Əməkdar jurnalist Vasif Səmədov
Xəbər verdiyimiz kimi,dövlət başçısı İlham Əliyev bu gün Arif Vasif oğlu Səmədovu Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisi vəzifəsinə təyin edib.
Bu təyinatadək Arif Səmədov iki il idi ki, Prezidentin Protokol xidmətinin rəis müavini vəzifəsində çalışırdı.
Modern.az-ın məlumatına görə, Arif Səmədov 22 iyun 2020-ci il tarixində Prezidentin Protokol xidmətinin rəis müavini vəzifəsinə təyinat almışdı.
Qeyd edək ki, Arif Səmədov məşhur azərbaycanlı jurnalist Vasif Səmədovun oğludur.
Əməkdar jurnalist Vasif Səmədov “Kamil sənətkar”, “Qızıl qələm”, “Zərdabi”, “ Araz” mükafatlarının “Oqonyok” jurnalının laureatıdır.
Əslən Masallı rayonundan olan V.Səmədov Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi “Dünyanın 1000 nüfuzlü şəxsi” adlı biblioqrafik sorğu kitabında jurnalistika üzrə Azərbaycanı təmsil edir.
O, jurnalistikaya “Azərbaycan pioneri” qəzetindən başlayıb. Sonra Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində, “Azərbaycan gəncləri”, “Kommunist”, “İzvestiya”, “Possiyski fermer” qəzetlərində, “Oqonyok” jurnalında və “Literaturnaya qazeta”da çalışıb.
Vasif Səmədov “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın Mərkəzi, Qərbi Asiya ölkələri üzrə xüsusi müxbiri və müxbir bürosunun müdiri, “Kaspiyan-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və prezidenti vəzifələrində işləyib...
Onun bir neçə dilə tərcümə olunmuş, müxtəlif ölkələrin geniş oxucu kütlələrinə çatdırılmış, 20 Yanvar faciəsini təsvir edən “Müdaxilə”, Azərbaycanın Milli qəhrəmanlarının həyat yolunu əks etdirən “Təki Vətən yaşasın”, “Vətən üçün lazım gəlsə” kitabları çıxıb. O, “Beynəlxalq kütləvi informasiya vasitələri” dərsliyinin də müəllifidir.
Vasif Səmədov informasiya blokadasını qıran, Qarabağ həqiqətlərini dünyaya yayan ilk jurnalistlərdəndir.
Onun təşəbbüsü ilə 1996-cı ildə “Oqonyok” jurnalının bütöv bir nömrəsi Azərbaycan Respublikasına həsr olunmuşdu.
Vasif Səmədov “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyinin həmmüəlifidir.