Modern.az

Zakir Həsənov və Hulusi Akar birgə təlimləri izlədilər

Zakir Həsənov və Hulusi Akar birgə təlimləri izlədilər

6 Dekabr 2022, 12:08

Bu gün Azərbaycan-Türkiyə birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü" keçirilir.

 

Modern.az xəbərinə görə, təlimi müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Azərbaycanın yüksək rütbəli zabitləri izləyib.

 

Hazırda təlim davam edir.

 

Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən "Qardaş yumruğu" adlı Azərbaycan-Türkiyə birgə təlimi keçirilir.

 

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

 

Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

 

Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir.

 

Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

 

Bundan başqa, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində gecə və məhdudgörmə şəraitində müxtəlif tapşırıqlar icra edilib. Təlimlərə Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” qırıcıları cəlb edilib.

 

Xatırladaq ki, dekabrın 5-də Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti təlimləri izləmək üçün Azərbaycana gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir