıdakı hallarda xitam verilir:

 

- şəxs öz ərizəsinə əsasən siyasi partiyanın üzvlüyündən çıxdıqda;

- şəxs öldükdə və ya məhkəmənin qərarı ilə ölmüş elan edildikdə;

- şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə;

- şəxs məhkəmənin qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 

- şəxs siyasi partiyadan xaric olunduqda.

 

Siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI