Modern.az

İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul etdi

İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul etdi

Ölkə

14 Fevral 2023, 12:04

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul edib.

 

Modern.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

 

Sonra dövlət başçısı səfirlə söhbət edib.

 

Prezident İlham Əliyev 2019-ci ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə Görüşündə iştirak etmək üçün Qana Prezidenti Nana Akufo-Addonun Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə Qananın verdiyi dəstəyin və göstərdiyi etimadın ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb, Azərbaycanın təşkilatın sədri kimi peyvənd millətçiliyinə qarşı apardığı fəaliyyəti vurğulayıb və bu sahədə yaxşı nailiyyətlərin əldə olunduğunu deyib.

 

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitə ev sahibliyi edəcəyini bildirib. Azərbaycan Prezidenti ölkələrimiz arasında siyasi əlaqələrin, iqtisadi-ticari, investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

 

Səfir də öz növbəsində Qana Prezidentinin 2019-ci ildə Azərbaycana səfərini məmnunluqla xatırlayıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edib. Diplomat Azərbaycana Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətində uğurlar arzulayıb.

 

Azərbaycanda yaradılmış infrastrukturdan və əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən məmnunluğunu bildirən səfir ölkəmizin davamlı inkişaf sahəsində təcrübəsinin maraqlı olduğunu qeyd edib. O, həmçinin ölkələrimiz arasında təhsil, kənd təsərrüfatı, mədən sənayesi kimi sahələrdə əməkdaşlıq üçün imkanların olduğunu vurğulayıb.

 

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrə ayırdığı təhsil qrantı çərçivəsində Qanadan olan 10-a yaxın tələbənin ölkəmizin müxtəlif təhsil müəssisələrində ali təhsil aldığını bildirib.

 

Səfir təhsil sahəsində əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi vurğulayıb, Azərbaycanın neft-qaz sahəsində ali təhsil müəssisələrinin rolunu xüsusi qeyd edib.

 

Diplomat Azərbaycana mütəmadi səfər edəcəyini, aidiyyəti dövlət orqanları ilə səmərəli əməkdaşlığın qurulacağına və ölkələrimiz arasında yeni əməkdaşlıq sahələrinin müəyyən ediləcəyinə ümidvar olduğunu deyib.

 

****

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Anqola Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva Kunhanın etimadnaməsini qəbul edib.

 

Modern.az xəbər verir ki, səfir Auqusto da Silva Kunha etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

 

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

 

Dövlətimizin başçısı vurğuladı ki, Anqola ilə Azərbaycan arasında siyasi əlaqələr yaxşı səviyyədədir, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur. Energetika sahəsini xüsusi qeyd edən Prezident İlham Əliyev ölkələrimizin bu sahədə də əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırdı.

 

Azərbaycan Prezidenti ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Anqolanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirdi. Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasında aparılan islahatlar çərçivəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkənin rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması təşəbbüsü ilə çıxış etdiyini vurğuladı, Hərəkata üzv dövlətlər arasında bununla bağlı məsləhətləşmələrin aparılmasının vacibliyini qeyd etdi.

 

Auqusto da Silva Kunha Azərbaycana qeyri-rezident səfir təyin olmasından məmnunluğunu bildirdi və Anqola Prezidenti Joao Lorensonun salamlarını dövlətimizin başçısına çatdırdı.

 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Anqolanın dövlət başçısına çatdırmağı xahiş etdi.

 

Səfir bildirdi ki, Anqola müstəqillik əldə etdikdən sonra Azərbaycan bu ölkədə mütəxəssislərin hazırlanmasına böyük töhfələr verib. Diplomat bu xüsusda mütəxəssislərin, mühəndislərin, həkimlərin və hərbçilərin hazırlanmasında Azərbaycanın ali təhsil müəssisələrinin mühüm rol oynadığını diqqətə çatdırdı. Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirən Auqusto da Silva Kunha Anqolanın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə dəstək verdiyini vurğuladı və ölkəmizin təşkilatda sədrliyinə uğurlar arzuladı.

 

Dövlətimizin başçısı dedi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədrliyini qəbul edən zaman təşkilata üzv dövlətlərin problemlərinin gündəlikdə saxlanılacağını xüsusi qeyd etmişdi və dövlətimiz bu məsələyə mühüm əhəmiyyət verir.

 

Görüşdə, həmçinin elm, təhsil, kənd təsərrüfatı, mədən sənayesi, energetika sahələrində və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım