Modern.az

XİN-in eks-sözçüləri: Kim hansı vəzifədə ÇALIŞIR...

XİN-in eks-sözçüləri: Kim hansı vəzifədə ÇALIŞIR...

Ölkə

18 Oktyabr 2022, 16:14

Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı sərəncamla Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bu təyinatla Leyla Abdullayeva XİN-in mətbuat katibi vəzifəsindən səfir göndərilən diplomatlar sırasına qoşulub.

 

Modern.az yüksək vəzifəyə təyinat alan XİN-in Mətbuat xidmətinin eks-rəhbərləri haqqında məlumatları təqdim edir:

 

2000-ci illərin əvvələrində XİN-in mətbuat katibi Mətin Mirzə olub. O, KİV-lə uğurlu əlaqələr yarada bilən mətbuat katibi kimi yaddaşlarda qalıb. Mətin Mirzə 2006-cı ildə vəzifəsindən ayrılıb. İki il sonra Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir vəzifəsində çalışıb. O, 3 il səfir müşaviri olub. Gənc diplomat 2011-ci ildə Azərbaycana qayıdıb və nazirlikdə fəaliyyətinə davam edib.

 

(Mətin Mirzə)


2013-cü ilin sentyabrında yenidən səfir müşaviri kimi təyinat alıb. O, bu dəfə Azərbaycanın Çindəki səfirliyində işə başlayıb. Bu vəzifədə beş il çalışıb. Yenidən Azərbaycana qayıdan diplomat bir az fasilədən sonra nazirlikdə xidmətini davam etdirib.

 

Mətin Mirzədən sonra XİN-in mətbuat xidmətinə Tahir Tağızadə gətirilib. O, bu vəzifədə təxminən bir il müddətində çalışdıqdan sonra 2007-ci ildə Azərbaycanın Çexiyadakı səfiri təyin edilib. 2014-cü ildə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

 

O, 2021-ci ilin iyulun 23-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri göndərilib.

 

Diplomat ingilis, rus, çex və slovak dillərini bilir.

 

(Tahir Tağızadə)

 

Qeyd edək ki, Tahir Tağızadə tanınmış kinorejissor, ssenari müəllifi, aktyor Tofiq Tağızadənın oğludur.  

 

2007-ci ildən XİN-in mətbuat xidmətinə Xəzər İbrahim rəhbərlik etməyə başlayıb. Xəzər İbrahim də burada uzun müddət qalmayıb. Belə ki, diplomat 2009-cu ildə Azərbaycanın ABŞ-dakı səfirliyinə müşavir vəzifəsinə göndərilib. İki il sonra Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib. 

 

Daha sonra Xəzər İbrahim 5 oktyabr 2017-ci ildə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə gedib, 2021-ci ildə geri çağırılıb. O, 26 iyul 2021 tarixində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.  

 

(Xəzər İbrahim)

 

2009-ci ildə XİN mətbuat xidmətinin rəhbəri postuna Elxan Poluxov gətirilib. O, cəmi 2 il bu vəzifədə çalışıb. 2011-ci ildə Azərbaycanın Cənubi Afrika Respublikasında səfiri təyin edilib. 

 

2016-cı ilin dekabrında Azərbaycanın Braziliyadakı diplomatik missiyasına rəhbər təyin olunub. 

 

Bu il Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında, eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. 

 

(Elxan Poluxov)

 

Dövlət başçısının dünən - 17 oktyabr 2022-ci il tarixində imzaladığı sərəncamla Elxan Poluxov Azərbaycanın Misir Ərəb Respublikasında səfiri postuna təyinat alıb.

 

Elxan Poluxovun XİN-dəki yerinə 2011-ci ildə Elman Abdullayev gətirilib. O, 2014-cü ilin sentyabr ayınadək Xarici İşlər Nazirliyinin mətbuat katibi postuna rəhbərlik edib. 2014-cü ildə Elman Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

 

O, 2020-ci ilə qədər bu vəzifədə çalışıb. Daha sonra E.Abdullayev Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəsi təyin edilib. 

 

Hazırda daimi nümayəndə kimi xidmətini davam etdirir.

 

(Elman Abdullayev)

 

Elman Abdullayevi XİN-in mətbuat katibi vəzifəsində Hikmət Hacıyev əvəzləyib. O, 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyi sistemində çalışıb. Müxtəlif illərdə Azərbaycanın NATO nümayəndəliyində, Azərbaycanın Küveytdəki səfirliyində işləyib.

 

2008-ci ildən Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Təhlükəsizlik problemləri departamentinin 2-ci katibi, 2011-ci ildən isə Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsində çalışıb.

 

2013-cü ilin avqustunda Azərbaycanın Misirdəki səfirliyinin müşaviri kimi uzunmüddətli xarici xidməti ezamiyyətini başa vuraraq Xarici İşlər Nazirliyinə qayıdıb. 2013-cü ilin sentyabrından XİN-in şöbə müdiri vəzifəsində fəaliyyətini davam etdirib.

 

(Hikmət Hacıyev)

 

Hikmət Hacıyev 2014-cü ildən 2018-ci ilə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri olub.

 

O, 18 sentyabr 2018-ci ildə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini, 26 noyabr 2018-ci ildə şöbənin müdiri, 29 noyabr 2019-cu ildə isə Azərbaycan Prezidentinin köməkçisi təyin olunub.

 

Rus, türk, ingilis və fransız dillərini bilir.

 

2018-ci ilin oktyabrında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi vəzifəsinə Leyla Abdullayeva təyinat alıb. 

 

Leyla Yaşar qızı Abdullayeva 1981-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb.  
 

2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. 
 

Azərbaycan Respublikasının NATO yanındakı nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb. 

 

(Leyla Abdullayeva)

 

O, Prezidentin 17 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycanın Fransada səfiri təyin olunub.

 

Ailəlidir, iki övladı var.

 

Leyla Abdullayevanın həyat yoldaşı da diplomatdır. O, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynovdur.

 

Qeyri-rəsmi məlumatlara görə, Leyla Abdullayevadan sonra XİN-in mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. Onun yaxın günlərdə mətbuat katibi təyin olunacağı ehtimal edilir.

 

Ayxan Hacızadə bundan öncə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama