Modern.az

Terror aktı hərtərəfli şəkildə araşdırılır – İlham Əliyev

Terror aktı hərtərəfli şəkildə araşdırılır – İlham Əliyev

1 Fevral 2023, 13:10

Prezident İlham Əliyev Azərbaycanın Tehrandakı səfirliyinin binasında törədilən terrorla bağlı yeni detallar açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısı fevralın 1-də Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən deyib.

 

Mahmut Özer Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin binasında törədilən terror aktı zamanı mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib.

 

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.

 

Prezident İlham Əliyev səfirliyin digər mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçunun zərərsizləşdirildiyini və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumunun qarşısının alındığını vurğulayıb.

 

Dövlət başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı