Modern.az

Azərbaycanın xəbərdarlığına Rusiyadan REAKSİYA

Azərbaycanın xəbərdarlığına Rusiyadan REAKSİYA

12 Mart 2023, 13:14

Son vaxtlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə baş verən təxribatlar yenidən müharibə ehtimalını gündəmə gətirib. Qanunsuz erməni silahlı dəstələrinin törətdiyi təxribatların sülhməramlı missiyasını yerinə yetirməli olan rus hərbçilərinin gözü qarşısında baş verməsi Azərbaycanın etirazına səbəb olub. Azərbaycan Müdafiə Nazirliyi Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinə qəti şəkildə xəbərdarlıq edib. 
 

Diqqətə çatdırılıb ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması olaraq qəbuledilməz haldır və dərhal dayandırılmalıdır.


 
"Bu kimi əməllərə dərhal və birdəfəlik son qoyulmasa, Ermənistanın və qanunsuz erməni hərbi ünsürlərinin Azərbaycanın suveren ərazilərində törətdikləri hərəkətlərin qarşısını almaq məqsədilə Azərbaycan tərəfi zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır", - Müdafiə Nazirliyi bəyan edib.


 
Azərbaycan tərəfinin rəsmi xəbərdarlığına Rusiyanın cavabı necədir?

 

 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Modern.az-a açıqlamasında bildirib ki, problemlərin aradan qaldırılması üçün Azərbaycan və Rusiya arasında münasibətlər daha da güclənləndirilməlidir.

 

“Sülhməramlılar öz vəzifələrini rəsmi qaydalara uyğun yerinə yetirir. Ola bilsin ki, hər iki tərəf onlardan daha çox nəsə tələb edir. Amma onların əhatə dairəsi çox məhduddur. Azərbaycanla strateji tərəfdaşlıq aradan qalxmayıb, bunu daha da gücləndirmək olar. Bura hərtərəfli tərəfdaşlıqla bərabər Qarabağ üzrə də yüksək tərəfdaşlıq daxildir. Azərbaycan və Rusiya əməkdaşlığı Qarabağda güclü olmalıdır. Bununla yanaşı Azərbaycanın KTMT-yə daxil olması məsələsi yenidən aktuallaşa bilər”, - deyə rusiyalı politoloq vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı