“Bu gün xəstəxanalarda çalışan rezidentlərə verilən 350 manatlıq vəsait əslində əməkhaqqı yox, Prezidentin onlar üçün ayırdığı təqaüddür. Bu da onların təhsil prosesinə görə verilir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
Deputat bu gün keçirilən komitə iclasında bildirib ki, rezidentlərin xəstəxanalarda işləməsi üçün onlarla əmək müvaqviləsi bağlanmalıdır.
"Əmək Məcəlləsininin tələbinə uyğun olaraq onlara həftəlik 40 saat olmaqla ən azı baza əməkhaqqı verilməlidir. Bu gün bunlar edilmədiyindən həmin rezidentlər özlərinə üfüq açmaq üçün xaricdəki proqramlara baş vururlar”,- deyə deputat vurğulayıb.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, bu gün tibbi kadrların hazırlanması məsələsini qaldırmaq olar:
“Məndə də rezidentura ilə bağlı müəyyən narahatlıq var. Bu da maaşla bağlıdır. Rezidentlər həkimin maaşından az maaş ala bilməzlər, bu, hətta qanunda qeyd olunub. Amma digər problem isə xəstəxanalarla bağlıdır. Hər bir xəstəxanaya rezidentləri göndərmək olmaz. İlk olaraq bununla bağlı 31 xəstəxana nəzərdə tutulmuşdu, amma bu da hesab edirəm ki, çox idi. Bu xəstəxanaların sayı azaldılmalıdır. İmkanları məhdud olmayan xəstəxanalar rezidentləri qəbul etməlidir. Ona görə də tibbi kadrların yaradılması məsələsi müzakirə olunmalıdır”.