Modern.az

Kədərimiz birdir - Azərbaycan qardaşının yanındadır

Kədərimiz birdir - Azərbaycan qardaşının yanındadır

6 Fevral 2023, 17:13

Türkiyədə mindən çox insanın ölümü ilə nəticələnən dağıdıcı zəlzələdən sonra qardaş ölkəyə ilk dəstək Azərbaycandan olub. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, zəlzələnin fəsadlarının aradan qaldırılmasına köməklik göstərmək üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərdən ibarət çevik xilasetmə qrupu Türkiyəyə yola düşüb. Bundan əlavə, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda qardaş ölkəyə göndəriləcək.

 

Modern.az xəbər verir ki, Türkiyədəki zəlzələ ilə əlaqədar Prezident İlham Əliyev başda olmaqda, digər dövlət rəsmiləri də bağsağlığı verib, qardaş türk xalqının kədərinə şərik çıxıblar.  

 

İlk olaraq Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başsağlığı verib. Başsağlığında deyilir: 

 

"Hörmətli cənab Prezident, 

Əziz Qardaşım, 


Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. 


Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. 
Allah rəhmət eləsin!" 

 

Prezidenti İlham Əliyev məktubla yanaşı, Türkiyə lideri Ərdoğana zəng edərərək, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu söyləyib.

 

Daha sonra Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə bağlı başsağlığı paylaşımı edib. 

 

Paylaşımda deyilir: "Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!" 

 

Ardınca Baş nazir Əli Əsədov Türkiyə Respublikasının cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb. 

 

Bu xəbər ilə bağlı
İlham Əliyev Ərdoğana zəng etdi
Xəbəri oxu

Məktubda faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verilib, yaralananlara və xəsarət alanlara şəfa dilənib.  Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görüldüyü vurğulanıb. 

 

Milli Məclisin sədri Sahibə Qafarova isə Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanın həlak olması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa başsağlığı məktubu göndərib.

 

Məktubda Milli Məclisin sədri dəhşətli zəlzələ nəticəsində ölkənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində çoxsaylı insanların həlak olması, yaralanması və dağıntılar barədə xəbərdən kədərləndiyini bildirir, faciə ilə əlaqədar TBMM-in sədrinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Milli Məclisin üzvləri adından dərin hüznlə başsağlığı verərək, yaralananların tezliklə sağalmasını arzu edir. 

 

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğluya başsağlığı verib. XİN başçısı həmkarına zəng vuraraq qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb. Nazir yaralıların tezliklə sağalmasını arzulayıb. 

 

Ceyhun Bayramov Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu və zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində hər bir yardım göstərməyə hazır olduğunu vurğulayıb. Mövlud Çavuşoğlu bu həmrəyliyə və göstərilən dəstəyə görə minnətdarlığını diqqətə çatdırıb. 

 

Bundan əlavə, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikası ərazisində baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkədən olan həmkarlarına – Türkiyənin daxili işlər naziri Süleyman Soyluya və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezerə başsağlığı məktubları göndərib. Nazir Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib. 

 

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov da Türkiyədəki hadisə ilə bağlı qardaş ölkə xalqına başsağlığı diləklərini çatdırıb.

 

“Türkiyənin kədəri bizim kədərimizdir. Türkiyədə baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri kədər və təəssüf hissi ilə qarşılayırıq: "Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralılara şəfa diləyirik". 

 

Bundan başqa Azərbaycanın bir sıra nazirləri, komitə sədrləri və dövlət rəsmiləri Türkiyədəki faciəvi hadisə ilə bağlı həmkarlarına başsağlığı veriblər.

 

Eyni zamanda Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, İrandakı səfirimiz Əli Əlizadə, habelə digər diplomatlarımız və millət vəkilləri, tanınmış şəxslər sosial şəbəkə paylaşımlarında Türkiyə ilə həmrəy olduqlarını bildirib, qardaş xalqa dəstək nümayiş etdiriblər. 

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.

 

Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb. Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...