Modern.az

Adam oğrusu Hacı Məmmədovdan təzə xəbərlər var

Adam oğrusu Hacı Məmmədovdan təzə xəbərlər var

Ölkə

7 İyun 2013, 15:19

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında (MTN) monitorinq keçirib. Bu barədə Modern.az-a sözügedən Komitənin sədri Elçin Behbudov məlumat verib. O bildirib ki, 3 nəfər təqsirləndirilən şəxslə təklikdə görüşüb.

E.Behbudov MTN-nin təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq əməliyyat müvəkkili Hacı Məmmədovla da maraqlandığını deyib: “Hacı Məmmədov təkadamlıq kamerada saxlanılır. Televizorla da təmin olunub. Ailə üzvləri də daxil olmaqla heç kimlə görüşmür və telefon əlaqəsi saxlamır. Ailəsi onunla danışmaq istəyəndə imtina edir”. 

Daxili İşlər Nazirliyinin sabiq baş müvəkkili Hacı Məmmədovun tam həkim nəzarətində olduğunu deyən Komitə sədrinin sözlərinə görə, şəkər xəstəliyi olan Hacı Məmmədov əvvəllər dərman qəbul etsə də, indi pəhriz saxlayır.  

“Ümumiyyətlə tək mənimlə yox, ailə üzvləri ilə də görüşmür. Bununla da Hacı Məmmədov yaddan çıxmaq istəyir. Amma belə silsilə qətllər törətmiş insan necə yaddan çıxa bilər? Ailəsi ilə də görüşməkdən imtina edir. Evdən göndərilən azuqələrdən belə, imtina edib. Ona görə də təcridxana tərəfindən ona meyvə, meyvə şirəsi verilir. Həmçinin ona balıq da verilir. Mənə bildirdilər ki, Hacı Məmmədovun səhhətində elə bir ciddi problem yoxdur”, – deyə Elçin Behbudov bildirib.   

Hacı Məmmədov və daha 26 nəfər çoxsaylı qətllər törətməkdə və adam oğurluğunda ittiham olunaraq həbs ediliblər. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili olmuş banda başçısı Hacı Məmmədov həbs edildiyi gündən (2005-ci il martın 10-dan) Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılır. Baxmayaraq ki, onun barəsində çıxarılmış məhkəmə hökmü 2007-ci ildən qanuni qüvvəyə minib.

Gültəkin ƏLƏSGƏR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi