Yeni tədris ilinə sayılı günlər qala paytaxt Bakının ənənəvi tıxac problemi də qabarmağa başlayıb. Tənqidlər, görülən tədbirlər isə səmərə vermir. Dünya praktikasında tıxaclardan qurtulmaq üçün iş saatlarının dəyişdirilməsi ənənəsindən istifadə edilir.
Bəs bizdə necə, hamının eyni saatda işə gəlib, eyni saatda işdən çıxması mütləqdirmi? İş saatlarının dəyişdirilməsilə tıxac problemini aradan qaldırmaq olarmı?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, dünya ölkələrində iş qrafiklərinin dəyişdirilməsi Avropada, Monteneqroda tətbiq edilir.
Deputat tıxacdan yaxa qurtarmaq məsələsində pessimistdir:
"İş vaxtı dəyişdikdə də bir xeyri olmayacaq. Həmin adam yenə də avtobusa minəcək. Ən yaxşısı metro ilə hərəkət idi. Ancaq Alternativ metro tikintisi də dayandırılıb, alternativ nəqliyyat da yoxdur. Müasir dövrdə bu nədir? Bunlar heç biri həyata keçirilmədi. İndi bu yarıtmaz fəaliyyətin əziyyətini vətəndaşlar çəkməlidir".
Fazil Mustafanın fikrincə artıq bir çıxış yolu axtarmaq mənasızdır:
“Sadəcə olaraq, bu istiqamətdə proqramlı fəaliyyət yoxdur. Əgər proqramlı fəaliyyət olsaydı, universitetlərin bir qismi şəhərin mərkəzindən köçürülərdi. Elm və Təhsil Nazirliyinin infrastrukturunda uşaqları evdən məktəbə daşımaq üçün xüsusi nəqliyyat vaitələri yer alardı. Bununla da, valideynlər övladlarını öz maşınlarıyla aparmalı olmazdı. Əhalininin regionlara yönləndirilməsi məsələsi bu baxımdan effektiv ola bilərdi. Ancaq bu məsələlərin heç birinə baxılmadı. Artıq hər şey üçün gecdir. Bütövlükdə xalqımız bu tıxacdan əziyyət çəkməlidir. Çalışmalıdır ki, əsəblərini gücləndirsin. Alman aptekindən dərmanlar alıb indidən hazır qoymaq fayda verə bilər. Düşünürəm ki, gələn ilin yayına qədər insanlarımız dözə bilər”.
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov da iş vaxtlarının dəyişdirilməsinin məsələni həll etməyəcəyini bildirib.
“Birincisi bizdə qeyri-formal əmək bazarı yüksək səviyyədədir. Buna görə də, kimin işə nə vaxt gəlib, nə vaxt gedəcəyini təzimləmək olmayacaq. Ölkədə bir-iki zavod-fabrik var. Müəssisələr əsasən dövlət sektoruna aiddir. Dövlət sektorunda da iş qrafikinin dəyişiləcəyinə inanmıram. Lap dəyişiklik olsa belə, hansısa nəticənin olacağını düşünmürəm”.
S.Məmmədov yol hərəkətlərinin nizamlanmasının vacib olduğunu bildirib:
“Yol hərəkətində intizamı artırmaq vacibdir. Saxta imtiyazlı maşınlar var, dövlət tərəfindən bunlara nömrə veriblər. Harda gəldi saxlayırlar. Onları cəzalandıran da yoxdur. Nümunə kimi Hesablama Palatasının qarşısındakı vəziyyəti göstərmək olar. Heç kim onlara bir söz demir. Cərimə yazan da yoxdur. Ona görə də, tənzimləmə olacağını düşünmürəm. Elə belə də yaşamağa davam edəcəyik”.