Modern.az

Azərbaycanlı məşhurlardan güneyli soydaşlarımıza DƏSTƏK

Azərbaycanlı məşhurlardan güneyli soydaşlarımıza DƏSTƏK

Ölkə

15 Noyabr 2022, 15:20

Bu gün hər bir azərbaycanlının ürəyi güneyli soydaşlarımızla döyünür. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, milyonlarla azərbaycanlı İranda molla rejiminin amansız təqiblərinə məruz qalan güneyli həmvətənlərimizə dəstəyini ifadə edir, onların tək olmadıqlarını bildirərək, həmrəylik nümayiş etdirirlər.

 

Məşhur azərbaycanlılar da bizdən ayrı düşmüş qardaş-bacılarımıza dəstək mesajlarını Modern.az vasitəsilə çatdırıblar.

 

Siz tək deyilsiniz, bir varıq!

 

 

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev bildirib ki, soydaşlarımız daim diqqətdə saxlanılmalı, onların hüquqları bərpa olunmalıdır:

 

"Güneyli soydaşlarımız tək deyillər, biz hər zaman onların yanındayıq. Mən həmişə qərib ölkədə olan soydaşlarımızı dəstəkləmişəm. Güney azərbaycanlıları da qəlbən dəstəkləyirəm, onların hüquqları tanınmalı, azad cəmiyyətdə yaşamaq istəkləri təmin olunmalıdır. Biz hər zaman onların yanındayıq və inanırıq ki, öz haqlarını əldə edə biləcəklər".

 

Hər zaman yanınızdayıq!

 

 

Xalq artisti Firəngiz Mütəllimova isə deyib ki, harada yaşamasından asılı olmayaraq, həmvətənlərimizə həmişə dəstək olmalı, onların yanında dayanmalıyıq:

 

"Hansı ölkədə olursa olsun, bu torpağın övladı hər yerdə azərbaycanlıdır. Hər zaman güney azərbaycanlılara və bütün azərbaycanlılara dəstək olacağıq. Onların sevinci də, kədəri də bizimdir. Arzumuz odur ki, həmvətənlərimiz xoşbəxt, firavan olsunlar, gözəl günlər yaşasınlar. Güney azərbaycanlılar üçün əlimizdən gələn dəstəyi əsirgəmərik, onlar canımızdan bir parçadırlar".

 

Hər şeyin yaxşı olacağına inanırıq!

 

 

Tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov bildirib ki, sənətçilər ölkə xaricində yaşayan həmvətənlərimizə həmişə dəstək olub və bundan sonra da olacaqlar:

 

“Muğam müsabiqəsində Təbrizdən olan iştirakçılara dəstəyimizi əsirgəmədik. Digər iştirakçıdan zəif olsa belə, onu sona kimi yarışda saxlamalıyıq. Ən gözəl dəyər isə odur ki, onlar fars musiqisi yox, Azərbaycan muğamını ifa edirlər. Azərbaycanda muğam dərsi almış gənclər Təbrizdə muğam məktəbi açıblar, mən də orada dərs demişəm. Güney azərbaycanlılara tam dəstəyik, hər şeyin yaxşı olacağına inanırıq”.

 

Bizim gücümüz birliyimizdədir!

 

 

Xalq artisti Elçin Həşimov qeyd edib ki, azərbaycanlıların güclü olması üçün birliyimiz vacibdir:

 

"Biz harada yaşasaq da, azərbaycanlıyıq. Ürəyimiz bu torpaqla, vətənlə döyünür. Güneydəki soydaşlarımız da Azərbaycanı, bizim adət-ənənələrimizi qoruyub-saxlayır və yaşadırlar. Xarici ölkələrdə Azərbaycanı təmsil etməyə gedəndə bunlara daha yaxından şahid olmuşam. Güney azərbaycanlılara dəstək olmaq bizim borcumuzdur. Onların öz haqlarına qovuşacaqlarına əminik, bu yolda necə addımladıqları da göz önündədir".

 

Qeyd edək ki, cənubi azərbaycanlı soydaşlarımız illərdir öz milli kimliklərini qorumaq, hüquqlarını müdafiə etmək üçün mübarizə aparırlar. İranın molla rejiminin əsarətindən qurtulmağı qarşılarına məqsəd qoyan həmvətənlərimiz təqiblərə və həbslərə baxmayaraq, artıq milli dövlət qurmağı hədəflədiklərini bəyan ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi