Modern.az

Yeni sərhəd missiyası sülhə qarşıdır - Bakı nə edəcək?

Yeni sərhəd missiyası sülhə qarşıdır - Bakı nə edəcək?

24 Yanvar 2023, 15:38

Avropa İttifaqı Ermənistana geniştərkibli mülki müşahidə missiyası göndərəcək. Sayca ikinci missiyanın Ermənistanın Azərbaycanla sərhəd bölgələrində iki il müddətinə yerləşdirilməsi nəzərdə tutulur.

 

 Avropa İttifaqının bu addımı Azərbaycanın narazılığına səbəb olub və Xarici İşlər Nazirliyi Aİ-nin qərarına etirazını bildirib. Diqqətə çatdırılıb ki, Avropa İttifaqı missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir.

 

Maraqlıdır, Azərbaycanın etiraz edəcəyini bildiyi halda Aİ-nin Ermənistana uzunmüddətli missiya göndərməsi nədən irəli gəlir? Yeni missiya nəyə hədəflənib?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Avropa İttifaqının Ermənistana mülki missiya göndərməsinə ehtiyac yox idi. O, fikirlərini belə əsaslandırıb:

 

 

“Məlum olduğu kimi, ötən il Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin dörd görüşü olub. Bu görüşlər zamanı tərəflər arasında yekun sülh sazişinin imzalanması, sülh gündəminin irəli aparılması istiqamətində ciddi müzakirələr aparılıb. Müzakirələr tez bir zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı təsəvvürünü yaradırdı. Ancaq Avropada sonuncu Praqa görüşü hər şeyi dəyişdirdi. Sanki Ermənistana dəstək elementi təqdim olundu.  Dəstək məhz Avropa İttifaqının 40 nəfərdən ibarət müşahidə missiyasının Ermənistan ərazisinə göndərilməsi haqqında qərarın qəbul olunması idi. Azərbaycan belə bir missiyasının ərazisinə göndərilməsinə icazə vermədi. Ancaq sülh naminə lazım bildiyi bir çərçivədə əməkdaşlığa razı olduğunu bəyan etdi. Ötən il dekabrın 19-da göndərilmiş müşahidə missiyasının müddəti başa çatdı. Müşahidə missiyasının hansısa hesabat və yaxud təsəvvürləri mövcud deyil. Bunun ardınca daha geniş tərkibdə və daha uzunmüddətli missiya Ermənistana göndərilib. Hazırda missiyanı Ermənistan ərazisinə göndərmək üçün zəruriyyət varmı? Bax, bu suala cavab vermək lazımdır. Düşünürəm ki, buna birmənalı olaraq ehtiyac yoxdur. Avropa İttifaqının Ermənistana uzunmüddətli missiya göndərməsi hazırkı reallıqlar çərçivəsində proseslərə müsbət element qatmır”.

 

Deputatın fikrincə, Aİ-nin Ermənistana missiya göndərmək qərarı sülh müqaviləsinin imzalanması prosesini uzadacaq:

 

“Azərbaycan iki ölkə arasında münasibətlərin tənzimlənməsi üçün 5 maddədən ibarət şərtlərini irəli sürüb. Həm Avropada aparılan müzakirələr zamanı, həm də erməni rəsmilərin sərgilədiyi mövqelər bu şərtlərin məqbul və ədalətli olduğunu aydın şəkildə göstərir. Təqdim etdiyimiz şərtlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xidmət edir. Ermənistan şərtləri qəbul etdiyini desə də, yekun sülh müqaviləsindən yayınmağa çalışır. Praqada missiyanın göndərilməsi haqqında qərarın qəbul olunması hesab edirəm ki, ermənilərin  maraqlarına xidmət edirdi. Bununla Ermənistanın yekun sülh müqaviləsini imzalamaqdan yayınmasına kömək edildi. Bu missiyanın nəticəsi olmayanda Avropa hələlik yekun sülh müqaviləsinin imzalanmasının vaxtı olmadığını deyəcək. Bu dəfə iki il müddətinə missiyanın göndərilməsi ona hesablanıb ki, bu müddətdə Azərbaycan-Ermənistan arasında hazırkı vəziyyət davam etsin. Yəni yekun sülh müqaviləsinin imzalanması prosesi uzadılsın.

 

Hesab edirəm ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın kifayət qədər real şərtləri var. Avropa İttifaqı bu şərtlərdən çıxış etsə, daha optimal mövqe sərgiləyə bilər. Aİ həmçinin Cənubi Qafqaz regionunda sülhün bərqərar olması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində səmimi addım atmaq niyyətini nümayiş etdirə bilərdi. Amma hesab edirəm ki, bu qərarlar Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətindəki fəaliyyətinin səmimiliyinə şübhə yaradır. Azərbaycanın Avropa ilə kifayət qədər əhəmiyyətli əməkdaşlıq istiqamətləri mövcuddur. Bu əməkdaşlıq Avropanın özü üçün həyati əhəmiyyət daşıyır. Lakin Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edir. Aİ Azərbaycanla razılaşdırılmamış müşahidə missiyasını Ermənistana göndərir.  Belə olan halda tərəflərdən birinin, yəni Azərbyacanın razılığı olmadan Ermənistana missiya göndərilməsi ona dəlalət edir ki, məqsəd heç də xoşniyyətli deyil”.

 

 

Elşad Mirbəşiroğlu vurğulayıb ki, Aİ missiyasının fəaliyyətdə olduğu dövr ərzində Azərbaycan öz xəttini yürütməyə davam edəcək:

 

“Azərbaycan başlatdığı sülh gündəmini davam etdirəcək. Təktərəfli də olsa, bunu edəcək. Bunun üçün bizim imkanlarımız, resurslarımız və manevr şəraitimiz mövcuddur. Biz başlıca məqsəd olaraq bütün ərazilərimiz boyunca suverenliyimizin təmin olunmasına çalışırıq. Azərbaycan ərazisində yaşayan ermənilər qanunlarımıza tabe olaraq, öz mövcudluqlarını davam etdirə bilərlər. Azərbaycan Prezidenti ABŞ dövlət katibi ilə son telefon danışığında bildirdi ki, Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqlarına və təhlükəsizliyinə Azərbaycan  Respublikası öz qanunlarına uyğun olaraq təminat verir. Azərbaycan ərazisində yaşayan ermənilər separatçılığa davam etsələr, onda Bakı öz strategiyasına hərbi komponent qata, öz təhlükəsizliyinə təhdid yaradan halları hərbi əməliyyatlarla aradan qaldıra bilər. Bu hüququ bizə BMT nizamnaməsinin 51-ci maddəsi açıq mətnlə verməkdədir. Bizim ərazimiz boyunca suverenliyimizin təmin olunmasından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsinə gəldikdə, qoy, bu, Ermənistanın və havadarlarının qayğısı olsun. Baxmayaraq ki, Ermənistan Azərbaycana qarşı təcavüzkarlıq edib, biz yenə də bu ölkəyə əlaqələrin normallaşdırılmasını təklif edirik. Düşünürəm ki, Azərbaycanın təklifi qəbul edilməlidir. Əks halda yenə ən ağır zərbəni ermənilər alacaq. Nəticə etibarilə, Aİ-nin müşahidə missiyasının hansı istiqamətdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan öz xətti ilə davam edəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi