Modern.az

Azərbaycanda cırtdanlaşma: yeni nəslin boyu ildən-ilə cılızlaşır - HƏYƏCAN

Azərbaycanda cırtdanlaşma: yeni nəslin boyu ildən-ilə cılızlaşır - HƏYƏCAN

6 İyun 2013, 12:43

Müşahidələr və statistika göstərir ki, Azərbaycanda ucaboy insanların sayı durmadan azalır. On il öncə 18 yaşına çatan gənclər, xüsusən onuncu-on birinci sinifdə təhsil alan oğlanlar qəddi-qamətli, ucaboy idilər. Başqa dillə desək, onlarda bığı burmalı kişi görkəmi var idi. Amma bu gün onuncu-on birinci sinifdə təhsil alan oğlanlar haqda bunları söyləmək mümkün deyil. Artıq həkimlər və mütəxəssislər də bu məsələ haqda problem kimi danışmağa başlayıblar.

Doğrudan da, son illər bəzən tələbələri şagirdlərdən ayırmaq olmur. Təkcə şəhərlərdə deyil, rayonlarda, dağ kəndlərində də bəstəboy yeniyetmələrə rast gəlirsən. Halbuki, əvvəllər dağ kəndlərinin əhalisi daha sağlam hesab edilirdi...

Dövlət Statistika Komitəsindən Modern.az saytına verilən məlumata görə, ötən il ölkə əhalisinin orta statistik boyu 167,1 sm olub. Ötən il kişilər üçün orta boy 170,6 sm, qadınlarda isə 163,9 sm olub. Bu göstəriciləri on il öncəki illə müqayisə etsək, belə deyə bilərik ki, rəqəmlər ildən-ilə kiçilib.

Dövlət Statistika Komitəsi bəyan edir ki, son on ildə ölkə əhalisinin orta statistik boyu 0,5 sm qısalıb. Belə ki, 2003-cü ildə ölkə əhalisinin orta statistik boyu 167,6 idisə, son on ildə bu rəqəm 0,5 sm qısalaraq 167,1 sm olub.

Boyun qısalması təkcə Azərbaycanda mövcud olan problemlərdən deyil. Bu problem dünyanın bütün ölkələrində özünü büruzə verir. Belə ki, son hesablamalara görə, dünya əhalisinin boyu 7 sm-ə qədər qısalıb. 

Müqayisələr: Bir neçə il bundan əvvələ kimi Rusiyada kişilərin orta boyu 173 sm, qadınlarda 162 sm idi. İndi isə bu göstəricilər 1,5-2 sm aşağı düşüb. Səbəb də əhalinin fiziki aktivliyinin azalması və gündəlik qidanın zəifliyidir. Rusiya Səhiyyə Nazirliyi də son 10 il ərzində ölkə əhalisinin orta boyunun 1,5 santimetr azaldığını təsdiqləyib. Ümumiyyətlə, hazırda slavyanlarda kişilərin boyu 174 sm, qadınlarınkı  isə 163 sm-dir.

Türkiyədə də vəziyyət dünyadan geri qalmır. Belə ki, qardaş ölkədə əhalinin orta boyu 167,2 sm-dir. Kişilər üçün bu göstərici 172,6 sm, qadınlarda 161,4 sm təşkil edir. Hazırda dünyanın ən bəstəboy insanları – filippinlilər və afrikalı piqmeylərdir. Onların boyu yarım metrdən azdır. Ucaboylulara gəlincə, Afrikanın Vatuzi qəbiləsinin üzvlərinin boyu orta hesabla 210 sm-dir.

Mütəxəssislər əhalinin boy səviyyəsinin son on ildə kəskin şəkildə azalmasını qidalanma ilə əlaqələndirirlər.

Yaşlı nəsildən fərqli olaraq yeni nəslin daha bəstəboylu olmasını bir çox amillərlə izah edən Azərbaycan Tibb Universitetinin tibbi biologiya və genetika kafedrasının müdiri, professor Canbaxış Nəcəfov deyir ki, son illərdə insanlarda boy səviyyəsinin aşağı düşməsinə paytaxtda həddindən artıq yüklənmə və sıxlığın artması səbəb olub. Onun sözlərinə görə, ekologiya, texnogen və qidalanma amilləri pozulduğundan orqanizmin böyüməsində, inkişafında bir proporsiya əmələ gəlib. Mütəxəssis artıq problemin pik həddə çatdığını deyir. Onun sözlərinə görə, belə davam edərsə, gələcək nəsillərdə bu proses özünü daha kəskin şəkildə göstərəcək və millət cırtdanlaşacaq:

“İldən-ilə insanların boyunda azalma müşahidə olunur. Bütün bunların səbəbi də qida, ekoloji tarazlığın pozulması kimi amillərdir. Ətraf aləmdə baş verən bütün dəyişikliklər insanların boyuna da təsirsiz ötüşmür. Azərbaycana geni dəyişdirilmiş məhsulların gətirilməsindən sonra uşaqlarda cılızlaşma prosesi artıb. İllərdən sonra hansı dəyişikliklərin baş verəcəyini demək isə mümkün deyil. Bu barədə artıq gecikmişik. Tədbirlər görmək vaxtıdır”.

Çıxış yolunu paytaxta axının qarşısının alınmasında görən Canbaxış Nəcəfov Bakıda radiasiyanın həddən artıq yüksək olduğunu deyir:

“Rayonlardan, bölgələrdən Bakıya axının qarşısı alınmalıdır. Belə olarsa, təmiz qidamız da artar. Yəni əhali rayonlarda təsərrüfatla məşğul olsa, ölkəyə geni dəyişdirilmiş məhsulların gətirilməsi halları azalar. Hətta vəziyyət o qədər ağırlaşıb ki, indi süd vəzisinin xərçənginə 10-11 yaşında qızlarda rast gəlmək olur. Halbuki, əvvəllər bu xəstəliyə 45-50 yaşında rast gəlinirdi. Bu da radiasiyanın yüksəkliyinin artması ilə bağlıdır. Eləcədə mədə-bağırsaq xəstəliklərinin sayının artması. Bütün bunların səbəbi isə ekoloji tarazlığın pozulmasıdır. Heç fikir vermişsinizmi, yağış yağanda suyun üzəri sarı rəngdə köpüklə örtülür. Bütün bunlar da insanların orqanizminə, dərilərinə çökür. Bu da sonradan özünü müxtəlif xəstəliklərlə göstərir. Fəsadlar isə böyük olur”.  

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi