Uzun müddət Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri postunda çalışan və yalnız 27 ildən sonra istefa verməyə məcbur olan Vasif Talıbovun əməlləri müzakirə edilir. Bəzi iddialara görə, Vasif Talıbovun İran İslam Respublikası ilə gizli əlaqələri araşdırılır.
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, əslən naxçıvanlı Sərdar Cəlaloğlu bildirib ki, bir sıra məsələlər Naxçıvanın sabiq rəhbəri ilə İran arasında gizli əlaqələrin olduğunu sübut edir:
“İranla Azərbaycan arasında münasibətlər gərgin olduğu zaman Naxçıvan hakimiyyəti məsələyə heç bir rəsmi münasibət bildirmədi. Bundan savayı, İranın Naxçıvanı ilhaqla, öz ərazisinə qatmaqla bağlı təhdidlərinə Muxtar Respublika camaatı və hakimiyyəti cavab vermədi. Bütün bunlar Vasif Talıbov hakimiyyətinin Azərbaycan hökumətindən fərqli olaraq İranla yumşaq siyasət aparmağa üstünlük verdiyini sübut edir”.
S.Cəlaloğlunun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti Vasif Talıbovun İranla gizli əlaqələrinə dair araşdırma aparmalıdır:
“Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İran və Naxçıvanın keçmiş rəhbərinin əlaqələri dərindən araşdırılmalıdır. Əlaqələrin mahiyyəti bütün çılpaqlığı ilə ortaya çıxarılmalıdır. Yalnız bundan sonra məsələ ilə bağlı daha ətraflı danışmaq mümkündür”.