Modern.az

Azərbaycanda İrana görə şiəliyə maraq AZALIR?

Azərbaycanda İrana görə şiəliyə maraq AZALIR?

Ölkə

4 Mart 2023, 11:08

Molla rejiminin Azərbaycana qarşı düşmənçilik siyasəti aparması heç kimə sirr deyil. Özünü İslam ölkəsi kimi qələmə verən, reallıqda isə müsəlmanların qanına əli bulaşmış barbar ermənilərə qucaq açan İranın murdar əməlləri göz önündədir. Tehran hakimiyyəti Qarabağda məscidləri, dini ibadət ocaqlarını dağıdan, müsəlmanlara qarşı soyqırımı törətmiş Ermənistanı özünə qardaş seçməklə gerçək mahiyyətini ortaya qoyur.

 

Dünyada guya şiəlik məzhəbinin müdafiəçisi və təbliğatçısı rolunda çıxış edən molla hakimiyyətinin Azərbaycana qarşı davranışları nə dinə sığır, nə də imana. Tehrandakı səfirliyimizdə terror aktı törətməklə ermənilədən heç nə ilə fərqlənmədiklərini bir daha nümayiş etdirdilər. Əlbəttə, bütün bunlar xalqımız tərəfindən hiddətlə qarşılanır. Siyasətçilər və adi vətəndaşlarla yanaşı, sağlam dini inanclı insanlar da İranın Azərbaycana qarşı törətdiyi terrora etirazlarını bildirdilər. Lakin İslam adına ləkə olan İranın terrorçu mahiyyəti barədə müzakirələr fonunda bəzi fikirlər xüsusilə diqqət çəkirdi. Belə ki, bir çox insanlar düşünürlər ki, Tehranın yürütdüyü siyasət ölkəmizdə şiəliyə marağın azalmasına səbəb olur. 

 

Bu iddialar nə qədər realdır? İranın Azərbaycana qarşı düşmənçiliyi şiəlik məzhəbinə marağı azalda bilərmi?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu məsələdə dövlətimizin hədəfi yoxdur:

 

“Dövlət kiminsə dininə, inancına qarışmır. Dövlət sadəcə bunun milli təhlükəsizliyimizə problem yaradan tərəfinə baxır. Burada şiəliyin azalması, çoxalması problemi yoxdur. Normal inanca sahib olan insanlar hansı inancı daşıyırlarsa, onu da davam etdirirlər”.

 

Deputatın sözlərinə görə, İranın hərəkətləri əslində insanları müsəlman zehniyyətinə qaytarır:

 

“İnsanın özünü şiə, yaxud sünni adlandırmasının fərqi yoxdur. Müsəlman zehniyyətilə birinci növbədə öz vətəninin, ümmətinin maraqlarını güdməlisən. Erməniyə işləyən dövlətin nökərinə çevrilməməlisən. Əsas hədəf budur. Məsələyə inanc kontekstində yanaşmaq yanlışdır”.

 

 

F.Mustafa din adıyla xəyanətlə məşğul olanlara qarşı mübarizənin önəmindən də danışıb:

 

“Azərbaycanda İrana görə şiəlik yaranmamışdı. Tarixən mövcud olan formada insanlar öz inanclarını davam etdirirlər. Sadəcə olaraq, bunun İranla bağlı seqmenti güclənib. Bu da Azərbaycanın milli təhlükəsizliyi üçün narahatlıq yaradan amilə çevrilib. Ona görə də, belə məsələlərdə daha diqqətli olmalıyıq. Hər hansı şəkildə ölkəmiz üçün din adıyla yaradılan təhlükələrə qarşı həssaslığımızı artırmalıyıq. Nə inanc sahibi olursan ol, Azərbaycana xidmət etməli, onun maraqlarını pozmamalısan. Din pərdəsi altında gizlənərək öz dövlətinə qarşı xəyanət yolu tutan özünü şiə, yaxud sünni adlandırmasından asılı olmayaraq, bütün ünsürlərə qarşı mübarizəmiz davam etməlidir. Dövlətimizin varlığını qorumalıyıq”.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə İranın Azərbaycan əleyhinə təbliğat apardığını söyləyib:

 

“Azərbaycan tərəfinin bütün addımlarına baxmayaraq, bu gün İranın ölkəmiz əleyhinə təbliğatı sürətlə davam edir. Azərbaycana qarşı təbliğat sosial şəbəkələr vasitəsilə daha fəal aparılır. Bu çox ciddi, düşündürücü məsələdir. Hər gün "TikTok"da və digər sosial şəbəkələrdə vətəndaşlarımızın beyinlərinin yuyulmasına çalışılır. Siyasətlə, Prezidentlə, İsrail-Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı müxtəlif videolar yayılır. Bütün bunlar nəzərə alınaraq Azərbaycanda dini maarifləndirmə daha da gücləndirilməlidir. Bu istiqamətdə daha ciddi, fəal işlər aparmalıyıq”.

 

 

Deputat vurğulayıb ki, bir qrup azərbaycanlı hələ də İranın yalan təbliğatına inanır:

 

“Qeyd etmək lazımdır ki, Azərbaycanda yaşayan şiələrin bir qismi İranın sözügedən siyasətini qəbul etmir. Bu onlarda hiddət və narazılıq doğurub. Amma təəssüflə qeyd etmək lazımdır ki, hələ də bəzi vətəndaşlarımız İranın apardığı yalan təbliğatın qurbanı olaraq görünür. Bunun səbəbi İranın çox fəal təbliğat aparmasıdır. Düşünürəm ki, bunların qarşısını almaq üçün ölkəmizdə çox ciddi səylərin göstərilməsinə, addımların atılmasına ehtiyac var. Dövlət-din münasibətləri modelinin qurulması işini sürətləndirməliyik. İranın ölkəmizə qarşı təbliğatının qarşısını almalıyıq. Din xadimlərimizin ideoloji baxımdan hazırlığının yüksəldilməsi istiqamətində çox ciddi addımlar atmalıyıq”.

 

Ceyhun Məmmədov sonda onu da qeyd edib ki, Azərbaycanda şiəliyə marağın azaldığını demək mümkün deyil.

 

Deputat fikirlərini belə əsaslandırıb: “Bəli, İran öz addımları ilə özünü ifşa edib. Təəssüf ki, hələ də bəzi sadəlövh Azərbaycan vətəndaşları İranın yalan təbliğatına uyur, zaman-zaman Azərbaycanın siyasətinə qarşı addımlar atırlar. Ancaq bu prosesin şiəliyə marağı tamamilə azaltdığını deyə bilmərik. Müəyyən kəsim reallığı anlayaraq, öz mövqeyini müəyyənləşdirib. Hesab edirəm ki, bu böyük kütlə deyil. Böyük kütlənin gözü hələ də İrandadır. Hələ də İranı düşünür, ondan əmrlər gözləyirlər. Bunun üçün qlobal işlərin görülməsinə böyük ehtiyac var”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım