Ötən gün Amerikada fəaliyyət göstərən azərbaycanlı jurnalist Sevinc Osmanqızının verilişində Şəhidlərimiz təhqir edilib. Canlı yayımlanan verilişdə aparıcı və onun qonaqları sentyabrın 12-si gecə saatlarından başlayan erməni təxribatının qarşısını almaq üçün canlarından keçən hərbçilərimiz haqqında antimilli fikirlər səsləndiriblər.
Xaricdə yaşayan və dövlətimizə qarşı addımları ilə tez-tez “gündəmə gələn” həmin şəxslər Azərbaycanı təcavüzkar adlandırıblar. Eyni zamanda torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin Şəhid adlandırılmasının əleyhinə olduğunu deyiblər.
Modern.az-ın məlumatına görə, Şəhid Polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini sədri Sevinc Orucova bu şəxslərə qarşı tədbir görülməsinin vacib olduğunu dilə gətirib.
O qeyd edib ki, Şəhid ailələri, onların yaxınları Şəhidlərin həmin şəxslər tərəfindən təhqir edilməsindən ciddi narahatdır.
“Mən onlara cavab vermək belə istəmirəm. Biz Azərbaycanın gələcəyi üçün, var olması üçün çalışan insanları, ən əzizlərimizi itirmişik. Bu gün də mücadiləmiz davam edir. Azərbaycanın, Vətənimizin ərazi bütövlüyünün qorunması, sərhədlərimizin müdafiəsi naminə fədakarlıq göstəririk. Əsgərlərimiz şəhid olublar. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün acılı günlərdir. Vətən oğullarının itkisi bizim hər birimizin canını acıtmalıdır. Dünyanın hansı ölkəsində yaşamağımızın fərqi yoxdur. Düşmən tərəfin reaksiyasına baxın. Sülh müqaviləsini imzalamaqdan imtina edirlər. Qarşı tərəf düşmənçiliyini saxlayırsa, ərazi bütövlüyümüzü tanımırsa, azad etdiyimiz torpaqları yenidən işğal etmək istəyirsə, biz necə sakit dayana bilərik? Müharibə bitməyib. Onlar bizim sərhədlərimizi tanımırlarsa, müharibə bitmiş sayılmayacaq. Bacardığımız qədər milli kimliyimizi, Şəhidlərimizi qorumağa borcluyuq.
Bizim oğullarımız Vətən müharibəsində öz sözünü dedi. Bizim üzərimizə düşən isə hər bir təxribatda Zəfəri layiqincə qorumaqdır. İnformasiya müharibəsində, siyasi müstəvidə, sərhədlərimizin müdafiəsində, ölkənin daxilində qorumalıyıq. Bunu edə bilməyəcəyiksə, Şəhidlərimizin məzarını nə üzlə ziyarət edə bilərik?
Hamımız çalışmalıyıq ki, müqəddəs missiyanı layiqincə sona çatdıraq. Ermənilər Qafqazda Azərbaycanın üstünlüyünü, ərazi bütövlüyümüzü tanımalıdır. Biz torpaqlarımızı qan bahasına geri qaytarmışıq. 30 ildə bizə etdiklərini, faciələrimizi, soyqırımlarını unuda bilmərik. Sentyabrın 12-si mövqelərimizə məhz ermənilər hücum ediblər. Əsgərlərimizi Şəhid ediblər. Biz nə etməliydik? Oturub gözləməli idik ki, yenidən qanla geri aldığımız torpaqlarımzı işğal etsinlər?
Xaricdə, ya da elə ölkənin daxilində Azərbaycana qarşı bu cür ifadələr işlətmək Şəhidlərimizin qan bahasına apardığı mücadiləyə kölgə salır. Hüquq mühafizə orqanları heç bizim müraciətimizi gözləmədən belə şəxslərə qarşı öz işini görməlidir. Biz bu məsələ ilə bağlı aidiyyatı orqanlara müraciət edirik. Şəhdilərimizə qarşı bu cür antimilli mövqe qoyan, bizi təhqir edən qüvvələr cinayət məsuliyyətinə cəlb edilməlidir. Necə yəni, torpaqlarımız uğrunda Şəhid olanlar Şəhid deyil. Bu ifadəni ancaq erməni işlədə bilər”, - deyə Sevinc Orucova qeyd edib.