Azərbaycanda növbəti prezident seçkilərinin keçirilməsinə artıq 5 aydan az vaxt qalıb. Prezident seçkilərinə rəsmi start verilməsə də, ölkənin birinci şəxsi olmaq uğrunda mübarizə aparacaq əsas rəqiblər də demək olar indidən bəllidir. Müxalifət düşərgəsində bir neçə partiya sədri namizədliklərini əvvəlcədən elan etəsələr də, hakim Yeni Azərbaycan Partiyası öz namizədini bu gün partiya qurultayında rəsmən elan edib. Bu, hazırki dövlər başçısı, YAP-ın sədri İlham Əliyevdir.
YAP-ın bugünkü qərarından sonra bu il oktyabrın 16-da keçiriləcək prezident seçkilərində iştirak etməyə iddialı olan və namizədliyi irəli sürülən şəxslərin sayı artıb.
Doğrudur, prezidentliyə namizədliyi irəli sürülən iddialı şəxslərdən kimin rəsmi namizəd olaraq seçkilərə qatılacağı Mərkəzi Seçki Komissiyasının müvafiq qərarından sonda yəqinləşəcək. Amma hələlik prezidentliyə iddiasını ortaya qoyan xeyli sima var.
Modern.az saytı bu günədək prezidentliyə namizədliyi irəli sürülən şəxslərin ilkin siyahısını təqdim edir.
1. Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyev
2. Müsavat başqanı İsa Qəmbər
3. Ümid Partiyasının sədri İqbal Ağazadə
4. Hüquq müdafiəçisi Vidadi İsgəndərli.
5. “EL” Hərəkatının sədri Eldar Namazov
6. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev
7. “İctimai Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri İlqar Altay
8. ADP sədri Sərdar Cəlaloğlu
9. KXCP sədri Mirmahmud Mirəlioğu
10. “REAL” Hərəkatının sədri İlqar Məmmədov
11. Azadlıq Partiyasının sədri Əhməd Oruc
12. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
Bir çox siyasi liderlərin – AXCP sədri Əli Kərimli, ACL lideri Rəsul Quliyev, BAXCP sədri Qüdrət Həsənquliyev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı və digərlərinin seçkilərdə namizəd olub-olmayacaqları hələki rəsmi olaraq açıqlanmayıb.
Bütün bunlarla siyasi müstəvidə gedən müzakirələrdə sürpriz namizədlərin də mübarizəyə atılacağı bildirilir.
Bu gün Milli Şuranın sədri seçilmiş kinodramaturq Rüstəm İbrahimbəyovun da namizədliyi gündəmdədir. Milli Şuranın bu gün keçirilən ilk iclasında məhz Rüstəm İbrahimbəyovun namizədliyi ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Modern.az-a açıqlamasında Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürüləcəyini bildirib.
Hətta R.İbrahimbəyovun müxalifətin birləşdiyi Milli Şuranın vahid namizədi olacağı da istisna edilmir.
Yuxarıda qeyd etdiyimiz kimi, indi namizəd olacağını bəyan edən siyasətçilərin namizədliklərinin rəsmi şəkildə qeydə alınıb-alınmayacağı da sual altındadır.
Qeyd edək ki, cari ilin oktyabrın 16-da keçiriləcək prezident seçkilərinə avqust ayında rəsmi start veriləcək.
Anar RÜSTƏMOV