Ərdoğan uduzsa, Şərqdə yeni Qəddafilər peyda olacaq
Türkiyə qana boyandı. Taksim meydanında ticarət mərkəzi tikmək amacı ilə beş-altı ağacın kəsilməsi toplumu silkələdi. Türkiyə insanı küçələrə axışdı. Hakim siyasətin yanlışlığı ortadadır. “Böyük Orta Doğu”, “Yeni Osmanlı” siyasətinin uğurundan yaranmış başgicəllənməsi Ərdoğan hökumətinə xətalar buraxdırmışdı. Baş verənlər toplumun ilk və çox sərt xəbərdarlığı oldu. 80 il dünyəvi cümhuriyyətdə yaşamış bir ölkənin insanını qəfildən dini rejimə sürükləməyin cavabı olmalı idi. Kamalizm bir sistem olaraq ömrünü başa vurmaqda, bölgədə böyük dövlətə çevrilməkdə olan Türkiyənin inkişafına mane olmaqda idi-bu, faktdır. Zamanında Mustafa Kamal xilaskar kimi gəldi və türk millətini qurtuluş yoluna çıxardı, modern cümhuriyyət qurdu. Amma siyasi lider peyğəmbər deyil. Onun ideyaları bir cəmiyyətdə əsrlərlə hakim ola bilməz. AKP-nin böyük səs üstünlüyü ilə hakimiyyətə gəlməsi aşkar göstərirdi ki, kamalizmin dövrü qapanıb. Türkiyə yeni ideyalogiya və superdövlətə hamilədir. Ərdoğan öz parlaq qələbələri ilə yeni dövrün Atatürkü olduğunu təsdiqlədi. Amma heç bir lider xətasız deyil. Ərdoğan Türkiyə toplumundakı oturuşmuş sosial və dini qrupların varlığını gözardı etdi, Türkiyənin yönünü qəfil dəyişməyə çalışdı. Oysa, bu proses tədricən getməli idi. Ərdoğan unutdu ki, Türkiyədə əsrlərlə xilafətə düşmən kəsilmiş 10 milyonluq ələvi toplumu, onların Türkiyə siyasətində, mediasında, vətəndaş cəmiyyətində oturuşmuş uzantıları var. AKP-ni istəməyən ana müxalifət CHP, tək AKP-nin deyil Türkiyənin düşməni PKK və onun siyasi uzantıları aparılan siyasəti dəstəkləmirdi. Ələvi və solçuların partiyası olan CHP AKP-yə diş qıcamaq üçün fürsət axtarırdı. Ərdoğan uğurlu sosial-iqtisadi siyasətlə buna fürsət vermirdi. Baş nazirin uğurları tək Türkiyə ilə sınırlanmırdı. Türkiyənin Adenaueri adlandırılan Ərdoğan Yaxın Şərqdə baş verən hadisələri də etkiləyə bilirdi. Ərəb ölkələrində baş verən demokratikləşmə dalğası Tunis, Misir, Liviyanı dəyişdi. Proses Suriyada dalana dirəndi. Ərəb ölkələrində AKP tipli islamçı partiyaların iş başına gəlməsi İsraili, Qərb dairələrini naharat edirdi. Onlar səbəbkar kimi Ərdoğan hökumətini görürdülər. İnqilab qalib gəlsəydi, Rusiya, İran və Çin kimi mürtəce rejimlərin dəstəklədiyi Bəşər Əsəd devrilsəydi, Suriyada da müsəlman qardaşlar iş başına gələcək, Türkiyənin nüfuzu daha da artacaqdı. Rusiya və İranın milyardlarla dollar pula əldə saxlaya bilmədiyi Suriyaya Türkiyə bir qəpik xərcləmədən sahib olacaqdı. Suriyada rejimin dəyişməsi İsrailə də sərf edir. Amma postƏsəd dövründə hakimiyyətə islamçıların gəlməsi yəhudi dövləti üçün əlverişli deyil. İsrail məhz bu məsələdə Ankara ilə yola getmir.
Taksim meydanında baş verənlərdə sünilik axtarmağına dəyməz. Xalqın qəzəbi ortadadır. Suriya hadisələrinin uzanması, Reyhanlıdakı terror türk toplumunda hökumətə qarşı inamsızlıq formalaşdırmışdı. Spirtli içkilərin satışının məhdudlaşdırılması, yeni Ana Yasa söhbətləri onsuzda kütlədə qəzəb yaratmışdı. Bu qəzəb Taksimdə üzə çıxdı. Amma kütlənin qəzəbini yönəltdilər. Ələvilər, kürd probleminin dinc həllini istəməyən PKK, Türkiyəni parçalamağa çalışan anarxistlər, kommunistlər fürsətdən bolluca yararlandılar. Onlara Avropadan da dəstək var. Türkiyənin modern islam dövləti kimi güclənməsini, demokratik islam cümhuriyyəti modelinin yaranmasını istəməyən liberallar, anarxistlər, solçular hamısı Ankaraya qarşı birləşib, Taksimdə aksiya keçirənləri dəstəkləyir. Baş verənlərin “türk baharı” adlandırılması yanlışdır. Türk inqilabı AKP-nin iş başına gəlməsi ilə, demokratik yolla gerçəkləşdi. Əksinə, Türkiyə baş verənlər əksinqilabdı! Qərbin və masonun dəstək verdiyi islam düşməni ələvilərin, kommmunistlərin revanşıdır. Onlar qalib gəlsə, tək AKP yox, Türkiyə, bütün Yaxın Şərq uduzacaq! Ərəb ökələrində qalib gəlmiş inqilabi hökumətlərin mövqeyi sarsılacaq. Şərqin Qəddafi tipli yeni “quduz itləri” peyda olacaq.
Taksim aksiyasının iştirakçılarına qarşı sərt davranmış Ərdoğanın Türkiyədə və qardaş ölkənin siyasi spektrini yaxşı tanımayan bəzi həmkarlarımız tərəfindən “diktator” adlandırılması, baş nazirin qatil Bəşər Əsədlə müqayisə olunması yumşaq desək, ədalətsizlikdir! Aksiyaların sərt yatırılması təcrübəsi Avropada da var. Ərdoğanın azad medianı boğması ilə bağlı deyilənlər də ciddi fikirlər deyil. Türk telekanallarının sərbəstliyi Azərbaycan tamaşaçısına yaxşı məlumdur. Ayrıca, Taksim aksiyası türk televiziyaları canlı yayımlanırdı. Türk müxalifətinin televiziyalara çıxış problemi yoxdur. Bu baxımdan Türkiyədə baş verən hadisələrə diqqətli yanaşmaq lazımdır. Türkiyənin yönünü dəyişsələr, bu, bizə də təsirsiz ötüşməyəcək. Üç tərəfdən düşmənlə əhatələnmiş bizlərə qüdrətli Türkiyə lazımdır, yoxsa 3 aydan bir hökumət dəyişilikyinə gedən, iqtisadiyyatı dağılmış Türkiyə? Unutmayaq ki, Taksim aksiyasının arxasında duranlar Türkiyəni ikinci yola sürükləyirlər.