Modern.az

Naxçıvanda Prezidentin xüsusi nümayəndəsi təyin edilə bilər

Naxçıvanda Prezidentin xüsusi nümayəndəsi təyin edilə bilər

22 Dekabr 2022, 12:34

2021-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na uyğun olaraq iki yeni vəzifə müəyyən edildi. Bunlar Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi və Prezidentin xüsusi nümayəndəsinin müavini vəzifələridir.

Sözügedən fərmana uyğun olaraq, ilk təyinat Qarabağ iqtisadi rayonunda oldu. Ümumilikdə isə, bu struktur dəyişikliyi Azərbaycanda mövcud olan 14 iqtisadi rayonu əhatə edir. 

Vasif Talıbovun 27 ildən sonra ötən gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri postundan istefa verməsi struktur dəyişikliyi məsələsini yenidən gündəmə gətirib. Naxçıvana da Prezidentin xüsusi nümayəndəsi təyin edilə bilərmi?


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov deyib ki, yeni idarəetmə sistemi xüsusi nümayəndə ilə özünü doğruldub:


“Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında mütəmadi olaraq struktur islahatları keçirilir. Bu islahatların bir nümunəsi də xüsusi nümayəndə ilə idaəretmə modeli oldu. Bu strukturun tətbiqindən artıq iki il keçib. Bu iki ildə yeni idarəetmə modeli özünü doğruldub”.


Deputatın sözlərinə görə, Naxçıvana da xüsusi nümayəndənin təyin edilməsinə ehtiyac var:
 

“Mən ümumiyyətlə bir neçə dəfə demişəm ki, Azərbaycandakı iqtisadi rayonlara Naxçıvan da daxil edilsin.  Beləliklə, 15 iqtisadi rayonun hər birində Prezidentin səlahiyyətli nümayəndəsi öz aparatı ilə bir yerdə işləməlidir. Nümayəndələr idarə etdikləri rayonların iqtisadi, siyasi, investisiya yatırımı məsələləri ilə məşğul olmalıdırlar. Yəni Naxçıvanda belə islahatın aparılmasına ehtiyac var”.
 

V.Əhmədovun fikrincə, Naxçıvanda bu islahatları aparmaq üçün ölkə Konstitusiyasında müəyyən dəyişikliklərə ehtiyac olacaq:


“Naxçıvan muxtar respublika olduğu üçün belə bir islahatı referandum yolu ilə həyata keçirmək olar. Gələcəkdə hesab edirəm ki, Naxçıvanla Azərbaycan arasında dəmiryolu, o cümlədən avtomobil yolu açıldıqda, yəni Zəngəzur dəhlizi istifadəyə verildikdə bu məsələnin həlli yetişəcək”.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama