Modern.az

Ceyhun Bayramov Vardanyanın qovulmasından DANIŞDI

Ceyhun Bayramov Vardanyanın qovulmasından DANIŞDI

Ölkə

24 Fevral 2023, 17:28

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ruben Vardanyanın "vəzifəsindən azad olunmasına" münasibət bildirib.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı jurnalistlərə açıqlama verən XİN başçısı Vardanyanın Qarabağa aidiyyəti olmadığını söyləyib.

 

Nazir vurğulayıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra sülh gündəliyi barədə danışır: "Dövlətimiz artıq tariximizin qara səhifəsini çevirib, gələcəyə baxışı nümayiş etdirməyə hazır olduğunu bildirib. Bu kontekstdə Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycan cəmiyyətinə ictimai, siyasi və iqtisadi səviyyədə inteqrasiya işlərinə başlamağa hazır olduğunu və Azərbaycanın suverenliyi, bölgənin inkişafı ilə bağlı Prezident İlham Əliyevin ilk gündən açıq, məntiqli və davamlı mesajları olub. Düşünürəm ki, hər kəs bunu qəbul edib. Özünü erməni əhalisinin nümayəndəsi kimi təqdim etməyə çalışan şəxslə bağlı Azərbaycanın mövqeyi ondan ibarət oldu ki, biz əhalinin nümayəndələri ilə danışmağa hazırıq. Ancaq kənardan gəlib kimlərinsə oyununu oynayan, Qarabağa heç bir aidiyyəti olmayan şəxs bizim üçün tərəf müqabili ola bilməz. Vardanyanın həmin mövqedə yer alması mümkünsüz idi. Bu bir neçə ay çəkdi. Onun arxasında duranlar da başa düşdü ki, layihənin heç bir perspektivi yoxdur".

 

Nazirin sözlərinə görə, ümumiyyətlə reinteqrasiya prosesi ilə bağlı qərarlar müzakirə edilən zaman bunun Azərbaycan Konstitusiyasına və onun tərəf olduğu beynəlxalq müqavilələrə uyğun formatlarda həyata keçiriləcəyi dəfələrlə deyilib:

 

"Belə olanda həmin ərazidə yaşayan vətəndaşlara şamil olmalıdır. Bilirsiniz ki, Ermənistan uzun müddət qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Hesab edirəm ki, Vardanyanla qanunsuz məskunlaşanlar arasında heç bir fərq yoxdur. Çünki onun Qarabağa aidiyyəti olmayıb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı