Xankəndiyə göndərilən azərbaycanlı general: “Bakıdan əlavə kömək istədim”

Xankəndiyə göndərilən azərbaycanlı general: “Bakıdan əlavə kömək istədim”

Ölkə

2 Dekabr 2022, 15:48

Polis generalının Qarabağ salnaməsi...

1988-ci ildə Kremlin xeyir-duası ilə Xankəndidə təşkil olunan mitinqlər ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı terror hərəkatının başlanğıcı oldu. Sonrakı proseslər isə torpaqlarımızın işğalı, soydaşlarımızın öz ata-baba yurdlarından zorla deportasiyası və soyqırımları ilə nəticələndi.

Sözügedən tarixdən 34 il, düz bir qərinə keçməsinə baxmayaraq, bu gün də haylar tarixi Azərbaycan torpaqlarında təxribatlara əl atır, başlarına endirilən “dəmir yumruğ”u görməzdən gəlirlər.

“Tarix ibrət götürmək üçün ən böyük dərsdir”, - bu fikri Xankəndidə illər öncə cərəyan edən hadisələrin içində olmuş polis general-mayoru Kamil Məmmədov deyir. O, baş verənləri deməklə kifayətlənmir, biz oxuyaq, maariflənək, düşmənimizi tanıyaq deyə yaşadıqlarını, şahidi olduqlarını qələmə almağı da unutmayıb. Çünki deyiləndən fərqli olaraq, yazılan qalır. Biz də öz növbəmizdə qocaman generalın xatirələrini sizlərlə bölüşməyi vətəndaş və vəzifə borcu hesab edirik. 

DİN Mətbuat Xidmətinin rəis müavini,
“Polis” qəzetinin redaktoru, polis polkovnik-leytenantı Hafiz Təmirov

***

Qarabağ: mənim ağrım, mənim unudulmayan xatirələrim...


“Mənim üçün Qarabağda müharibə 12 fevral 1988-ci ildə başlamışdı. Həmin gün, Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırovun göstərişi ilə Qarabağa getdim. Xankəndinin erməni əhalisi mərkəzi meydanda "Miatsum! Miatsum!" (Azadlıq!) şüarları səsləndirirdilər.

Fevralın 13-də cərəyan edən hadisələr, meydandakı vəziyyət, bir sözlə, bütün bunlar yerli erməni separatçı hərəkatı və xaricdəki erməni lobbisi tərəfindən cızılan, həmçinin plan üzrə idarə olunan ssenarinin başlanğıcı idi. Ermənilərin yoxsulluq və hüquqlarının pozulması ilə bağlı Moskvaya ünvanladıqları “şikayət” dolu məktubların hədəfində Azərbaycan göstərilirdi. Bu barədə Azərbaycanın daxili işlər nazirinin əməliyyat işi və milis üzrə müavini kimi hesabat hazırlayaraq respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin katibinə yazılı şəkildə təqdim etdim.

Hadisələrin məcrasından çıxdığını və ixtişaşları yatırmaq üçün Azərbaycanın mərhum daxili işlər naziri Aydın Məmmədova müraciət edərək, əlavə xüsusi qüvvələr göndərilməsinin vacibliyini bildirdim. Mənim müraciətimdən iki gün sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katib Vasili Konovalov Qarabağa gəldi. Vəziyyətlə yerində tanış olduqdan sonra o, Qarabağa ezam olunmuş və mənə kömək üçün respublikanın müxtəlif bölgələrindən göndərilmiş 200 nəfərə yaxın milis işçisinə (Şuşa şəhərinin kənarındakı Malıbəyli, Quşçular kəndlərində və Şuşa şəhərinə yaxın digər yaşayış məntəqələrində)  silahlara və zirehli transportyorlara baxış keçirdi.

Konovalov qüvvələrimizə və imkanlarımıza bələd olandan sonra əmr verdi ki, güc tətbiq etməmək şərtilə, yalnız izahat işləri aparılmalıdır. Əks təqdirdə, o, bizi hərbi məhkəmə tərəfindən mühakimə olunacağımızla hədələdi...

Ölkəmin taleyi ilə birbaşa bağlı olan belə bir duruma biganə qala bilməzdim.

Bir müddət sonra Xankəndiyə SSRİ Ali Sovetinin sədr müavini Demiçevin və Sov.İKP MK katibi Razumovskinin başçılığı altında nümayəndə heyəti də gəldi. Erməni separatçıları DQMV-də sosial-iqtisadi həyat səviyyəsinin aşağı olması haqqında nağıllar uydururdular. Razumovski vəziyyətlə bağlı keçirilən iclasda tribunada yan-yana dayanan Azərbaycan təmsilçilərini müdafiə etmək üçün bir söz belə demədi. Onun susqunluğu erməni yalanlarına “qol-qanad” verdi.

Mən çıxılmaz vəziyyətə düşmüşdüm. Üstəlik, Azərbaycan rəhbərliyi faktiki olaraq hakimiyyət “sükanını" Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Daxili İşlər Nazirliyinin tabeçiliyinə vermişdi. Azərbaycanda ermənilərə verilən zülmlə bağlı yalan versiya Sovet hakimiyyəti orqanlarını qane edirdi.


Günbəgün vəziyyət daha da mürəkkəbləşir, meydana toplaşanların sayı çoxalır, bədnam  qonşularımızın aqressiyası böyük bir fəlakətin başlanğıcından xəbər verirdi.

Hər bir şey açıq-aşkar göz önündə idi. Biz Qarabağa və yaxın bölgələrə qoşunların necə cəlb edildiyini, gecə yollarda tankların və ZTR-lərin necə getdiyini, Xankəndinin necə silahlandırıldığını görürdük. Mövcud şəraitlə bağlı yazdığım raportlarıma respublikanın birinci şəxslərindən “əhali arasında izahedici iş aparın. İctimai asayişi qoruyun",- cavabını alırdım.

Öyrədilmiş və təlimatlandırılmış etirazçılar Azərbaycan əleyhinə şüarlar səsləndirir, aqressiv davranır, aralarında ermənilərin çoxluq təşkil etdiyi yerli milis isə demək olar ki, reaksiya göstərmir, əksinə, etirazçıların tərəfini tuturdular.

Bir anı heç vaxt unutmayacam: verdiyim əmrin vilayətin Daxili İşlər İdarəsinin rəisi, Azərbaycanda doğulmuş, polkovnik Armen Arminakoviç İsaqulovun erməni dilinə başqa cür tərcümə etməsi Vətənə xəyanət idi. Onun satqınlığı tabeçiliyimdə müxtəlif millətlərdən olan əməkdaşları da təəccübləndirmişdi. Onun belə canfəşanlığı öz bəhrəsini verdi. Sov.İKP Mərkəzi Komitəsinin nümayəndələrinin toplantısından sonra İsaqulov ermənilərin tərəfinə keçdi və ona polis general-mayoru rütbəsi verildi.

Mən 15-20 nəfərdən və əlavə xüsusi təyinatlılardan ibarət kiçik dəstəmlə bölgədəki partiya komitəsinə - yeganə Azərbaycan obyektinə hücüm edən kütlənin qarşısını alsam da,  bizə güc tətbiq etməyə icazə verilmədi. Konovalov yenidən Qarabağa gələcəyini və təlimatlarının - izahat işləri aparılmasının necə yerinə yetirildiyini yoxlayacağını vəd etdi...

Bu söhbətdən sonra o, Qarabağa heç gəlmədi...


(Armen İsaqulovun əməllərinə hüquqi qiymət vermək üçün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Baş Prokurorluğunun birgə addım atmasını vacib hesab edirəm. Çünki aparılan araşdırmalar çox mətləbləri gün üzünə çıxaracaq).

O vaxt separatçılarla mübarizə aparmaq üçün qərargah yaratdım. Şəhərləri və kəndləri gəzir, əhalini təxribatlara uymamağa çağırırdıq. Sübh çağı erməni millətçilərinin gecə dövlət binalarına asdıqları bayraqları götürür, gündüzlər isə meydanda dayanıb Azərbaycan hökumət obyektlərinə gedən yolu bağlayırdıq. Əminliklə bildirə bilərəm ki, o günlərdə Azərbaycan milisi mübarizənin önündə idi...

Nazir müavini kimi  həmişə informasiya axınının mərkəzində olmuşam. Məlumatlar, xəbərlər, müraciətlər, hətta ən ağılagəlməz şayiələr - bu ciddi və həyəcanlı nişanlar siyasi optimizmə əsas vermirdi.

Məlumat aldım ki, mayın 1-də Xankəndinin əsas meydanında anti-Azərbaycan və hökumət əleyhinə şüarlar səsləndiriləcək nümayiş keçiriləcək. Bölgə partiya komitəsinin birinci katibi Poqosyanın yanına gedərək, ermənilərin bu addımı atmasının yolverilməz olduğunu dedim. O isə heç kimin belə bir şey planlaşdırmadığını bildirdi.

Səhəri günü meydanda "Qorbaçov, bizi xilas edin!", "Biz hamımız birlikdə Ermənistana köçməyə hazırıq!" kimi şüarlar səsləndirən bir qrupu güclə zərərsizləşdirdik. Bu çağırışın məqsədi Azərbaycanı DQMV-nin sərbəst, "müstəqil" dövlət olmağını qəbullanmağa məcbur etmək idi.


Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katib
Əbdürrəhman Vəzirovin İrəvana səfərini unuda bilmirən. Orada ermənilərə vəd etmişdi ki, Mixail Qorbaçova onların ehtiyacları barədə danışacaq. Bu nə demək idi?! Axı o bilməliydi ki, Qorbaçova Zori  Balayan və Silva Kaputikyan bölgədə baş verənlərlə bağlı yetərincə məlumat verirlər...

Nəticədə, erməni millətçilərini razı salmaq üçün Sov.İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti tərəfindən "1988-1995-ci illərdə DQMV-nin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında" bədnam qərar qəbul edildi. Və SSRİ-nin dağılma prosesi başladı! Kreml rəhbərləri bəlkə də heç təsəvvür etməzdilər ki, (hərgah bölgədə millətlərarası düşmənçiliyin ilk toxumlarını elə Kreml özü əkmişdi) Şahnəzərovun, Balayanın, Kaputikyanın “layihələri” sonradan necə dağıdıcı fəlakətə çevrilib Qarabağı azərbaycanlıların qanına bələyəcək.

Yeri gəlmişkən, Vəzirovun əsas müşaviri Azərbaycan daxili işlər nazirinin birinci müavini, general V.Barannikovun Qarabağdakı qara əməlləri ayrıca bir araşdırma mövzusudur.


Təəssüflər olsun ki, Xankəndidə baş verənlərə seyrçi qalmadığımızı, hətta qanuni şəkildə güc tətbiq etdiyimizi görən Azərbaycan əhalisinin Qarabağdan çıxarılması ilə məşğul olan Xüsusi Komitəyə başçılıq edən Sov.İKP MK nümayəndəsi Arkadi Volskinin tələbi ilə qərargahımızı Ağdama köçürdülər.

Çünki qarşısıalınmaz miqyaslı Qarabağ münaqişəsinin azərbaycanlı şahidləri oyundankənar qalmalı idilər. Onlar bu istəklərinə də nail oldular və mən Bakıya geri çağırıldım. Səbəb kimi isə guya mənim Volskinlə “yola getməməyim” göstərilirdi. 

Bakıya qayıtdıqdan sonra 1988-ci ilin 13 dekabrında  general Safonov mənə zəng vurub görüşməyi təklif etdi. Biz görüşdük. O, respublika rəhbərliyinin qəbulunda olarkən mənim Qarabağ probleminin həllinə birinci katibin məsuliyyətsiz yanaşması haqqında sözlərimin yuxarılarda necə hiddət doğurduğunu da dedi. Məni xoşagəlməz sürprizlər gözləyirdi.

Etibarlı mənbələrdən məlumat əldə etdim ki, Vəzirov məni guya nüfuzdan salacaq material toplayır. Hətta ətrafındakılara deyirmiş ki, "Məmmədov Kamil bağışlanmayacaq. O, mənə qarşı getdi. Onu sadəcə DİN-dən işdən çıxartmaqla kifayətlənməyəcəm, lazım gəlsə həbs etdirəcəm"...

Mən oyunların qurbanı olmaq istəmədim və başa düşdüm ki, DİN-də bundan sonra mənim işləməyim mümkün deyil. İstefa barədə “rəhbərliyə”raportla müraciət  etdim.

Təsəvvür edin müharibənin odundan-alovundan keçmiş, tam gücü, enerjisi, biliyi, bacarığı ilə xalqına xidmət edən bir general bağ evinə köçüb həbsini və ya mümkün təxribatı gözləyir...


İşdən azad olunma haqqında əmri mən yalnız beş aydan sonra - 16 may 1989-cu ildə aldım. Çünki həmin müddətdə məni etibardan salan materialların axtarışı uğursuzluqla başa çatmışdı. DİN-də işlədiyim 30 il ərzində bir dəfə də olsun töhmət almamışam. Milis general-mayoru rütbəsini mən 1983-cü ildə SSRİ Nazirlər Şurasının qərarı ilə almışam. SSRİ DİN-in əmrinə əsasən, "general xidməti formasını daşımaq hüququ ilə" işdən azad olunmuşam.  Çəkdiyim zəhmət, Vətənə xidmətim Müzəffər Ali Baş Komandan tərəfindən  "1-ci dərəcəli Vətənə xidmətə görə" ordeni ilə qiymətləndirilib (2011-ci ildə).

Təqaüdə göndərilsəm də, Qarabağda xidmətlərimi dayandırmadım. 1992-ci ilin yanvarında Ağdam şəhərinə getdim. Şəhərin müdafiəsi üzrə DİN qərargahında fəaliyyətimi davam etdirdim.

Keşməkeşli həyatıma, çətin günlərdə xidmət etməyimə baxmayaraq, mən özümü xoşbəxt hesab edirəm. Xoşbəxtəm ki, Vətənimizin düşmənləri ilə mübarizə apararaq ilk günlərdən Qarabağı müdafiəsində dayanmışam. Xoşbəxtəm ki, yüz yaşın astanasında ordumuzun, xalqımızın və möhtərəm Prezidentimiz İlham Əliyevin böyük qələbəsinin şahidi olmuşam”.


KAMİL MƏMMƏDOV 
polis general-mayoru

Sözardı: Tanıdıqları, simsarları ona “sovet generalı” deyirlər. Düzlüyü, prinsipiallığı, qətiyyəti  ilə çoxumuza örnək bir ömür yaşayır Kamil müəllim. Yaşının bu çağında hafizəsi yerində, qələmi əlindədir. Onu sevdirən isə həm də ürəyinin genişliyi, qəlbinin kövrəkliyidir. Yeri gəlmişkən, dekabrın 19-da cənab generalın 91 yaşı tamam olacaq. Bu münasibətlə onu təbrik edir, sağlam canla 100-ü haqlayın deyirik.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran rejiminin soydaşlarımıza qarşı QƏTLİAM PLANI