Modern.az

Dövlətin böyüklüyü liderinin düşüncəsinin genişliyi ilə ölçülməlidir

Dövlətin böyüklüyü liderinin düşüncəsinin genişliyi ilə ölçülməlidir

Ölkə

3 Mart 2023, 12:10

Dövlətin böyüklüyü ərazisi, əhalisinin sayı ilə deyil, liderinin düşüncəsinin genişliyi ilə ölçülməlidir.

 

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə səsləndirdiyi fikirlər yeni dünya düzəninin daha ədalətli, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, humanizm dəyərlərinə söykənən meyarlar üzərindən qurula biləcəyinin mümkünlüyünü nümayiş etdirir.

 

Bu sözləri Moden.az-a Milli Məclisin deputatı Azər Kərimli deyib.

 

Deputat qeyd edib ki, beynəlxalq təhlükəsizlik arxitekturasının koklu dəyişikliklərə məruz qalması, beynəlxalq hüququn norma və prinsiplərinin aşınması, multilateralizmin, eləcə də sülh və harmoniya üçün vacib olan digər anlayışların təhlükə altına düşməsi beynəlxalq düzəni ciddi şəkildə təhdid edir:

 

“Qeyd edim ki, cənab Prezident artıq uzun illərdir ki, BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası və digər beynəlxalq təsisatların toplantılarında mövcud beynəlxalq təhlükəsizlik mexanizmlərinin yeni çağrışlara cavab vermədiyini, beynəlxalq münasibətlər sistemində islahatların aparılmasının zəruriliyini vurğulayır, ikili standartların, suverenliyin, ərazi bütövlüyünün pozulması hallarının artdığını, aparıcı beynəlxalq təşkilatların qərarlarının icra olunmadığını, yaxud icra prosesində selektiv yanaşma, ikili standartlar tətbiq edildiyini və bütün bunların bəşəriyyəti ciddi təhdidlər qarşısında qoyduğunu bildirir. İstər pandemiya dövründə baş verən hadisələr, “peyvənd millətçiliyi” kimi antihumanist davranışların sərgilənməsi, istərsə də dünyanın müxtəlif bölgələrində baş verən müharibə və qarşıdurmalar, Azərbaycan Prezidentinin illər öncə apardığı dəyərləndirmələrin nə qədər dəqiq olduğunu və cağdaş reallıqları olduğu kimi əks etdirdiyini sübuta yetirir”.

 

Azər Kərimli Azərbaycan Prezidentinin, eyni zamanda beynəlxalq təhlükəsizlik mexanizmlərinin işlək olduğu, beynəlxalq hüququn norma və prinsiplərinin qorunduğu ədalətli dünya düzəninin formalaşması üçün uğurlu islahat modeli təşəbbüsü ilə çıxış etdiyini xatırladıb: “Cənab Prezidentin öz nitqində qeyd etdiyi kimi, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin formalaşmasında fəal iştirak etməlidir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun. BMT Təhlükəsizlik Şurasında bir daimi yer Qoşulmama Hərəkatına verilməli, Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikri də dəstəklənməlidir. Göründüyü kimi, Azərbaycan Prezidentinin BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi, bütövlükdə isə BMT-də islahatların aparılması ilə bağlı təklifləri, daha ədalətli dünya düzəninin formalaşması prosesinə xidmət etməklə yanaşı, həm də bu gün beynəlxalq təhlükəsizlik mexanizmlərinin sıradan çıxmasından, ikili standartlardan əziyyət çəkən bütün ölkələrin mənafeyini əks etdirir. Bu xüsusda, Azərbaycan dövləti öz siyasəti ilə,həmçinin öz liderinin atdığı addımları və təşəbbüsləriylə  qlobal məsuliyyətin necə uğurla dərk edilə, daşına biləcəyinin örnəyini yaradır. Həmçinin sübuta yetirir ki, dövlətlərin böyüklüyü onların ərazisi, əhalisinin sayı ilə deyil, liderlərinin düşüncəsinin genişliyi ilə ölçülməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım