Modern.az

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Ölkə

8 Sentyabr 2022, 10:16

Qarabağ Azadlıq Təşkilatının varisi kimi yaradılan Azad Vətən Partiyası artıq Ədliyyə Nazirliyi tərəfindən rəsmən dövlət qeydiyyatına alınıb. Sentyabrın 6-da partiyanın sədri Akif Nağıya nazirlikdə dövlət qeydiyyatı haqqında şəhadətnamə təqdim olunub. 

 

Sosial şəbəkələrdə uzun illər QAT-a rəhbərlik edən Akif Nağının partiyasının hansı siyasi mövqedən çıxış edəcəyi barədə müxtəlif fikirlər dolaşır. Partiyanın siyasi xətdə daha çox İrana meyilli olacağı və dini meyalara əsaslanacağı iddia edilir. 

 

Bu iddialara aydınlıq gətirmək üçün Akif Nağının özü ilə əlaqə saxladıq. 

 

O, Modern.az-a açıqlamasında bildirib ki, beynəlxalq əlaqələr partiyanın əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Bundan əlavə, A.Nağı rəhbəri olduğu Azad Vətən Partiyasının görəcəyi işlərdən söz açıb:

 

“Biz beynəlxalq koalisiyaya qoşulmamağı əsas prinsip kimi götürmüşük. Çünki bu zaman partiyanın üzərinə koalisiya tərəfindən müəyyən öhdəliklər qoyulur. Partiyalarla əməkdaşlıq yalnız fərdi qaydada və konkret məsələlər üzərində qurulacaq. Yəni Türkiyənin, yaxud hansısa Avropa ölkəsinin partiyaları ilə müəyyən bir mövzu çərçivəsində beynəlxalq konfranslar keçirə bilərik. Burada ən vacib məqamlardan biri məhz beynəlxalq media qurumları ilə əlaqə qurmaqdır. Bu, Azərbaycan həqiqətlərinin tanınmış beynəlxalq media qurumları vasitəsilə obyektiv şəkildə yayılmasına xidmət edəcək. Cəmiyyətlərarası əlaqələrə də geniş yer ayıracağıq. Yəni tək ölkəmizdə yox, xaricdə siyasi xətti bizim partiya ilə kəsişən partiya və sivil toplumlarla, diaspor təşkilatları ilə fəaliyyətimizi geniş şəkildə inkişaf etdirəcəyik. Bundan əlavə, 2015-ci ildə yaratdığımız Beynəlxaq Qarabağ Forumunun işlərini davam etdirməyi düşünürük. Qarabağla, Zəngəzurla bağlı həqiqətlərin dünyaya çatdırılması, eləcə də birgə müəyyən tədbirlərin həyata keçirilməsi istiqamətində işlər davam etdiriləcək”.

 

Dini məsələlərə gəlincə, A.Nağı ittihamları qəbul etmədiyini söyləyib. O, partiyasının fəaliyyətinin dinə söykənməyəcəyini vurğulayıb:

 

“Yeni partiya olduğu üçün onu hərə öz xəttinə uyğun görmək istəyir. Ancaq biz partiyamızın xəttini, məqsəd və prinsiplərini açıqca bildirmişik. Burada əsas 3 məqsədimiz var. Birinci məqsədimiz Qarabağ və Zəngəzurda tam qələbəyə nail olmaqdır. İkinci məqsədimiz Azərbaycanın dünya münasibətlər sistemində özünə layiq yer tutmasıdır. Üçüncü məqsəd isə Azərbaycanın daxili və xarici cəhətdən müstəqil siyasət yeritməsi ilə bağlıdır. Sözsüz ki, istiqamətlərimiz içərisində milli və mənəvi dəyərlərimiz də xüsusi yer tutacaq. Heç kim onun üstündən xətt çəkə bilməz. Bu, bizim partiyamızın nizamnaməsində yer alıb. Ancaq dini meyarların əsas götürüləcəyi ilə bağlı yayılan məlumatlar cəfəngiyyatdır. Bu sözləri deyənlər bizim partiya ilə bağlı yanlış fikir formalaşdırmaq istəyirlər".

 

Akif Nağı onu da qeyd edib ki, partiyasının əsas siyasi xətti milliyətçilikdir:

 

"Biz milliyətçiliyin vətənsevərlik, torpaqsevərlik çalarlarına üstünlük verəcəyik. Kursumuz sol mərkəzçi olacaq. Yəni əsas hədəfimiz sosial problemlərin qaldırılması, işıqlandırılması və onların həllinə kömək etməkdir. Yaxın günlərdə partiyanın nizamnaməsi ilə bağlı mənim canlı yayımlarım olacaq. O zaman hər şeyi təfərrüatları ilə açıqlayacam”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama