2023-cü il “Heydər Əliyev ili”dir. Bu il müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
100 il... Bir əsrlik insan ömründən söhbət gedirsə, heç şübhəsiz həyatını bütünlüklə öz xalqına həsr etmiş o şəxs XX yüzilliyin görkəmli şəxsiyyəti, ictimai-siyasi xadimi və millət atası Heydər Əliyevdir.
Onun yolu daim aydınlığa, işıqlı sabaha uzanan bir yol olub. Uzaq mənzilli planlara, məqsədlərə hesablanmış bir anlayışın - gələcəyin insanıdır Heydər Əliyev. Əsrə bərabər ömründə onun haqqında bir çöx görkəmli ictimai-siyasi xadimlər söz deyib. Amma mənə elə gəlir ki, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun sözləri ulu öndərimizin varlığının əzəmətini daha dəqiq ifadə edir.
“Heydər Əliyev tarixi, hətta əfsanəvi şəxsiyyətdir”.
Bu fikir mahiyyətində təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının böyük şəxsiyyətindən bəhs edir.
Ömür salnaməsi mənsub olduğu xalqın həyatı, gələcəyi üçün yazılmış Heydər Əliyev əsl ləyaqət nümunəsi idi. Həyatın mənası haqqında bir fikrində özü belə söyləmişdi:
“Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”.
Dövlətimizin inkişafını, siyasi və iqtisadi strategiyasını izləyən müasirləri Heydər Əliyev şəxsiyyətinə dərin hörmət bəsləyirdilər.
Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyən Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer deyirdi:
“Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”.
Xalqın böyük inamını, sonsuz sevgisini qazanan, bəşəri ideyalar, insanpərvərlik və dünyaya inteqrasiyanı dəstəkləyən bir əsrə sığmayan böyük dahinin gördüyü işlərin miqyası o qədər genişdir ki, saymaqla bitməz. Azərbaycanın müstəqillik dövründə beynəlxalq aləmdə tanınması, iqtisadi əlaqələrin qurulması, əsrin müqaviləsi onun gələcəyə hesablanmış siyasi strategiyasının çoxşaxəli qütbləridir.
“Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi dövlət qurmaqdır” - bu sözlər Heydər Əliyevə məxsusdur.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı təkcə onun ömrünün deyil, həm də bütün tariximizin əsaslı dönüş nöqtəsidir. Bu qayıdışla itirilmiş ümidlər göyərdi, xalqın inamı özünə qayıtdı. Bundan sonra daha böyük addımlar gerçəkləşəcək, atəşkəsə nail olan dövlət başçısı ölkənin iqtisadi qüvvəsini bərpa etmək imkanı yaradacaq, gələcək strateji planların həyata keçməsi üçün fundamental zəmin hazırlayacaqdı.
1993-cü ildə qarşıya qoyulan məqsəd və məsələlərlə bağlı fikrini açıqlayan Heydər Əliyev deyirdi:
“Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu ilə getməlidir”.
Müstəqil demokratik, hüquqi dövlət quruculuğu prosesi uzun və ardıcıl bir yol keçib. Məhz həmin fundamental zəmində Azərbaycanda insan hüquq və azadlığının əsas prinsiplərinin bərqərar olması, demokratik hüquqi dövlət quruculuğunun həyata keçirilməsi yönündə aparılan islahatlar Heydər Əliyev siyasi xəttinin bazasını təşkil edirdi.
Ulu öndər bu istiqamətdə ardıcıl siyasət yeridərək, ilk növbədə ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradılmasını təmin etdi. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edildi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirildi, Konstitusiya Məhkəməsi fəaliyyətə başladı, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olundu.
Azərbaycan dövləti müstəqilliyin əldə edilməsi ilə milli dövlət; müstəqil siyasi dövlət; demokratik hüquqi dövlət quruculuğu vəzifələrini eyni vaxtda yaşayırdı. Məhz ulu öndərin təşkilatçılığı və rəhbərliyi ilə.
Hüquqi dövlət insan və vətəndaş hüquqları və azadlıqları təmin olunduğu, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulduğu bir sistemdir.
Məhz ədalət prinsipinin mülkün əsasında durduğu, ictimai həyatın bütün sahələrində Konstitusiya qanunlarının aliliyi, insanların və vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi - bütün bu qanunların işlədiyi bir ölkədə yaşamaq Heydər Əliyevin böyük əzmi və iradəsi ilə həyata keçmişdir.
Heydər Əliyev və Azərbaycan ədliyyəsi geniş bir mövzunu əhatə edir. Azərbaycan ədliyyəsi hər zaman ümummilli liderin diqqət mərkəzində olmuşdur.
Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsisi Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilib, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib. Ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranıb.
Azərbaycan ədliyyəsi ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Belə ki, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ümummilli liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə rolu artıb.
Ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və uğurla aparılan hüquqi islahatlar qabaqcıl dünyanın demokratik hüquq məkanına inteqrasiya hazırda milli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsi olaraq davam etməkdədir.
Azərbaycanda demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları, vətəndaşların əsas hüquqlarının müdafiəsinin milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasi xətt ölkəmizdə insan hüquqlarının etibarlı təminatına, Avropa və dünya hüquq məkanına inteqrasiyanın sürətlənməsinə yol açır.
Və bu sürətlənmə ümummilli liderin siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın uğurlu inkişafı ilə davam edir.
Heydər Əliyevin siyasi kursu, dəsti-xətti bü gün bütün sahələrdə olduğu kimi, Ədliyyə Nazirliyi sferasında da yeni dünyanın tələbləri çərçivəsində inkişaf edir.
Elə bir sahə yoxdur ki, orada ulu öndərin izi, əməyi olmasın. Azərbaycanın bütün taleyüklü məsələlərindən başlayaraq, dövlətçilik sisteminin, qanunvericilik orqanlarının təşəkkülü, istisadi və siyasi sferada təməl sütünlar məhz onun adı ilə bağlıdır. Buna görə də dahi liderin, böyük dövlət adamı, millət atası Heydər Əliyevin anadan olmasının 100 illiyi əsrin sədası olaraq tarixdə qalacaq.
Firuzə Əhmədova
6 saylı Bakı “ASAN xidmət” mərkəzində
Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi