Modern.az

İsraildəki ilk səfirimiz çalışacaq ki... - Gözləntilər böyükdür

İsraildəki ilk səfirimiz çalışacaq ki... - Gözləntilər böyükdür

Ölkə

13 Yanvar 2023, 13:44

Bu yaxınlarda Prezident İlham Əliyev İsrailə yeni səfir təyin edib. Dövlət başçısının sərəncamına əsasən, Muxtar Məmmədov Azərbaycanın İsraildə fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

 

Bu təyinata qədər elm və təhsil nazirinin müavini vəzifəsində çalışan M.Məmmədovdan gözləntilər nələrdir? O, İsraildəki ilk səfirimiz kimi uğurlu işlərə imza ata biləcəkmi?

 

Bununla bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvü Elşad Mirbəşiroğlu Azərbaycanla İsrail arasında münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu söyləyib.

 

“İsrail-Azərbaycan əlaqələri dinamik şəkildə inkişaf edir. İsrail Azərbaycanın müstəqilliyini elan etdiyi vaxtdan cəmi iki ay sonra ölkəmizi tanıyıb. Bu da onu deməyə əsas verir ki, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Yəhudilər əsrlərboyu Azərbaycanda yaşayıblar. Yəhudi rəsmiləri Azərbaycan Prezidenti ilə görüşdə həmişə Azərbaycanı öz evləri kimi qəbul etdiklərini deyirlər. Yəhudi icmasının 50 mindən yuxarı üzvü Azərbaycana köçərək burada yaşamağa başlayıb. Onlar hər zaman Azərbaycanın maraqlarını müdafiə ediblər.  İndiyədək səfirliyin olmamasına baxmayaraq, İsraildə Azərbaycanəsilli yəhudilərin simasında həmişə müdafiəçilərimiz olub”.

 

Deputatın sözlərinə görə, İsraildə səfirliyin açılması dövrün tələbi idi və Azərbaycan bunu reallaşdırmaqla münasibətlərdə yeni mərhələnin təməlini qoyub:

 

“İsrail istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində Azərbaycanın maraqlarını müdafiə edib. Bu çox vacib məsələdir. Azərbaycana təhlükəsizlik, hərbi-texniki sahədə əməkdaşlıq etdiyi ən yaxın ölkələrdən biri İsraildir. Cənab Prezident də çıxışlarında bunu qeyd edib. Əməkdaşlıq çərçivəsində Azərbaycan İsraildən 5 milyardlıq silah-sursat, hərbi texnika alıb. Qardaş Türkiyənin "Bayraktar"ları ilə yanaşı, İsraildən aldığımız Pilotsuz Uçuş Aparatları (PUA) da müharibədə həlledici rol oynayıb. Bu da iki ölkə arasında əməkdaşlığın strateji xarakterinin olduğunu göstərir. Bu baxımdan səfirliyin açılması münasibətlərin inkişafında mühüm rol oynayacaq”.

 

Elşad Mirbəşiroğlu vurğulayıb ki, ilk səfirimizin fəaliyyəti iki ölkə arasındakı strateji əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək:

 

“1993-cü ildən İsrailin Bakıda səfirliyi fəaliyyətə başlayıb. İndi bizim də orada səfirimiz fəaliyyət göstərəcək. Düşünürəm ki, səfirliyin fəaliyyəti nəticəsində iki ölkə arasında ən müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq yeni keyfiyyət və dinamizm qazanacaq. Onsuz da pik nöqtəyə çatmış siyasi əlaqələrimiz daha da inkişaf edəcək”.

 

Politoloq Fikrət Sadıqov isə Modern.az-a açıqlamasında bildirib ki, hələ 90-cı illərin əvvələrindən Azərbaycan və İsrail arasında diplomatik əlaqələr qurulub və münasibətlər bu günə kimi davam etməkdədir.


“İsrailin Bakıda səfirliyi var idi. Sadəcə olaraq biz bəzi prosesləri nəzərə alaraq İsrailə səfir təyin etmirdik. Amma zaman göstərdi ki, bunun vaxtı gəlib çatıb. Əlbəttə, səfir təyinatı müsbət haldır və münasibətlərdə mühüm rol oynayacaq. Səfirin əsas vəzifəsi Azərbaycan-İsrail münasibətlərinin inkişafına təkan verməkdən ibarət olacaq: 


Azərbaycanın İsraildəki səfiri çalışacaq ki, iki ölkə arasındakı əlaqələrin inkişafı özünü siyasi, iqtisadi, həm də humanitar istiqamətlərdə əks etdirsin. Azərbaycan və İsrail bir sıra beynəlxalq təşkilatlarda oxşar mövqedən çıxış edirlər. Bu da bizim maraqlarımıza xidmət edir. Əminəm ki, səfirin fəaliyyəti həm Azərbaycan, həm də İsrail üçün faydalı olacaq”.

 

Qeyd edək ki, İsraildəki səfirimiz Muxtar Məmməd oğlu Məmmədov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, 2006-2007-ci illərdə Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, 2015-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində "Dövlət qulluğunun təşkili və idarəedilməsi" ixtisası üzrə magistratura təhsili alıb.

 


2007-2008-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.


2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009-2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.


2013-2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb.


Azərbaycan Prezidentinin 2020-ci il 23 iyun tarixli sərəncamına əsasən, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Azərbaycan Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.


İngilis, rus və türk dillərini bilir. Evlidir, iki övladı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK