Modern.az

Ərdoğan, yoxsa “Altılı masa” - YAP kimi dəstəklədiyini açıqladı

Ərdoğan, yoxsa “Altılı masa” - YAP kimi dəstəklədiyini açıqladı

3 Fevral 2023, 14:04

Türkiyədə seçki müzakirələri getdikcə qızışır. Hakim komanda növbəti prezident seçkilərinin əvvəldən təyin edildiyi kimi iyunda deyil, may ayında keçirilməsini təklif edib. AKP-nin siyasi rəqibi olan "Altılı masa" isə hələ də vahid namizədini müəyyən etməyib.

 

Müxalif düşərgə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı rəqib axtarışını davam etdirir. İddialara görə, fevralın 13-də müxalifətin hakimiyyət uğrunda siyasi yarışda etibar edəcəyi namizəd elan olunacaq. Seçkiyə kimin qatılacağı bəlli olmasa da, “Altılı masa”da təmsil olunan partiyaların nümayəndələri indidən iddialı bəyanatlar verir, hakimiyyətə gələcəkləri təqdirdə ediləcək siyasi dəyişikliklərdən söz açırlar.

 

Müzakirələr fonunda müxalif siyasətçilər iqtidara keçəcəkləri təqdirdə Azərbaycanla əlaqələri hansı kontekstdə quracaqlarını da açıqlayıblar. Bildirilib ki, Azərbaycanla qardaşlıq əlaqələri qarşılıqlı etimada əsaslanaraq daha da gücləndiriləcək. 

 

“Altılı masa”nın yaydığı sənəddə Türkiyə ilə Ermənistan arasındakı problemlərin həllinə yönəlmiş addımların qətiyyətlə davam etdiriləcəyi, Azərbaycan və Ermənistan arasındakı atəşkəsin davamlı sülhə çevrilməsinə Türkiyənin töhfə verəcəyi qeyd olunub.

 

 

“Altılı masa” və qardaş ölkədəki seçki ilə bağlı prosesləri Modern.az-a şərh edən Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan və onun komandası Qərbin Türkiyəyə təsirini qırıb.

 

Onun sözlərinə görə, parlamentli respublika sistemində Qərb bəzi siyasi dairələrdən istifadə etməklə, ölkənin daxili və xarici siyasətinə öz maraqları naminə təsir edə bilirdi. Lakin Ərdoğanın təşəbbüsü ilə Türkiyədə referendum keçirildi və beləliklə, xalq prezidentli respublika idarəetmə formasına keçidi qəbul etdi:

 

"Türkiyədə gedən bu proses Qərb tərəfindən sərt qarşılandı. Bunun əsas səbəbi də prezidentli respublikanın Qərbin təsir imkanını məhdudlaşdırması idi. Bundan sonra Türkiyə daha müstəqil siyasət yeritməyə başladı. Qısa zaman kəsiyində Türkiyə öz milli maraqlarına uyğun təsirli addımlar atdı. Bir sözlə, geniş imkan dairələrinə malik ölkəyə çevrildi. Bu da təbii olaraq, Qərbdə qıcıqla qarşılandı. Strateji regionda yerləşən Türkiyənin müstəqil siyasət yürütməsi Qərbin bu bölgədə manevr imkanlarını məhdudlaşdırır. Bu baxımdan açıq demək lazımdır ki, Qərb Türkiyə kimi güclü, müsəlman ölkənin olmasını istəmir”.

 

“Altılı masa”ya gəlincə, deputat hesab edir ki, burada Qərbin təsirinə düşə biləcək qüvvələr var:

 

“İndi Qərbin “Altılı masa”ya dəstəyi görünür. Ancaq məlumdur ki, Qərb heç vaxt Türkiyə ilə bağlı siyasətində səmimi davranmayıb. Əgər dəstək verirsə, sabah onun əvəzini artıqlaması ilə alır. “Altılı masa”nın tərkibində Qərbin təsiri altında olan, Qərbin yönləndirə biləcəyi qüvvələr var. Onların Türkiyə siyasətində aktivləşməsi, yaxud gələcəkdə seçkilərdə hansısa status qazanması Türkiyə üçün yaxşı heç nə vəd etmir”.

 

 

YAP təmsilçisi, həmçinin vurğulayıb ki, Türkiyənin daha müstəqil və güclü dövlətə çevrilməsi birbaşa Ərdoğanın adı ilə bağlıdır:

 

“Doğrudur, Türkiyədə iqtisadi geriləmə, lirənin dəyərinin düşməsi müşahidə edilir. Mənim fikrimcə, elə bu da Qərbin müəyyən dairələrinin siyasətinin nəticəsidir. Bu fəaliyyət Ərdoğan iqtidarının, onun elektorat bazasının zəifləməsinə yönəlib. Qərb artıq illərdir ki, Türkiyəyə qarşı bütün mənfi təsir elementlərini işə salıb. Ona görə də, həmin siyasətlə iqtisadiyyatdakı bugünkü durğunluğu əlaqələndirmək olar. Buna baxmayaraq, hesab edirəm ki, Ərdoğanın çox güclü dəstəkçi bazası var. Builki seçkidə Ərdoğanın qalib gələrək Türkiyə Prezidenti olmaq şansı böyükdür”.

 

E.Mirbəşiroğlu Ərdoğanın hakimiyyəti dövründə Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb:

 

"Ərdoğanın hakimiyyəti dönəmində Azərbaycan-Türkiyə əlaqələri tam yeni bir keyfiyyət mərhələsinə qədəm qoydu. Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana çox böyük mənəvi və siyasi dəstək oldu. Türkiyə  Azərbaycanın tək olmadığını, hər zaman onun yanında olduğunu dəfələrlə dilə gətirdi. Bu, böyük siyasi dəstək idi. 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik sənədi olan Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan tarixdə ilk dəfə olaraq bir ölkə ilə belə bəyannamə imzalamış oldu. Cənab Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, Azərbaycana qarşı getmək istəyən mütləq Türkiyə-Azərbaycan əlaqələrinin xarakterini nəzərə almalıdır. Ərdoğanın yenidən seçilməsi iki ölkə arasındakı mövcud əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək".

 

Xatırladaq ki, müxalifətin "Altılı masa" ittifaqına Kemal Kılıçdaroğlunun Cümhuriyyət Xalq Partiyası (CHP), Meral Akşenerin İYİ Partiyası, Temel Karamollaoğlunun Səadət Partiyası, Ahmet Davutoğlunun Gələcək Partiyası, Ali Babacanın DEVA Partiyası, Gültekin Uysalın Demokrat Partiyası daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı