Azərbaycanın xarici siyasət arealını genişləndirməsi fonunda yeni səfirliklərin açılması məsələ gündəmə gətirilib. Növbəti mərhələdə təkcə İsraildə deyil, digər ölkələrdə də Azərbaycan səfirliklərin açılmasının dövrün tələbi olduğu bildirilir. İrəli sürülən təkliflərdə yaxın zamanlarda bu istiqamətdə işlərə başlamağın zəruriliyi önə çəkilir.
Bəs, hansı ölkələrdə Azərbaycan səfirliklərinin açılmasına ehtiyac var?
Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, Azərbaycan vaxtilə bağlanmış səfirlikləri bərpa etsə, yaxşı olar:
“Məsələn, Azərbaycanın Avstraliyadakı səfirliyi bağlanılıb. Orada bu gün erməni diasporu çox güclü və fəaldır. Həmin diaspor nümayəndələri Azərbaycan barədə yalan məlumatlar, böhtanlar irəli sürürlər. Ümumiyyətlə, Azərbaycan erməni diasporunun güclü olduğu ölkələrdə səfirliklərini bərpa etməlidir. Əgər səfirlik heç olmayıbsa, yenisi açılmalıdır”.
“Biz indi səbirsizliklə İsraildə Azərbaycanın səfirliyinin açılmasını gözləyirik. Bu çox əhəmiyyətli hadisədir. Çünki İsrail 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək verib. İsrail həm də bizim ciddi tərəfdaşımız və müttəfiqimizdir. Bundan əlavə, bizim Niderlandda, Kanada və bir sıra başqa ölkələrdə səfirliklərimiz olmalıdır. Hazırda Niderlandda səfirliyimizin bərpası üzrə işlər gedir”, - deputat sözlərinə əlavə edib.
A.Mollazadə, həmçinin vurğulayıb ki, parlament diplomatiyasına da xüsusi önəm verilməlidir:
“Biz büdcə müzakirələri zamanı Azərbaycan parlamentinin ezamiyyə xərclərinin artırılmasını tövsiyə etdik. Çünki Azərbaycan geniş parlament assembliyalarında təmsil olunmalıdır. Parlamentlərarası dostluq qruplarının səfərləri təşkil edilməlidir. Parlament diplomatiyası Azərbaycana qarşı əsassız kampaniyalara qarşı mühüm rol oynaya biləcək”.
Deputat hesab edir ki, indiki geosiyasi durumda xaricdə etibarlı dost qazanmaq mütləqdir:
“Azərbaycan bu gün olduğundan daha çox dost qazanmalıdır. Bu, daha çox tərəfdaşa malik olmaq üçün əhəmiyyətlidir. Afrikada, Avropada, Latın Amerikasında elə ölkələr var ki, orada səfirliyimiz yoxdur və biz diplomatik məsələləri qonşu ölkənin səfirliyi vasitəsilə həyata keçirik. Bu məsələni də aradan qaldırmaq lazımdır”.