Bu gün Azərbaycanda iki dəfə zəlzələ olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:25-də İmişli rayonunda, saat 11:25-də isə Lerikdə yeraltı təkanlar qeydə alınıb. Azərbaycanla eyni vaxtda Türkiyədə də zəlzələnin olması insanlarda təşviş yaradıb.
Maraqlıdır, İmişli və Lerikdəki yeraltı təkanlar Türkiyə ilə əlaqəlidir?
Bu barədə Modern.az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli vətəndaşlara müraciət edərək, təşvişə səbəb olmadığını bildirib.
"İmişli və Lerikdəki zəlzələlər hiss olunmayıb. Təşvişə ehtiyac yoxdur, hər şey qaydasındadır. Ümumilikdə 35 yeraltı təkan olub. Bu təkanların hər biri fon səviyyəsindədir və xüsusi səbəbi yoxdur. Qeyd etmək istərdim ki, Azərbaycanda elə bir bölgə yoxdur ki, orada güclü aktivləşmə getsin və dağıdıcı zəlzələ ehtimalı olsun", - deyə Qurban Yetirmişli vurğulayıb.