Modern.az

İranın şəhid ailələrinə uzanan “əli kəsildi” - TƏXRİBAT PLANI

İranın şəhid ailələrinə uzanan “əli kəsildi” - TƏXRİBAT PLANI

7 Dekabr 2022, 12:06

Azərbaycan dövləti və cəmiyyəti daim şəhid ailələrini, qaziləri diqqət mərkəzində saxlayır, onların sosial problemlərinin həlli, mənzil-məişət təminatı əsasən prioritet istiqamət olaraq önə çəkilir.

 

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın yadigaları hər zaman yüksək hörmətə və qayğıya layiqdirlər. Təəssüflər olsun ki, bəzi qüvvələr şəhid ailələrinə və yaxınlarına yardım kampaniyaları adı altında, onlardan öz maraqları üçün istifadə etməyə və bununla da dövlətin gördüyü işlərə kölgə salmağa çalışırlar. Məqsəd Azərbaycanda ən həssas təbəqə olan şəhid yaxınları arasında dövlətə qarşı süni şəkildə narazılıq yaratmaqdır. 

 

Müşahidələr göstərir ki, bu işdə İranın xüsusi xidmət orqanları və onların Azərbaycandakı agentura şəbəkəsi aktiv təxribat fəaliyyəti ilə məşğuldur. Din pərdəsinə bürünən Tehranın casuslarının çirkin planının əsas tərkib hissəsi Azərbaycanda narazı kütlə yaratmaqla dövlətin nüfuzuna, 44 günlük müharibədə əldə edilən tarixi zəfərə zərbə vurmaq və bu yöndə şəhidlərimizin ailələrini önə çəkmək olub. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Zəfər Şəhid Ailələrinə Dəstək İctimai Birlyinin sədri Sevinc Orucova İran kəşfiyyat orqanlarının Azərbaycanda şəhid ailələrindən və qazilərdən çirkin məqsədlər üçün istifadə etməyə çalışdığına şahid olduğunu bildirib:

 

“Şəhid ailələri çox həssas təbəqədir. Onlar doğmalarını itiriblər, buna görə də acıları var. Qazilərimizin yaraları və sağlıq problemləri mövcuddur. Bu insanlara diqqət, şəfqət göstərmək, onların yaralarına məlhəm olmaq hamımızın borcudur. İran xüsusi xidmət orqanlarının maliyyələşdirdiyi bəzi xeyriyyə fondları öz maraqlarına uyğun olaraq müxtəlif yardım kampaniyaları aparırdılar. Əslində onlar bizə yad olan təbliğat işlərini gerçəkləşdirməyə çalışırlar və bu istiqamətdə addımlar atırlar. 

 

Azərbaycanın bir sıra bölgələrində, eləcə də Bakıda dəfələrlə belə hallara şahidi olmuşuq. Onların vahid din pərdəsi adı altında yürütdükləri xeyriyyə işlərini müşahidə etmişik. Mən şəhid ailələri ilə görüşlərdə onlardan ehtiyyatlı və diqqətli olmalarını xahiş etmişəm”.

 

Sevinc Orucova vurğulayıb ki, şəhid ailələrinin və qazilərin fikirlərinin başqa səmtə yönləndirilməsi, onlardan şəxsi maraqlar naminə sui-istifadə halları qətiyyən yolverilməzdir və bu kimi addımların qarşısı alınmalıdır:

 

“Şəhidlər başımızın tacıdır. Onların ailələrinin acısı bizim acımızdır. Biz şəhidləri ona görə itirməmişik ki, kimlərsə onların əzizlərindən sui-istifadə etsin. Bundan əlavə, bizim mövqeyimizi manipulasiya edərək, düşüncələrimizi yanlış istiqamətə çəksinlər. Bizim igid övladlarımız vətənimizin, millətimizin bütövlüyü uğrunda şəhid olublar. Biz onların ideallarının daşıyıcılarıyıq. Məhz buna görə də şəhid ailələrinin, qazilərin fikirlərinin başqa səmtə yönəldilməsinə imkan verə bilmərik.

 

Sentyabr döyüşlərindən sonra Şəhidlər Xiyabanındakı vəziyyəti gördük. Burada da İranın təxribatı açıq idi. Biz dərhal aidiyyatı qurumlara hadisənin qarşının alınması üçün müraciət etdik. Bizdə bütöv Azərbaycan anlayışı var. Cənubdakı qardaşlarımız da, biz də şəhidliyin nə olduğunu bilirik. İstilaya qarşı həmişə mübarizə aparmışıq, bundan sonra aparacağıq.

 

Mən ümid edirəm ki, İranın xüsusi xidmət orqanları və onların casusları nə qədər çalışsalar da, şəhid ailələri və qazilərdən öz çirkin məqsədləri üçün istifadə edə bilməyəcəklər. Biz buna imkan vermərik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər